"Azərbaycan və Türkmənistanın əlaqələri gündən-günə inkişaf edərək yeni səviyyəyə çatacaq”.
Bunu "Sherg.az”a Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistan səfəri və səfər çərçivəsində imzalanan müqavilələrə münasibət bildirərkən "Qərbi Kaspi" Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib.
Onun sözlərinə görə, Türkmənistan Azərbaycanın Xəzəryanı qonşusudur:
"Türkmənistan enerji ehtiyatları bol olan bir dövlətdir. Ona görə də, bu dövlət enerji layihələrində çox aktiv iştirak edir. Bu kimi məqamlarda və bir çox beynəlxalq sahələrdə Azərbaycan və Türkmənistanın maraqları üst-ütə düşür. Şübhəsiz ki, Türkmənistan Azərbaycanla dostluq və əməkdaşlıqda maraqlıdır. Türkmənistan tərəfinin Azərbaycan Prezidenti İlham Əliyevi səfərə dəvət etməsi də məhz o maraqlardan, əməkdaşlıq istəyindən irəli gəlir.
Lakin düşünürəm ki, hər iki ölkə arasında münasibətlərin daha da sıx olmasına ehtiyac var. Türkmənistanın Azərbaycan kimi Xəzər dənizinə çıxışının olması, dənizdə faydalı qazıntı yataqları istismar etməsi və bir sıra enerji və digər layihələrdə iştirak etməsi məsələləri gündəmə gəlirsə, deməli bu iki dövlət arasında əlaqələr daha da güclənməlidir.
Həmçinin Azərbaycan və Türkmənistan Xəzər dənizində və regionda təhlükəsizliyi təmin edən əsas ölkələrdir. Bu mənada hər iki ölkənin lideri aralarındakı dostluq əlaqəsini daha da möhkəmləndirəcək. Fikrimcə, cənab prezidentin Türkmənistana səfəri bir sıra məsələlərin həllinə öz töhfəsini verəcək. Xüsusi ilə iqtisadi, enerji layihələri və təhlükəsizlik məsələlərində Azərbaycan və Türkmənistanın birgə uğurlarını görəcəyik”.
Qeyd edək ki, ötənlərdə cənab prezident İlham Əliyev Türkmənistana səfər edib. Noyabrın 22-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub. Daha sonra hər iki ölkə başçıları mətbuata birgə bəyanatla çıxış ediblər. Prezidentlərin imzaladığı birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərinin toxunulmazlığına və münaqişənin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu.
Kənan Eynuroğlu