Elmar Məmmədyarov çox təcrübəlidir, münaqişə tərəflərinə bələddir- EKSPERT



Fransa və Azərbaycan xarici işlər nazirlərinin görüşündən böyük dəyişikliklər gözlənilmir.

Bunu Sherg.az-a xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfərindən gözləntiləri şərh edən politoloq Tofiq Abbasov söyləyib. 

Onun sözlərinə görə bu görüşlər işçi xarakteri daşıyır: 

"Görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyətinin müzakirəsi nəzərdə tutulur. Amma deyim ki,danışıqlar çərçivəsində qlobal gündəm daha ön planda olacaq. Amerikanın gələcəkdə Yaxın Şərq problemi ilə bağlı dəyişikliklərinin müzakirə olunacağı daha realdır”.

T. Abbasov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün həll olunması vacib olan köklü problemdir. Lakin münaqişənin öz həllini tapması üçün realist mövqedən çıxış etmək, gələcək perspektivləri düzgün qiymətləndirmək lazımdı: 

"Bu səbəbdən belə görüşlərin keçirilməsi də əhəmiyyətlidir. Bütün müzakirələrdə Azərbaycanın əsas qayəsi budur ki, qlobal səviyyədə münaqişəni gündəmdə saxlayıb, problemin ərazi bütövlüyü çərçivəsində həllində bütün imkanlardan istifadə etsin. Çalışmalıyıq ki, həmsədr və ya üzv dövlətlərin Azərbaycanla yaxşı münasibətləri qorunsun. Xarici işlər naziri Elmar Məmmədyarov bu proseslərdə çox təcrübəlidir və münaqişənin tərəflərinə bələddir. Paris görüşləri və ümumilikdə belə müzakirələr isə ikinci dərəcəli də olsa, onlardan qaçmamaq lazımdır”.

Qeyd edək ki, 17 noyabr 2016-cı il tarixində xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyrol ilə görüşəcək. Görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Dağlıq Qarabağ  münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti müzakirə olunacaq.

Aysel Aslan