Elmi islahatları necə aparmaq olar?

Əhməd Qəşəmoğlu: "Gürcü alim dostum var, dedi ki, siz bizim səhvləri təkrarlamayın"
Kamran Əsədov: "ABŞ-da alimin məqaləsinə pul verirlər, bizdə isə alim məqaləsini çap etdirmək üçün pul verir"


Azərbaycan Milli Elmlər Akademiyası islahatlara hazırlaşır. AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən islahatlara başlanacaq. AMEA-da idarəetmənin daha da təkmilləşdirilməsi, elmin daha effektiv nəticələr verməsi üçün zəruri islahatların aparılması üçün müəyyən təkliflər paketi hazırlanır və müxtəlif variantlar gözdən keçirilir. Elm adamları arasında AMEA-nın islahatlara başlamasını elmlə təhsilin vəhdətində görənlər, elmin inkişafını təhsillə bağlayanlar da var.

Məsələ ilə bağlı fikirlərini «Şərq»lə bölüşən iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu isə AMEA-nın fəaliyyətini yüksəltməyin yollarından danışdı:

- Problem bundadır ki, hamı ideya verir, problemin həllinə kömək edəcək mexanizmlərdən danışılmır. Elmlə təhsilin vəhdəti vacibdir, amma baxır, bunu kim necə görür. Məsələyə daha dərindən yanaşılmalıdır. Elm də, təhsil də məqsəd deyil, vasitədir. Məsələyə bu istiqamətdən baxmalıyıq. Məqsəd də aydındır; ölkəmizin inkişafı. Elmlə təhsilin vəhdətindən danışanda Qərb ölkələrini, dünyanın aparıcı təhsil ocaqlarını tez-tez misal çəkirlər, filan universitetin elmi-tədqiqat müəssisəsi var, orada böyük alimlər çalışır… və sairə. Ancaq gəlin bu təhsil müəssisələrinin büdcəsinə baxaq. ABŞ-da, İngiltərədə elə təhsil müəssisələri var ki, onların illik büdcəsi bizim ölkənin büdcəsi qədərdir. Biz Qərbdəki praktikanı özümüzdə tətbiq etməyə hazırıqmı? 

Məşhur gürcü alim var, Papava. Mənim də dostumdur. O, Azərbaycanda səfərdə olub. Çıxışı zamanı dedi ki, Gürcüstan irəli düşmək istəyirdi, əksinə, geri düşdü. Gürcüstanda Elmlər Akademiyasının institutlarını universitetlərə birləşdirdilər, qısa müddət sonra isə anladılar ki, səhv ediblər. Çünki bu prosesə hər iki tərəf hazır olmalıdır. Və dedi ki, siz bizim səhvimizi təkrarlamayın. Ona görə də mən deyirəm ki, biz Qərb dövlətlərinə yox, ilk növbədə yaxın qonşularımıza, MDB dövlətlərinə baxmalıyıq. Görək elmlə təhsilin vəhdəti olan yerlərdə hansı nəticələr əldə edilib, müsbət nəticələr çoxdur, yoxsa mənfi. Dəqiq araşdırmalar aparılmadan tələsik qərar vermək yanlışdır.

Mən dəfələrlə bildirmişəm ki, ciddi elmi tədqiqatların aparılmasında, ümumilikdə ölkənin elmi tərəqqisində AMEA generator rolunu oynayır. Yəni əslində, belə olmalıdır. Bizim universitetlər daha çox tədrislə məşğuldur. Alimləri tədrisəmi cəlb etməliyik? Alimlər də bilmir, onları niyə universitetlərə yönəldirlər, nə edəcəklər, onların qarşısına qoyulan tələb nədən ibarətdir? Tədrisin keyfiyyətinin yüksəldilməsinəmi çalışmalıdırlar, yoxsa tədqiqat işiyləmi məşğul olmalıdırlar? Nə elm, nə də təhsil birləşə biləcək səviyyəyə çatmayıb hələ. AMEA-nın fəaliyyətini yüksəltməyin 2 istiqaməti var. Birincisi, elmi bazanı inkişaf etdirmək, müasir dünya elmi ilə ayaqlaşmasını təmin etmək. İkincisi, tətbiqi sahəni inkişaf etdirmək. Bunun üçün də elmi təminatı gücləndirmək. Əvvəlcə mexanizmləri tapaq, icrasını həyata keçirək, görək bunu ölkənin gələcəyinə necə bağlayırıq.

Təhsil eksperti Kamran Əsədov isə elm sahəsində köklü islahatlar aparılmasının vacibliyini vurğuladı:


- Belə səhv bir yanaşma tərzi var ki, mən əyləşim elmi-tədqiqat institutunun hansısa otağında, dövlət də mənə pul versin. Aparıcı dövlətlərdə belə hala rast gələ bilməzsiniz. ABŞ-da kiməsə elmlər doktoru olduğuna görə pul verilmir. Elmlər doktoru hansısa universitetdə müəllim kimi çalışırsa, buna görə əmək haqqını alır. Amma o elmlər doktoru yazdığı bir məqalədən 400 dollar ala bilir. Fərq bax, bundadır. ABŞ-da alimin məqaləsinə pul verirlər, bizdə isə alim məqaləsini çap etdirmək üçün pul verir. Türkiyədə elmlər doktorları manat hesabı ilə 1500 alırlar. Amma mühazirələr oxuyurlar, buna görə qonorar alırlar. Sizə bir nümunə göstərim. 

Azərbaycan Dillər Universitetinin prorektoru Əfqan Abdullayev bəzən bir həftəlik hansısa ölkəyə səfərə gedir, mühazirə oxuyur, bunun müqabilində pulunu alır. Yəni, insan istəsə, səy göstərsə və buna biliyi, istedadı yol verirsə, qazana bilir. Təsəvvür edin ki, AMEA-ya dövlət büdcəsindən 6 milyon manat ayrılır. Bu, kifayət qədər böyük məbləğdir. Amma AMEA bu pulu nəyə sərf edir? Son illərdə hansı arxeoloji qazıntı aparılıb, hansı ixtira edilib, dünya iqtisadi böhranla çarpışır, iqtisadi tənəzzüldən çıxış yolları ortaya qoyan bir alimimiz varmı? Gərək beyinlər işləsin və ölkəyə pul gətirsin. Yoxsa ki, mən oturum yerimdə, dövlətdən də pul tələb edim, elmi belə inkişaf etdirmək olmaz.

Məlahət Rzayeva