"Ərazilərimizin qaytarılması üçün bütün imkanlardan istifadə edəcəyik"




"Azərbaycan özünün müdafiə qabiliyyətini gücləndirmək üçün bütün vasitələrdən istifadə edir”.

Bunu Sherg.az-a ehtiyatda olan polkovnik-leytenant Cəlil Xəlilov deyib. 

O bildirib ki, dövlətimiz bu məqsədlə ən müasir texnikalar alır, onları nümayiş etdirir:

"Dövlətimiz əsgər və zabitlərin daha təcrübəli və professional olmasına çalışır. Müxtəlif qurumlarla əlaqəli münasibətlərin qurulması istiqamətində işlər gücləndirilir. Həm müharibə dövründə, həm də adi vəziyyətdə hansı hərbi hissələr necə hərəkət etməsi və necə döyüş taktikası göstərməsi Müdafiə Nazirliyinin və Ali Baş Komandanın nəzarətində olan məsələdir. Ona görə, belə təlimlər Azərbaycan ordusunu daha da gücləndirir.

Dünyada baş verən hadisələri, terror aktlarını, müdaxilələri izləyirik. Bu gün Azərbaycanın 20 faiz torpaqları işğal olunub. Təbii ki, Azərbaycan ordusu da öz döyüş hazırlığını, müdafiə qabiliyyətini günü-gündən artırmalıdır ki, artıq gələcəkdə diplomatik danışıqlar nəticə verməsə, Azərbaycan öz hərbi gücündən istifadə edə bilsin. Azərbaycanın heç bir ölkəyə ərazi iddiası yoxdur. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. O, beynəlxalq qətnamələrə riayət etmirsə, təşkilatların çağırışına qulaq asmırlarsa, Azərbaycan məcburdur ki, öz ərazisini terrorçulardan, separatçılardan təmizləsin və qaçqın və məcburi köçkünləri yerlərinə qaytarsın. Hazırda Prezidenti İlham Əliyev bir neçə gün öncə Cocuq Mərcanlının bərpası ilə əlaqədar yerli əhali ilə görüşdü və onların şəraiti ilə tanış oldu. Sakinlər həmin ərazidə yaşayacaqlar, işləyəcəklər. Bu barədə müvafiq dövlət orqanlarına müəyyən tapşırıqlar da verilib.

Bu, Ermənistana və başqa dövlətlərə mesajdır ki, Azərbaycan işğal olunmuş əraziləri unutmayacaq və torpaqlarımızın geri qaytarılması üçün bütün imkanlardan istifadə edəcək. Buna hərbi qüvvə də aiddir. Ona görə, Silahlı Qüvvələrimiz döyüş hazırlığını artırmalıdır, döyüş hazırlığını gücləndirməlidir, peşəkarlaşmalıdır”.

Qeyd edək ki, iyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Lent.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Aysel Aslan