Ermənistan cəmiyyəti partlayış ərəfəsindədir
7 ay da az vaxt deyil, Paşinyan xalqın yox, xarici dairələrin qulluğundadır
Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri kütləvi saxtakarlıqlar və insidentlərlə müşahidə olundu. Bunu həmin seçkiləri müşahidə edən bir sıra xarici müşahidəçilər də öz açıqlamalarında təsdiq etdilər. Seçicilərin 50 faizdən çoxu səsverməyə getmədi. İnsanların daha çox yaşadığı İrəvanda belə seçici aktivliyi müşahidə edilmədi. Əslində rəsmi statistikanın şişirdildiyini nəzərə alsaq, reallıqda bu faizin nə qədər aşağı olduğunu görərik. Bu da insanların köhnə və yeni hakimiyyətə inamsızlığından irəli gəlir. İllərdir xalqı boş vədlərlə aldadan terrorçu Sarkisyan rejimindən sonra hakimiyyətə yiyələnən Nikol Paşinyan şirin vədlərlə "lider” obrazını formalaşdırmağa çalışdı. Ancaq onun 7 aylıq hakimiyyəti göstərdi ki, Paşinyan xalqın yox, xarici dairələrin qulluğundadır.
Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə xalqı yalan vədlərlə aldatmağa çalışsa da, insanlar onun əsl simasını gördülər və 9 dekabr "seçki oyunu” da bunun bariz nümunəsi oldu. Ermənistanda seçici passivliyinin baş verməsi məhz bu amillərlə bağlıdır. Xalqın dəstəyini itirən Paşinyan komandası ancaq saxtakarlıq yolu ilə "qələbə” qazana bilərdi. Seçki zamanı kifayət qədər qanun pozuntusu qeydə alındı, ciddi saxtakarlıqlar baş verdi. Bunların əksəriyyəti cinayət tərkiblidir. Amma Azərbaycanda keçirilən şəffaf, ədalətli seçkilərə hər fürsətdə qara yaxmağa çalışan bəzi beynəlxalq qurumlar Ermənistanda baş verən biabırçılığa reaksiya vermədilər, hesabat yaymadılar. Halbuki, bütün dünyanın gözü qarşısında baş verən qanun pozuntuları, seçici passivliyi, şişirdilmiş rəqəmlər və xalqın etirazı beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmalı idi. Parlament seçkisinin saxtalaşdırıldığını sübut edən faktlardan biri də Paşinyanın öz qohumlarına, yaxın adamlarına mandat paylaması olub. Baş nazirin qardaşı oğlu Sipan Paşinyan, qaynı Qraç Akopyan və digər ətrafı deputat "seçiliblər”. Yəni Paşinyan kifayət qədər səs çoxluğu əldə etmək üçün etibar edə biləcəyi adamları parlament üzvü edib. Adını da utanmadan "demokratik və şəffaf seçki” qoyub.
Ermənistandakı seçki prosesini "Şərq”ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib ki, hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya hadisəsi ola bilməz. Deputatın sözlərinə görə, dekabr ayının 9-da sərgilənən kütləvi siyasi şounu seçki adlandırmaq ağıla və məntiqə ziddir:
"Bunun birinci səbəbi onunla izah edilir ki, bu ölkədə cəmi iki milyona yaxın insan yaşadığı halda seçkini keçirən rəsmi qurum 2 milyon 5 yüz mindən çox seçici müəyyən edir və saxta seçici siyahısı tərtibləyir. Təkcə bu fakt işğalçı ölkədə keçirilən seçkilərin saxta olduğunu söyləməyə kifayətdir. Belə olan halda ümumiyyətlə olmayan, yaxud sadəcə seçici siyahısında adı olan şəxslərin hansısa fəallığından danışmaq ciddi olmaz. Ona görə də absurd tamaşa heç bir ciddi qiymətləndirmə kriteriyalarına uyğun gəlmir. Sadəcə, 2018-ci il aprel ayından bəri Ermənistanda tamaşaya qoyulan siyasi komediyanı bir şəkildə başa çatdırmaq, küçə demokratiyasının liderinin hakimiyyətinə legitimlik donu geyindirmək lazım idi.
Bunu da etdilər. Həqiqət bundan ibarətdir ki, Ermənistan sözünün yanında "hüquq və demokratiya” kəlmələrinin işlənməsi hüququn və demokratiyanın təhqir edilməsidir. Ermənistanda oynanan oyunu "demokratiya” kimi təqdim etməklə ümumxalq konsolidasiyasının olduğunu və ermənilərin "demokratik” cəmiyyət qura bildiklərini sübut etməyə çalışırlar. Görünən odur ki, bəzi beynəlxalq və insan hüquqları təşkilatları da bunu belə qələmə verməyə hazırlaşırlar. Ancaq baş verən seçki saxtakarlığı o qədər böyük miqyasda və təkzib edilməz ölçüdədir ki, bunu ört-basdır etmək mümkün deyil. Heç bir halda ölkə əhalisinin 30 faizə qədərinin iradəsi həmin ölkədə sabitliyin təminatçısı ola bilməz”.
Millət vəkilinin fikrincə, Ermənistan cəmiyyəti olduqca ciddi sosial partlayış ərəfəsindədir. Bunu şərtləndirən amil ötən aylar ərzində iqtisadi blokda heç bir islahatın aparılmaması, ölkənin aclıq vəziyyətində olmasıdır:
"İslahatlar ona görə aparılmır ki, bunu etmək mümkün deyil. Çünki islahatları təmin edəcək iqtisadi resurslar yoxdur. Belə olan halda 9 dekabr hadisəsindən sonra Ermənistanda "yeni eranın” başladığını iddia edənlər siyasi xəyalpərəstlərdir. Ermənistanda yeni era o vaxt mümkün ola bilər ki, bu ölkə işğalçılıq siyasətinə son qoysun və Azərbaycan torpaqlarından rədd olub getsin. Əks təqdirdə heç bir güc göydən zənbillə bu ölkəyə iqtisadiyyat gətirə bilməyəcək. İqtisadiyyat real resurslara və kommunikasiyaya əsaslanaraq qurulur. Bu resursların və kommunikasiyaların açarı isə Azərbaycanın əlindədir. Ona görə də Paşinyan hər nə qədər öz legitimliyini qəbul etdirməyə çalışsa da, bu baş tutmayacaq, çox keçmədən əhali yenidən iqtisadi tələblərlə meydanlara çıxacaq. Ona görə də yaxşı olar ki, yeni seçilən komanda öz xalqının və qonşu xalqların ümumi mənafeyinə uyğun olan addımlar atmaq barədə düşünsün”.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev də "Şərq”ə bildirib ki, "məxməri inqilab" sahəsində hakimiyyəti faktiki olaraq ələ keçirən Paşinyan düşünülmüş senari nəticəsində hakimiyyət zirvəsinə yüksəlişini leqallaşdırdı:
"Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri gözlənilən idi. Paşinyan idarə etdiyi kütlənin təzyiqi vasitəsi ilə hakimiyyəti de-fakto ələ keçirən kimi çox yaxın müddətə yeni seçkilərin tarixini elan etdi. Seytnot vəziyyətində düşünən hakim klan isə toparlanmağa macal tapmadı. Bunun ardınca parlamentdə çoxluq təşkil edən Respublikaçılar Partiyasının deputatlarına və məmur heyətinə, hətta onların ailə üzvlərinə qarşı ciddi basqılar etməyə başladı. 2008-ci ilin mart ayında baş vermiş məlum hadisələrə görə eks prezident Robert Koçaryanın həbsi , KTMT-nin keçici rəhbəri Xaçaturov və müdafiə naziri Mikael Arutunyana qarşı qaldırılan cinayət işləri təzyiq vasitəsi idi. Koçaryan Rusiyanın təzyiqi ilə azadlığa çıxsa da, onun haqqında cinayət işinə xitam verilməyib.
Özünü sözəbaxan aparmayacağı təqdirdə həbsi yenidən reallaşa bilər. Xaçaturov zaminə buraxılsa da, Arutunyan ölkə hüdudlarından kənarda gizlənir. Seçkilərin ilkin nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiyi "Mənim Addımım" bloku səslərin 70 faizini qazanaraq siyasi rəqiblərinə heç bir şans buraxmadı. Koçaryan-Sarkisyan cütlüyünün siyasi məhsulu olan Respublikaçılar Partiyası ağır zərbə alaraq parlamentə buraxılmadı. Onlar parlamentdə təmsil olunmaq üçün lazım olan səslərin 5 faizini belə yığa bilmədikləri üçün oyundan kənar vəziyyətə düşdülər. Bundan sonra bu partiyanın siyasi perspektivi bitmiş hesab oluna bilər”.
Politoloq bəyan edib ki, Respublikaçılar Partiyası keçmiş SSRİ-nin Kommunist Partiyasının taleyini yaşayacaq:
"Sanki Serj Sarkisyan Paşinyanın "güclü” baş nazir olması üçün çalışır. Özünün baş nazir olacağını və bu vəzifədə hələ uzun müddət qalacağını ehtimal edən Sarkisyan parlamentli idarəçilik sisteminə keçmək üçün qanunları qəbul edərkən geniş səlahiyyətli bir baş nazir düşünmüşdü. İndi isə bu səlahiyyətlər Paşinyanın əlindədir. Baş nazirin əlindəki səlahiyyətlər "Qarabağ klanı”nın cəzalanması maşınına çevriləcək”.
İsmayıl