Ərdoğan İrana getdi, heç nə dəyişmədi

“Bir səfərlə iki dövlət arasındakı münasibətlərin dəyişməsini söyləmək çətindir”



Dörd illik fasilədən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edib. Ərdoğan Tehranda iranlı həmkarı Həsən Ruhani tərəfindən rəsmi mərasimlə qarşılanıb. Qarşılanma mərasimində Ərdoğanla Ruhaninin əl-ələ tutaraq gəzməsi diqqətdən yayınmayıb. Prezidentlər ikitərəfli rəsmi görüş keçirdikdən sonra mətbuat üçün açıqlama veriblər. Daha sonra iki ölkə arasında 8 anlaşma və 1 niyyət protokolu imzalanıb.

İran və Türkiyə prezidentlərinin görüşündə 8 əməkdaşlıq sənədinin imzalanması ilə yanaşı, regional böhranların həlli istiqamətində iki ölkə rəsmiləri arasında məsləhətləşmələr də aparılıb. Ərdoğanın İrana səfəri ilə bağlı diqqəti özünə cəlb edən əsas məqam İran-Türkiyə Strateji Əlaqələr Ali Şurasının 2-ci iclasının baş tutması olub. Müəyyən gərginliklə yanaşı, hələ də iki ölkə arasındakı ticarət və iqtisadi əlaqələr xeyli aşağı səviyyədədir. Bu üzdən iki ölkə başçıları illik ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması barədə də ilkin danışıqlar aparıblar. Ərdoğanın İrana səfəri regionun ciddi problemlərlə üz-üzə olduğu bir zamanda baş tutub ki, bu da Türkiyə prezidentinin Tehran səfərinin önəmini daha da artırıb. Yəməndə yaranan böhranlı vəziyyət, Suriyada terrorçuların fəaliyyətinin davam etməsi, İraqda İŞİD-ə qarşı amansız mübarizə, ABŞ, Ərəbistan və Türkiyənin regionda cərəyan edən bu hadisələrlə bağlı fərqli baxışları Ərdoğanın İran rəsmiləri ilə görüşlərində araşdırılan məsələlərdən olub. Diqqət mərkəzində duran ilk məsələ isə Tehran-Ankara əlaqələrinin möhkəmləndirilməsidir. Əlaqələr sadəcə ikitərəfli fonda məhdudlaşmır, bunun təsirləri regional münasibətlərdə də öz əksini tapır.
Əksər politoloqlar hesab edirlər ki, hər iki dövlət başçısı kifayət qədər praqmatikdir. Onlar yaxşı bilirlər ki, İranın nüvə razılaşmasından sonra İranın dünya bazarına çıxması üçün Türkiyənin əhəmiyyəti kifayət qədər artıb. Türkiyəyə də tranzit ölkə olmaq sərf edir. Bu səbəbdən digər məsələləri unudub müəyyən münasibətlərin yaxşılaşmasına çalışacaqlar. Ekspertlərin fikrincə, iki böyük dövlət arasında olan gərginliyin azalması hər iki dövlətlə qonşu olan Azərbaycan üçün də yaxşıdır. Amma nisbətən fərqli fikirdə olan politoloqlar da var.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ərdoğanın səfərinin İran-Türkiyə münasibətlərinə elə ciddi təsirinin olmayacağını deyib: "Bir səfərlə iki dövlət arasındakı münasibətlərin dəyişməsini söyləmək çətindir. Nə çox mənfiyə doğru, nə də müsbətə doğru irəliləyiş gözləyirəm. İran-Türkiyə münasibətləri hansı yerdədirsə, o yerdə də qalacaq. Əslində, münasibətlər normaldır. İki dövlət arasında iqtisadi, ticarət, enerji əməkdaşlığı var. Eyni zamanda, Türkiyənin İrana müəyyən sualları da var. Əvvəla, İran Türkiyəyə qazı çox baha satır. Türkiyə isə mavi yanacağı Rusiya, İran və Azərbaycandan alır. Ən baha satan İrandır. Ona görə də görüş zamanı Ərdoğan, mavi yanacağın qiymətinin ucuzlaşdırılması məsələsini qaldıraraq, Türkiyənin daha çox qaz ala bilməsinin mümkünlüyünü deyib. Bu məsələ gündəmdədir. Həmçinin, ortada siyasi fikir ayrılıqları var. Yəmən məsələsində Ərdoğan Ankarada İranın ünvanına çox sərt açıqlamalar söyləmişdi. Bu da İranda bəzi dairələrin xoşuna gəlmədi. Hətta, bu səfərin təxirə salınacağı fikirləri də vardı. Amma səfər gerçəkləşdi. Ona görə də münasibətlərdə gərginlik gözləmədiyim kimi, çox böyük irəliləyiş, müttəfiq olacağını da gözləmirəm”.
Sadəcə, İran ətrafında sanksiyalar yumşalsa, İranla Qərb arasında əməkdaşlıq başlayacaq ki, bu, Türkiyəyə də, Azərbaycana da xeyir edəcək. Bu istiqamətdə müəyyən irəliləmə ola bilər”.
İsmayıl