Ekspertlər arzu edir ki, proses yarımçıq saxlanılmasın
Əməliyyat uğurludur...
“Reket jurnalistikası”na qarşı proses davam etdirilməlidir
Ekspertlər arzu edir ki, proses yarımçıq saxlanılmasın
Ekspertlər arzu edir ki, proses yarımçıq saxlanılmasın
"Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs olunan reket
jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olublar”.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev son günlər "reket jurnalistlərə” qarşı keçirilən əməliyyatlar barədə danışarkən deyib. General bildirib ki, həbs olunanlar müəyyən vaxtlarda vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar: "Reket jurnalistlər bu cür videogörüntülərlə həmin şəxslərdən pul tələb ediblər. Bununla bağlı DTX-də cinayət işi qaldırılıb, məsələyə hüquqi qiymət veriləcək”.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının "reket”liklə məşğul olan
jurnalistlərə qarşı apardığı əməliyyatlar davam etdirilir. Artıq "Gündəlik Bakı”, "Bizim dövr” və
"Cəmiyyət” qəzetinin baş redaktorları və əlavə bir neçə nəfər saxlanılıb. Media ekspertlərinə görə,
qurum tərəfindən həyata keçirilən əməliyyatlar keçmiş MTN-dəki cinayətkar qruplaşmanın tərkibinə
daxil olmuş "reket jurnalistlərə” qarşı aparılan miqyaslı mübarizənin tərkib hissəsidir. Mətbuat
nümayəndələrinin fikrincə, bu cür fəaliyyətlə məşğul olanlara "dayanın” deməyin vaxtı çatıb. Çünki
həmin şəxslər özlərini "jurnalist” kimi təqdim edərək reketliklə məşğul olub və vicdanlı jurnalistləri
ləkələyiblər. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da reketlərə qarşı mübarizəni
alqışlayıb. Sədr vurğulayıb ki, bu cür əməliyyatlar mətbuatı sağlamlaşdıracaq: "Həbs edilən baş
redaktorlar və onlarla birgə saxlanılanların əməlləri istintaqla sübut ediləcəksə, onlar layiq olduqları
cəzanı alacaqlar”.
Azərbaycanda "reket mediaya” qarşı tədbirlər uzun müddətdir ki, görülməyə başlanılıb. Əvvəllər bu
cür tədbirlər Mətbuat Şurası vasitəsilə, ictimai qınaq şəklində həyata keçirilirdi və müxtəlif qara
siyahılar tərtib olunub. Hazırda həyata keçirilən tədbirlər isə onu deməyə əsas verir ki, dövlət
qurumları "reket jurnalistlərə” qarşı ciddi ölçü götürmək niyyətindədir. O baxımdan əməliyyatlar
həm həqiqi media nümayəndələri, həm də ictimaiyyət tərəfindən təqdir olunur və dəstəklənir.
Mövzu ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər
Həsrət deyib ki, reketlərin fəaliyyət qayəsini həqiqi jurnalistika təşkil etməyib. Onlar təmiz
medianın adından hər zaman sui-istifadə ediblər: "Məqsədli şəkildə jurnalistika sahəsinə soxularaq,
öz çirkin məqsədlərini həyata keçiriblər. Konkret olaraq insanları şantaj edərək pul toplayıblar. Biz
dəfələrlə vurğulayırdıq ki, dövlətin məsələyə əl qoyması, ciddi tədbirlər həyata keçirməsi olduqcazəruridir. Çünki bu mübarizədə Mətbuat Şurasına dəstəyin verilməsi vacib idi. Amma təəssüflər olsun ki, məlum səbəblərdən keçmiş təhlükəsizlik strukturu çağırışlarımıza hay vermirdi. Bu
səbəbdən həmin adamlar daha da əl-qol açır, jurnalist adı altında hər cür əxlaqsızlığa yol verirdilər.
İndi Dövlət Təhlükəsizlik Xidmətinin atdığı addımlar tərəfimizdən dəstəklənir. Çox istərdik ki,
proses yarımçıq saxlanılmasın. Yəni "bu kiminsə adamıdır, o kiminsə dostudur” kimi yanaşmalarla
cinayət törədənlər prosesdən kənarda qalmasın”.
A.Həsrət bildirib ki, ümumiyyətlə, jurnalistika sahəsində sui-istifadə hallarına yol verən hər kəs aşkarlanıb layiqli cəzasını almalıdır: "Biz media olaraq prosesi alqışlayırıq, dövlətimizin atacağı hər addımın arxasındayıq. Ümid edirik ki, həmin adamlar medianın içindən təmizlənəndən sonra cəmiyyət içinə çıxaraq özümüzü jurnalist kimi təqdim edəndə utanmayacağıq. Dəfələrlə məndən harada işlədiyimi, nə iş gördüyümü soruşublar. Bəzən jurnalist olduğumu deməkdən çəkinmişəm. Çünki bilmişəm ki, soruşan adamların jurnalistikadan sui-istifadə edən həmin şəxslərlə bağlı neqativ məlumatları var. Ehtiyat etmişəm ki, əgər mən də jurnalist olduğumu söyləsəm, onlardan biri olduğumu düşünəcəklər. Təmizlənmə prosesi başa çatdırılacağı təqdirdə normal və vicdanlı jurnalistika ilə məşğul olan insanlar fəxrlə, qürurla "mən jurnalistəm” deyə biləcəklər”.
Əməliyyatlarla bağlı "Şərq”ə fikirlərini bölüşən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin
Mirzəbəyli də deyib ki, reketlər özlərini jurnalistikaya zorla dürtüblər: "O insanlar mahiyyət etibarı
ilə əsl cinayətkardırlar. Onların fəaliyyətində cinayət amili açıq-aşkar görünür. "Reket jurnalistika”
ilə bağlı Mətbuat Şurası uzun müddətdir mübarizə aparır. Ancaq ictimai qınaq o adamlara təsir
göstərir ki, onların azacıq da olsa vicdan hissi var və bunun məsuliyyətini dərk edirlər. Vicdanı
olmayan, vətən, millət, xalq və dövlət anlayışını tanımayan, hər şeyi maddi maraqları çərçivəsində
görən şəxslərdə ictimai qınaq effekt vermir. Bu mənada onların həqiqi jurnalistikaya heç bir
aidiyyəti yoxdur”. Baş redaktor bəyan edib ki, o şəxslərin əsl simasını, kimliyini 2006-cı ildə şəxsən
görüb: "Həmin vaxt qəzetimizdə çalışan jurnalist Aybəniz Vəlixanlını "Azərnəşr”də reketliklə
məşğul olan "media” qurumları barədə reportaj hazırlamağa göndərmişdik. O adamların gizli
şəkildə diktafona yazılmış səsləri də var idi. Orada jurnalist xanıma müxtəlif şantaj üsulları təklif
olunurdu. İndi ifşa olunan şəbəkənin törətdiyi əməllərdə iştirakçı olmaq təklifi irəli sürülürdü.
Həmin mətni bütövlükdə dərc edəndən sonra bizə qarşı güclü qaralama kampaniyası başlanıldı.
Əgər Mətbuat Şurasının dəstəyi olmasaydı, onların qarşısında dayana bilməzdik. Çünki həmin
qruplar ciddi şəkildə şəbəkələnmiş, müəyyən qüvvələr tərəfindən müdafiə olunan dəstələr idi. O cür
adamların Azərbaycan mediasına iddia etməsi, mətbuatımıza ləkə gətirir, bizim başımızı aşağı
salırdı. Halbuki onların bizə heç bir aidiyyəti yox idi”. E.Mirzəbəylinin sözlərinə görə,
Azərbaycanda yüzlərlə mənəviyyatlı, vicdanlı, dövlətinə xidmət edən, azad sözün keşiyində duran
insanlar var. Lakin jurnalistikanın peşə etikasına əməl etməyən bir qrup şəxsin fəaliyyəti sayəsində
həqiqi mediaya qarşı da müəyyən neqativ təzahürlərin meydana çıxdığını görürdük: "Onların
qanunsuz fəaliyyəti mətbuatın bütövlükdə imicinə təsir göstərən amil idi. Bu şəbəkənin ifşa edilməsi
bütövlükdə medianın təmizlənməsinə və cinayətkar qrupların sıradan çıxmasına səbəb olur. Eyni
zamanda bu proses Azərbaycan mətbuatının nüfuzunun bərpa edilməsinə xidmət göstərir. Ona görə
də ilk gündən "Xalq Cəbhəsi” olaraq əməliyyatlara dəstək vermişik. Bundan sonra da dəstəyimizi
mütəmadi olaraq verəcəyik. O şəxslər ki, Azərbaycan mətbuatının adına ləkə gətirirlər, onlara
aramızda yer yoxdur”.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu da bildirib ki, həbslər
reketçiliklə məşğul olmaq istəyənləri bu yoldan çəkindirəcək: "Jurnalist sözünün qabağında "reket”
ifadəsi işlətməyə son qoymağın vaxtı çoxdan çatıb. Məlum problemə qarşı bu günə qədər fərqli üsul
və vasitələrlə mübarizə aparılıb. Ancaq təəssüf ki, bu vaxta qədər nə problem həll edilib, nə də
leksikonumuzdan "reket jurnalist” termini təmizlənib. Ancaq bu, o demək deyil ki, reket
jurnalistlərə qarşı mübarizə üsulları düzgün seçilməyib, ya da effektiv olmayıb. Ötən illər ərzində
ictimai qınaq, əməldən çəkindirmə, müxtəlif yollarla cəzalandırma, Mətbuat Şurasının qara
siyahısına salınma və s. kimi çoxsaylı cəza mexanizmləri vasitəsilə xeyli dərəcədə reket jurnalistyenidən tərbiyə edilərək Azərbaycan mediasına qazandırılıb. Çünki məqsəd bu məslək sahiblərini birdəfəlik media məkanından silmək yox, onları doğru yola dəvət etmək olub. Düşünürəm ki, bu metod özünəməxsus sosio-pedaqoji metod olmaqla kifayət qədər təsirli olub.
Ancaq problem tam həll edilmədiyi üçün ölkəmizin hüquq-mühafizə orqanları bəzi məcburi
tədbirlər görmək zorunda qalıb: "Bəzən xəstəlik elə həddə qədəm qoyur ki, onu sadəcə amputasiya
etməklə aradan qaldırmaq mümkün olur. Son hadisələr də profilaktika mərhələsini çoxdan keçən,
yalnız cərrahi müdaxilə ilə müalicə edilə bilən məsələdir. İstər milli media mənsublarımıza, istərsə
də Azərbaycan ictimaiyyətinə dəqiq bəllidir ki, həbs edilən şəxslər kimlərdir və onların
jurnalistikaya nə dərəcədə dəxli var. Ona görə də düşünürəm ki, bu qəti tədbir bundan sonra
reketçiliklə məşğul olmaq istəyənlərə yaxşı bir nümunə olacaq, onları bu yoldan çəkindirəcək.
Məncə, artıq doğrudan da jurnalist sözünün qabağında "reket” sözü işlənməməlidir. Buna son
qoyulmağın vaxtıdır. Hamımız çətin və fədakar peşə olan jurnalist peşəsinin nüfuzunun
qorunmasına çalışmalıyıq. Axı dövlətimiz və cəmiyyətimiz bizə hər cür qayğı göstərməklə bu milliintellektual institutun inkişafı üçün əlindən gələni edir. Biz də buna layiq olmalıyıq”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb