Əminin ata ocağına əl uzadanlar...

Fazil Mustafa: "Məndən olsa barelyefi oğurlayanlara 15 gün müddətinə Rəsulzadənin əsərlərini oxumaq cəzası verərdim"
Faiq Ələkbər: "Burada əsas məqsəd Məhəmməd Əmin Rəsulzadənin adından sui-istifadə edərək, insanların şüurunda qarışıqlıq yaratmaqdır"


Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evinə vurulan bürünc barelyefi oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqələrindən aşkar olunaraq maddi sübut kimi götürülüb”.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Rəsulzadənin barelyefinin oğurlanmasının xoşagəlməz hal olduğunu vurğulayan millət vəkili Fazil Mustafa deyib ki, əgər bunu kimlərsə siyasi xarakterli bir linç əməliyyatı olaraq düşünüblərsə, bu, eyni zamanda, Rəsulzadənin 130 illik yubileyini xüsusi sərəncamla dövlət tədbiri kimi keçirmiş ölkə prezidentinin siyasi iradəsinə qarşı olan bir davranış sayılmalıdır.

Sağ olsun polislərimiz, insanların haqlı narahatçılığına vaxtında son qoydular. Ancaq bu informasiyanın bir mənəviyyat təftişinə əşədü ehtiyac var.

Birincisi, həmin Novxanıda körpələr evi deyilən yer böyük Məhəmməd Əmin Rəsulzadənin doğulub boya-başa çatdığı ocaqdır, burada onun ev muzeyi əvəzinə hələ də körpələr evi fəaliyyət göstərir. Oğruların ağlı olsa, ifadə verərlər ki, məhz böyük Rəsulzadəyə bu cür münasibətə görə barelyefi oğurlayaraq məsələyə diqqət yönəltmək istəmişik. İkincisi, oğrularımız da ibtidai təhsilsiz və dəyərtanımazdırlar, oğurlanmalı o qədər mənasız barelyeflər olduğu halda gəlib ilişiblər Azərbaycan dövlətinin qurucusunun kasıb bareleyfinə.

Üçüncüsü, bu bareleyfi qəbul edən metalalma məntəqəsində də oturan adamlar aldıqları malın üzərini də oxuyub Rəsulzadənin kimliyi barədə düşünməyi bacarmayıblar. Dördüncüsü, heç şübhəsiz, saxlanılan şəxslərin davranışları incələndiyində məlum olacaq ki, onların arasında narkomanlar var və bu berelyefi ya narkotik, ya da spirtli içki almaq məqsədi ilə oğurlayıb metal kimi satışa veriblər. Bu da bölgələrdə narkomaniya və işsizlik probleminin nə qədər ciddi fəsadlar törədə biləcəyinin bir nümunəsidir.

Beşincisi, sözümü eşitsəydilər, xahiş edərdim ki, Rəsulzadənin barelyefini oğurlayanları yenicə ləğv olunmuş kitabxanaların birinə qatıb 15 gün müddətində Rəsulzadənin əsərlərini oxuma cəzası verərdilər. Böyük Rəsulzadə əminəm ki, barelyefinin oğurlanmasına görə kimsəni həbs etdirməzdi, lakin oxumağa, öyrənməyə məcbur edərdi. Altıncısı isə oğurluq çox pis şeydir. Ancaq maddi sübut kimi götürülmüş barelyefin qalıqları əminəm ki, yaxın zamanlarda Rəsulzadənin ata ocağında yaradılmış muzeyin ilk eksponatı olacaq. Evin yaxınında da böyük və işıqlı körpələr evi inşa ediləcək. Bu körpələr evində Rəsulzadənin evindən oğurluq edən uşaqlar deyil, elmindən, şəxsiyyətindən, yolundan öyrənən uşaqlar yetişəcək”.

Fəlsəfə üzrə fəlsəfə doktoru, tarixçi-alim Faiq Ələkbər isə Rəsulzadənin barelyefinin oğurlanmasını təxribat hesab edir. Alimin fikrincə, burada əsas məqsəd Məhəmməd Əmin Rəsulzadənin adından sui-istifadə edərək, insanların şüurunda qarışıqlıq yaratmaqdır: 

"Əslində Novxanı bələdiyyəsi tərəfindən verilən məlumatlardakı ziddiyyətli məqamlar da məhz içimizdəki xoşagəlməz ünsürlərin ikibaşlı oyunlar oynamasıdır. Məncə, Novxanı bələdiyyəsinə lazım deyil ki, özləri və hakimiyyət üçün problem yaratsınlar. Bu işi təşkil edənlər Rəsulzadənin adının, onunla bağlı olan hər bir şeyin Azərbaycan cəmiyyəti üçün həssaslığını yaxşı bilirlər. 

Bu anlamda Rəsulzadənin barelyefinin birdən-birə yoxa çıxması, özü də bələdiyyənin açıqlamasından sonra param-parça olmuş şəkildə meydana çıxması təsadüfi ola bilməz. Bununla da anti-Azərbaycan qüvvələr öz ağıllarına görə guya hakimiyyətin Rəsulzadəyə qarşı münasibətini ortaya qoymaq istəyirlər. Halbuki, Azərbaycan hakimiyyəti daxilində Rəsulzadənin dəyərini bilən və ona layiqli münasibət göstərən kifayət qədər insanlar vardır. Sadəcə, hakimiyyət və müxalifət daxilində bəzən bir neçə insanın Rəsulzadənin adını şəxsi maraqlarına görə yanlış yerə yozmaları yolverilməzdir. Çünki anti-Azərbaycan qüvvələr bu kimi yanlış yozumlardan sui-istifadə edirlər”.

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində olan evinin qarşısındakı barelyefin oğurlanması ilə bağlı polisə müraciət daxil olan zaman Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev mətbuata açıqlama verərək barelyefin köhnəldiyini, yenisi ilə əvəzləmək üçün bələdiyyə tərəfindən çıxarıldığını söyləmişdi.

Şəymən