Ermənistan 5 rayonun qaytarılmasına razıdır

Proxanovun Azərbaycan və Ermənistan rəhbərliyi ilə apardığı danışıqlardan sonra gəldiyi qənaət düşmən ölkənin mövqeyini əks etdirir




Rusiyalı yazar, ideoloq Aleksandr Proxanov Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmağa hazır olduğunu deyib. Proxonov bildirib ki, bir müddət qabaq əvvəlcə Azərbaycan Prezidentinin dəvəti ilə Bakıda, daha sonra isə Ermənistanda olub və hər iki tərəfin mövqeyini öyrənib. İddiasına görə, aprel savaşından sonra erməni hakimiyyətində ilkin olaraq 5 rayonun qaytarılması düşüncəsi formalaşıb:

"Azərbaycanın Dağlıq Qarabağ konfliktinə baxışını anladım. Erməni hərbçilərlə görüşdüm və onların da mövqeyini öyrəndim. Aprel hadisələri zamanı Azərbaycan öz ərazilərinin bir qismini geri qaytardı, Lələtəpə strateji yüksəkliyini tutdu. Bu gün elə bir vəziyyət yaranıb ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu qaytarmağa hazırdır”. İdeoloqun sözlərinə görə, Ermənistanı narahat edən məsələ odur ki, Azərbaycan tərəfi boşaldılan ərazilərdə dərhal öz hərbi obyektlərini yerləşdirəcək. Bu da düşmən ölkənin zəbt etdiyi Dağlıq Qarabağa "təhlükə” yaradacaq: "Ermənistanda qorxurlar ki, bu rayonların verilməsindən sonra hərbi status-kvo pozulacaq”. 

Rus ekspertin iddiaları ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib ki, aprel hərbi eskalasiyasından sonra Ermənistan tərəfi kompromisə hazır idi. Çünki Azərbaycan güclü hərbi təzyiqləri ilə düşmən ölkəni sarsıtmışdı:

"Əslində Azərbaycan 5 rayonun deyil, 7 rayonun boşaldılmasını tələb edir. Ermənistan tərəfi isə sadəcə 5 rayonun qaytarılmasından danışır. Məsələ ondadır ki, burada erməni ictimai rəyi həlledici rol oynamır. Erməni hakimiyyətinin "Azərbaycan öz hərbi obyektlərini burada yerləşdirməklə Qarabağı təhdid edəcək” kimi fikirləri də avantüradır. 5 rayonun qaytarılması ilə bağlı həll paketinə görə, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməlidir. 

Həmin sülhməramlılar bölgədə sülhün qarantı olmalıdır. Əslində sülhməramlı qüvvələrin yalnız ruslardan ibarət olması fikrini sadəcə Ermənistan və Rusiya tərəfi bilərəkdən qabardır. Rəsmi Bakı bunu qətiyyən qəbul etmir. Fikrimcə, Proxanovun Azərbaycan və Ermənistan rəhbərliyi ilə apardığı danışıqlardan sonra gəldiyi qənaət düşmən ölkənin mövqeyini əks etdirir. Onun dedikləri erməni tərəfinin düşüncələridir”.

 Ekspertin sözlərinə görə, danışıqlar 5 yox, 7 rayonun qaytarılmasını nəzərdə tutan Madrid prinsipləri əsasında aparılmalıdır:

"Hazırda "Lavrov planı” əsasında gedən danışıqlar heç də substantiv deyil. Bu variant paket həllini özündə əks etdirir və beş rayonun qaytarılması müqabilində Qarabağda referendumun keçirilməsi nəzərdə tutulur. Sülhü təhdid edən də məhz referendum amilidir. Azərbaycan referenduma onda razı olar ki, Qarabağın inzibati ərazisinə azərbaycanlılar köçürülsün və bu referendum bütün ölkə boyu keçirilsin.

 İndi aparılan danışıqlar formatı mərhələli həll planını özündə əks etdirmir. Azərbaycan tərəfi yalnız ilkin şərt olmadan beş rayonun boşaldılmasına razıdır. Daha sonra isə iki rayonun qaytarılması və Qarabağa aralıq statusun verilməsi məsələsi durur. Vurğulayım ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti olmamalıdır. Reallıq odur ki, problemin əsas tərəfi Rusiyadır. Rusiya isə mümkün həll variantlarını mümkünsüz edir”.

İsmayıl