“Elşad Miri ilahiyyatçı deyil”

“Qurani-Kərim” müqəddəs və əzəmətli olaraq qalır”



"Bir ayədə buyrulur ki, "Qurani-Kərim”ə toxunan insanlar yalnız mütəhhər və pak insanlar olmalıdır

İlahiyyatçı Elşad Mirinin "Qurani-Kərim” barədə söylədiyi fikirlər ictimaiyyətdə birmənalı qarşılanmayıb. Onun sözlərinə görə, Qurana hər kəs toxuna bilməlidir. Toxunanda nə yazıldığını görməli, şahidi olmalı, Quran onun stolüstü kitabına çevrilməlidir.

"Bu, Quranı adiləşdirmir” sualına cavab olaraq ilahiyyatçı bildirib ki, "Qurani-Kərim”in heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayə yoxdur: "Biz bu gün bir sorğu keçiririk, yəqin ki, yaxın vaxtlarda hazır olar, öz kanalımda yayımlayacam onu. Təsəvvür edin ki, üzərində Azərbaycan dilində müqəddəs kitab yazılan bir kitab var. Müqəddəs kitab dediyiniz indi Tövratdır. "Qurani-Kərim”in heç bir ayəsində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz”.
Qeyd edək ki, ilahiyyatçının bu fikirləri böyük söz-söhbətə səbəb olub. Əksər din xadimləri E.Mirinin fikirləri ilə razılaşmayıblar.
İlahiyyatçı Hacı Atif İsmayılovun "Şərq”ə açıqlamasında deyib ki, Elşad Miri hər hansı bir yeniliyi Azərbaycan cəmiyyətinə gətirmək istəyir. A.İsmayılov bildirib ki, müsəlman ümmətinin ən böyük nöqsanı "Qurani-Kərim”i nazil olduğu dildə oxuya bilməməkdir: "Quranı nazil olduğu dildə oxumamaq müsəlman ümməti üçün bir növ naqislik, eyib sayılır. Eyni zamanda bir çoxları "Qurani-Kərim”də nazil olunmuş hər hansı bir məsələni öz həyatında tətbiq etmir. Müsəlmanların bu nöqteyi-nəzərdən hansı ölkədə olur olsun Qurandan uzaq düşmələri onların bir çox həqiqətdən uzaq qalmalarıdır.
Təbii ki, bu mövzuda E.Miri çox yanlış məlumat verir. "Qurani-Kərim”də bir çox ayələrdə Allah özü buyurur ki, "Qurani-Kərim” çox əzəmətlidir və Quranın əzəməti, hörməti, hikməti həddindən artıq alidir”. Hətta bir ayədə buyurur ki, "Qurani-Kərim”ə toxunan insanlar yalnız mütəhhər və pak insanlar olmalıdır. Burda da paklıq deyəndə 2 şey nəzərdə tutulur. Mənəvi və cismi paklıq.
Bəli, bugünkü gündə "Qurani-Kərim” bütün müsəlman ümmətinin istifadə edəcəyi kitab olmalıdır. Stolüstü kitab yəni, insan gündəlik həyatını "Qurani-Kərim”lə qurmalıdır. Hətta Allah-Təala Quranda belə bir ayəyə toxunub - "Hər kim Allahın zikrindən üz döndərərsə, onun yaşayışı çətin ola bilər, hər kim Allahın Quranından üz döndərərsə, Quranına yaxın düşməzsə, onun həyat davranışı mənəvi baxımdan çətin olar”. Düşünürəm ki, bizim bir çox din xadimlərimiz, ruhanilərimiz Elşad Mirinin "Quran adi bir kitabdır, müqəddəs deyil” deməsinə tutarlı bir cavab veriblər. Elşad Miri kimi şəxsiyyətlərin fikirlərinə cavab verməyin özü qəbulolunmazdır. Şəxsən mən belə düşünürəm ki, E.Mirinin yazdığına cavab vermək, o deməkdir ki, biz onu ilahiyyatçı kimi dəyərləndiririk. Onun bütün fikirlərinə cavab vermək məcburiyyətində deyilik, bu onun şəxsi fikirləri və anlayışıdır. "Qurani-Kərim” müqəddəs və əzəmətli olaraq qalır”.

Yeganə Bayramova