Akif Nağı: "Bu səfərlər birmənalı şəkildə ermənilərin maraqlarına xidmət edir. Azərbaycan xalqını qıcıqlandırmağa çalışırlar ki, torpaqları işğal etmişik, normal da gedib - gəlirik"
"Nə qədər ki, torpaqlarımız işğal altındadır, heç bir müstəvidə Azərbaycan və Ermənistan arasında təmaslar olmamalıdır”.
Bunu "Sherg.az”a Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyanın Bakıya gəlməsi haqqında danışarkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, Serj Sarkisyan başda olmaqla ermənilər hay- küy salıblar ki, guya bu, Azərbaycanın erməni fobiyasıdır:
"Dəfələrlə demişəm ki, bu, erməni deyil, işğalçı fobiyasıdır və normaldır. Ermənilər torpaqlarımızdan rədd olub getsinlər, sonra münasibətlərimizi qura bilərik. Bu səfərlər birmənalı şəkildə ermənilərin maraqlarına xidmət edir. Azərbaycan xalqını qıcıqlandırmağa çalışırlar ki, torpaqları işğal etmişik, normal da gedib - gəlirik. Ona görə, həmin deputatların Azərbaycana gəlməsinin qəti əleyhinəyik.
Bununla bağlı sentyabrın 15-də xarici işlər nazirliyi qarşısında aksiyamız baş tutdu. Tələblərimizi irəli sürdük ki, erməni deputatlar Bakıya gəlməməlidirlər. XİN sözcüsü Hikmət Hacıyev aksiya tərəflərini dinlədi, hər kəsin fikirlərinə hörmətlə yanaşdığını, başa düşdüyünü dilə gətirdi.
Ötən gün isə təşkilatın üzvü olan bir qrup hava limanına getdi və deputatların gəlib-gəlməyəcəyi barədə məlumat əldə etdi. Polis müdaxilə etdi və ermənilərin gəlməsi ilə bağlı heç bir məlumat olmadığını bildirdi. Hələlik rəsmi məlumat da yoxdur. Erməni mətbuatında da bu barədə heç bir informasiya dərc edilməyib. Yalnız erməni deputatın biri özünün "Facebook” səhifəsində yazıb”.
Erməni deputatların həmişə ölkəmizə gizli gəldiyini deyən A.Nağının sözlərinə görə, mətbuatda da bu işıqlandırılmır:
"Əvvəllər mətbuat nümayəndələri təşkilatımıza məlumat verirdilər. İndi isə onlar da çəkinirlər, qorxurlar. Hətta sanki, ermənilərin tərəfinə keçiblər. Amma hər halda biz duyuq düşən məqamda həmişə aksiyalarımıza başlayırıq”.
Qeyd edək ki, bu barədə Armen Aşotyan "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, onlar sentyabrın 22-də Bakıda keçiriləcək Euronest Parlament Assambleyasının (PA) təşkil etdiyi forum çərçivəsində "Şərq tərəfdaşlığı” proqramı ölkələrində gender bərabərliyi məsələlərinin müzakirəsində iştirak edəcəklər.
Aysel Aslan