“İndi biz bütün səlahiyyətləri bir ələ cəmləmişik. Müəllim 11 il şagirdə dərs deyir, amma ondan imtahan götürmə səlahiyyəti yoxdu”
Ən böyük nöqsan aralıq imtahanlarının ləğv edilməsi oldu
İmtahan qaydalarının tez-tez dəyişdirilməsi yaxşı hal deyil
“İndi biz bütün səlahiyyətləri bir ələ cəmləmişik. Müəllim 11 il şagirdə dərs deyir, amma ondan imtahan götürmə səlahiyyəti yoxdu”
“İndi biz bütün səlahiyyətləri bir ələ cəmləmişik. Müəllim 11 il şagirdə dərs deyir, amma ondan imtahan götürmə səlahiyyəti yoxdu”
9-cu sinif üzrə buraxılış imtahanlarının qaydaları dəyişdi. 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurrikulumları) üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.
Yeni qaydalar Təhsil Nazirliyi və TQDK əməkdaşlarından ibarət işçi qrup hazırlayıb, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sonuncu iclasında müzakirəyə təqdim olunub. Şura üzvləri isə rəy və fikirlərini nəzərə çatdırıblar. Bu qaydalara əsasən 9-cu sinif üzrə buraxılış imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən ibarət olmaqla iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın qiyməti nəzərə alınacaq.
İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək.
Təhsil eksperti Nadir İsrafilov isə "Şərq”ə açıqlamasında imtahan qaydalarının tez-tez dəyişdirilməsinin yaxşı hal olmadığını deyib. Onun sözlərinə görə, dəyişilmiş sistemə şagirdlər və müəllimlər tam uyğunlaşmalıdı. Lakin bu uyğunlaşma əvəzinə çətinliklər yaranır. Dəyişikliklərin yalnız formaca olduğunu deyən ekspert düşünür ki, yeni qaydalar heç də şagirdlərin bilik və bacarığına yaxşı təsir göstərmir: "İmtahan qaydalarının tez-tez dəyişdirilməsinin tam əleyhinəyəm. Belə bir rəy yaranır ki, bütün bu dəyişikliklər təhsil sistemindəki yeniliklərdi. Amma bu ancaq lazımsız forma dəyişikliyidir. Təhsilimizin formasında deyil, məzmununda elə bir dəyişiklik aparmalıyıq ki, bu, təhsilin keyfiyyətinə xidmət eləsin. Ən böyük nöqsan aralıq imtahanlarının ləğv edilməsi oldu. Sovet dönəmində 5-ci sinifdən başlayaraq 5-6 ci sinifdə 2 imtahan, 7-8 ci siniflərdə 3 imtahan, 9-10 cu siniflərdə isə 4 imtahan verilirdi. Beləliklə, bu imtahanlar aralıq imtahanları adlanırdı. Bu zaman imtahanlara qarşı məsuliyyət hiss olunurdu. Həmçinin şagirdlərdə müəyyən təcrübələr yaranırdı. Aralıq imtahanları yığışdırıldı və birdən-birə 8 fənni 2 fənnə saldılar. Sonra isə yenidən qərar verildi ki, imtahanların sayı artırılsın. Mən bunları sadəcə imtahan oyunu oynamaq adlandırıram. Yalnız 2 fənn ilə şagirdlərin biliyini yoxlamaq mümkün deyil. Şagirdlərdə istər-istəməz arxayınçılıq əmələ gəlir. Onlar ancaq Azərbaycan dili və riyaziyyat fənnini oxuyurlar. Təbii ki, riyaziyyat və Azərbaycan dili təməl fənləri hesab olunur. Amma ümumtəhsil məktəbləri bütün fənlər üzrə təhsil verir. Düşünürəm ki, burada ən optimal yol Azərbaycan dili və riyaziyyatın təməl fənn kimi saxlanması və 3-cü fənn kimi hər il digər fənlərin biri-birini əvəzləməsidir. Bu, şagirdlərdə müəyyən məsuliyyət yaradacaq. Onlar bütün fənlərə diqqət göstərəcəklər. Bir sıra ölkələr var ki, imtahanın daha sivil formalarından istifadə edirlər. Ölkəmizdə isə hər il bir dəyişiklik edilməsi sadəcə təhsilimizin keyfiyyətini aşağı salır”.
Həmçinin ekspert sovet dönəmində imtahanların məktəblər tərəfindən keçirilməsini və şagirdlərin proqram materialından xəbərdar olduğunu vurğulayıb: "Əsas məqsəd proqram materialının mənimsənilməsi idi. Proqramda nə olurdusa, onu da tələb edirdilər. İndi isə testləri gizli saxlayırlar, sonra dəyişirlər və əlavə suallar salırlar. 1999-cu ildə İslahat Proqramı qəbul olunmuşdu. Bu, Dövlət İmtahan Komissiyası tərəfindən hazırlanmışdı. Burda ən başlıca prinsip təhsildə demokratikləşmə, humanistləşmə yolu ilə funksiyaların bölüşdürlməsi, səlahiyyətlərin yuxarıdan aşağı paylanması vasitəsilə təhsilin inhisara alınmamasına nail olmaq idi. İndi isə biz bütün səlahiyyətləri bir ələ cəmləmişik. Müəllim 11 il şagirdə dərs deyir, amma ondan imtahan götürmə səlahiyyəti yoxdu. Məktəbin rəhbərini də, müəllimini də biz təyin edirik. Deməli, təyin etdiyimiz pedaqoqa etibarımız yoxdu. Beləliklə, burada həm müəllimin, həm də məktəbin nüfuzu aşağı düşür. Əgər biz humanizmdən və demokratikləşmədən danışırıqsa, özümüzə əlavə problemlər yaratmalı deyilik. İfrat dərəcəsində mərkəzləşdirmə təhsildə demokratikləşməyə mane olan cəhətdir”.
Yeganə Bayramova