Orada artıq 6 baldan güclü zəlzələ ola bilməz
Təkanların Bakının bütün ərazisində hiss edilməməsi onun mürəkkəb geoloji quruluşu ilə bağlıdır
Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələlərlə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mətbuat nümayəndələri üçün brifinq keçirib. Brifinq zamanı baş direktor zəlzələlər, bölgədəki hazırkı vəziyyət və digər bütün bu kimi suallara aydınlıq gətirib. Qurban Yetirmişli deyib ki, ötən gün İsmayıllıda baş verən zəlzələ nəticəsində yaranan çatlar tikinti normativlərinə uyğun olmayan, keyfiyyətsiz materiallardan istifadə edilən tikililərdə qeydə alınıb. Azərbaycanda iki hiss edilən zəlzələnin baş verdiyini vurğulayan Mərkəz direktorunun sözlərinə görə, onların birincisi 5, ikincisi 6 bal gücündə olub: "6 bal gücündə olan ikinci təkan insanları daha çox təşvişə salıb. Həmin zəlzələlər zamanı ərazidə güclü enerji boşalması gedib. Bu o deməkdir ki, orada artıq 6 baldan güclü zəlzələ ola bilməz. Hiss edilən zəlzələ ola bilər, amma artıq güclü zəlzələ ola bilməz". Şamaxı-İsmayıllı bölgəsinin tarixən seysmoloji baxımdan aktiv olduğunu xatırladan Q.Yetirmişli əlavə edib ki, dünəndən indiyə qədər 130-dan çox xırda təkan qeydə alınıb. Onlar zəif, 3 bala qədər hiss edilən təkanlar olub.
Q.Yetirmişlinin dediyinə görə, İsmayıllıda 6 bal gücündə baş verən zəlzələ orta güclü yeraltı təkandır. O bildirib ki, dünənki zəlzələ Bakının Xətai, Yasamal, Nəsimi rayonlarında hündürmərtəbəli binalarda hiss edilib.
Q.Yetirmişli zəlzələnin Bakının bütün ərazisində hiss edilməməsini onun mürəkkəb geoloji quruluşu ilə əlaqələndirib: "Bakının geoloji quruluşu çox mürəkkəbdir. Buna görə də eyni layihə ilə tikilən binanın bir hissəsi 1 bal, digər hissəsi başqa bala uyğun gəlir. Buna görə də Bakıda tikinti aparılan hər bir ərazinin seysmikliyi dəqiqliklə müəyyən edilməlidir".
Qeyd edək ki, ilkin zəlzələ yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə, İsmayıllı ərazisində qeydə alınıb.
Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumatda bildirilib ki, zəlzələlərdən 3-ü hiss olunub, sonuncu iki zəlzələ isə hiss edilməyib. Mərkəzdən yeraltı təkanların hazırda davam etdiyi bildirilib: "Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisində baş verən zəlzələdən sonra hiss edilməyən yeraltı təkanların qeydə alınması davam edir”.
Şəymən