“Elşən Paşayevin ağzını tikməsi ilə bağlı ortada konkret faktlar yoxdur”

“Əgər doğrudan da məhbus ağzını iynə ilə tikibsə belə, bunun səbəbləri bizə məlum deyil”
Martın 2-dən 1 saylı cəzaçəkmə müəssisəsində ağzını iynə ilə tikərək aclıq aksiyasına başlayan məhbus Elşən Paşayevin anası oğlunun vəziyyətinin ağırlaşmasından narahatdır. Oğlunun sağlamlıq durumu ilə bağlı Penitensiar Xidmətdən heç bir məlumat ala bilmədiyini vurğulayan Lida Mirzəliyeva onu oğlu ilə görüşə buraxmadıqlarını da deyib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə həbs edilən Elşən Paşayev 12 il müddətinə məhkum edilib və cəzasının artıq 10 ilini çəkib. Paşayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib. Onun müraciətinə fevralın 24-də baxılıb. Cəzaçəkmə müəssisəsi ona müsbət xarakteristika verməyib. Oğluna qarşı ittihamın düzgün verilmədiyini deyən məhbus anasının iddiasına görə, Ölüxananın (Morq) kitabında həmin şəxsin spirtli içkidən vəfat etdiyi yazılıb. L.Mirzəliyeva müxtəlif instansiyalara şikayətlər etsə də, onun müraciətləri nəzərə alınmır.
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən məhkum aclıq aksiyası keçirməsi ilə bağlı müəssisə rəhbərliyinə ərizə ilə müraciət etməyib: "Məhkum Paşayev Elşənin fiziki durumu və sağlamlığı ilə bağlı problemi yoxdur və aclıq aksiyası keçirməsi barədə məlumatlar həqiqəti əks etdirmir”.
Lida Mirzəyeva isə öz növbəsində Penitensiar Xidmətin Elşən Paşayevin aclıq etməməsi və sağlamlıq durumunun normal olması ilə bağlı məlumatının düzgün olmadığını bildirib: "Oğluma tibbi yardım edilib-edilməməsi barədə də məlumat vermirlər. Xahiş edirəm ki, oğlumla görüşümə şərait yaratsınlar, ona yalvarım aclığı dayandırsın, ölməsin”. Məhbus anası ailəsinin vəkil tutmağa imkanı olmadığını, oğlu həbs ediləndən sonra özünün və qızının xəstəlik tapdığını
deyib: "Oğlum şərlənərək həbsdə olduğu 10 il müddətində 47 dəfə baş prokurorun qəbulunda olmuşam. Qızımla birgə özümüzü yandırmışıq. Venalarımızı kəsmişik, mənim venama 67, qızımın venasına 18 tikiş qoyulub”. Ana oğlunun günahının olmadığını və işə yenidən baxılmasını vacib sayır: "Hökumətdən, Azərbaycanın qeyrətli analarından, sözü keçən xanımlarından acizanə xahiş edirəm ki, oğlumun ölümdən xilasında mənə dəstək olsunlar”.
Elşən Paşayevin ağzını tikərək aclıq aksiyasına başlaması ilə bağlı məlumatsız olduğunu deyən Azərbaycanda Penitensiar Xidmətə İctimai Nəzarət Komitəsinin üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı da deyib ki, məhkumun aclıq aksiyasına başlaması ilə bağlı Penitensiar Xidmətdə məlumat yoxdursa, məhkumun ailəsi, yaxınları müraciət edib, onun taleyi ilə maraqlana bilərdilər. Belə bir müraciət olmadığı üçün konkret heç nə deyə bilmərəm.
Məlumunuzdur ki, son aylar ərzində ölkənin müxtəlif cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslar arasında etiraz faktları artıb.
14 saylı cəzaçəkmə müəssisəsində baş verən olaylardan sonra 1 saylı cəzaçəkmə müəssisəsində də məhkumun aclıq aksiyası keçirməsi bu sahədə müəyyən problemlərin olduğuna işarədir. Bəs görəsən, cəzaçəkmə müəssisələrində nə baş verir? Doğrudan da məhkumlara qarşı işgəncə, qeyri-insani rəftarlar göstərilir?
14 saylı cəzaçəkmə müəssisəsində baş verənlərlə Elşən Paşayevin ağzını tikərək aclıq aksiyası keçirməsini eyniləşdirilməsini düzgün olmadığını vurğulayan Komitə üzvü deyib ki, bu hadisələrin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Daha doğrusu, Elşən Paşayevin ağzını tikməsi ilə bağlı ortada konkret faktlar da yoxdur: "Əgər doğrudan da məhbus ağzını iynə ilə tikibsə belə, bunun səbəbləri bizə məlum deyil. Bilirsiniz ki, cəzaçəkmə müəssisələri qapalı bir sistemdir və orada müxtəlif psixoloji durumda olan insanlar cəza çəkirlər. Baş verənlərin isə səbəbləri bəlli olmadan kimisə ittiham etmək doğru deyil. Axı bizə məlum deyil ki, sözükeçən məhkum nəyə etiraz olaraq ağzını tikib. Bu mənada bu hadisə ilə 14 saylı cəzaçəkmə müəssisəsində baş verənləri əlaqələndirməyin əleyhinəyəm”.
Ümumilikdə, cəzakəçmə müəssisələrindəki vəziyyəti dəyərləndirən S.Bənənyarlı monitorinqlər zamanı məhbuslara qarşı işgəncə və qeyri-insani rəftarın şahidi olmadıqlarını deyib: "Biz məhbuslarla ünsiyyətdə olub, onlarla söhbət edir, problemlərini dinləyirik. Məhbuslara qarşı birbaşa işgəncə faktı ilə bizə heç bir müraciət olunmur”.
Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin fəaliyyəti ilə bağlı deyilən tənqidi fikirlərə toxunan hüquq müdafiəçisi müəyyən mənada bu fikirlərlə razılaşdığını deyib: "Öz adımdan deyə bilərəm ki, cəzaçəkmə müəssisələrinə baş çəkib, məhbusların problemləri ilə maraqlanmaq məsələsini bir qədər azaltmışam. Təbii ki, bunun da obyektiv səbəbləri var. Bunun bir səbəbi də bizə olunan müraciətlərin azalması ilə bağlıdır. Hər hansı cəzaçəkmə müəssisəsi və orada cəza çəkən məhbusla bağlı bizə müraciət ünvanlandığı zaman biz dərhal hərəkətə keçir, monitorinqlərə başlayırıq. Əgər bu gün cəzaçəkmə müəssisələri ilə bağlı monitorinqləri təxirə salmışıqsa, bu bizim fəaliyyətsizliyimizə dəlalət vermir. Sadəcə olaraq, cəzaçəkmə müəssisələrinin saxlanma şəraiti və oradakı məhbuslara qarşı işgəncə, qeyri-insani rəftarlarla bağlı hansısa məhbus və ya məhbus yaxınları tərəfindən bizə şikayət daxil olmadığı üçün buna bir o qədər də ehtiyac duymuruq. Təbii ki, müraciət olduğu təqdirdə biz əlimizdən gəldiyi qədər problemin həllinə çalışırıq”.
Şəymən