Bakıda avtobus sistemi dəyişir: “Sərnişin ovu” dövrü başa çatır

  • “Brutto müqavilə” sistemi işə düşdü, avtobuslar sərnişin sayına görə dayanmayacaq

Nəhayət, ictimai nəqliyyatda “brutto müqavilə” sistemi işə düşdü. Paytaxtda 130, 205 – “20 Yanvar” – Abşeron ticarət mərkəzi, Lökbatan istiqamətində hərəkət edən avtobuslar və şəhərdaxili 211 saylı, Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən 500 və 503 nömrəli avtobuslar artıq “brutto müqavilə” sisteminə qoşulub.

Bu barədə AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov məlumat verib. Məlumatda bildirilir ki, bundan sonra daşıyıcı üçün əsas məsələ yalnız nə qədər sərnişin daşıdığı deyil, necə xidmət göstərdiyidir: 

- Sərnişinin az olduğu saatlarda da avtobuslar xidmət göstərəcək. Axşam saatlarında xidmətin davamlılığı təmin ediləcək. Hərəkət qrafikinə daha ciddi riayət olunacaq. Xüsusilə şəhərətrafı marşrutlarda xidmət səviyyəsi yüksələcək. Daşıyıcıların fəaliyyətinə nəzarət daha sistemli olacaq. Tələblərə uyğun digər marşrutların bu sistemə qoşulması davam edir.

Qeyd edək ki, “Brutto müqavilə” sistemi ictimai nəqliyyatda tətbiq olunan maliyyələşdirmə və idarəetmə modelidir. Bu sistemdə daşıyıcı şirkətlərin gəliri daşıdıqları sərnişin sayından asılı olmur; dövlət və ya müvafiq qurum görülən işə, məsələn, qət edilən məsafəyə və ya göstərilən xidmətə görə şirkətə sabit ödəniş edir. “Brutto müqavilə” sisteminin əsas üstünlüyü budur ki, sərnişin sayından asılılıq yoxdur. Yəni, avtobusa bacardıqca çox sərnişin “doldurum”, gediş haqqı çox olsun, qazancım artıq olsun, prinsipi ilə işləyən bir sıra marşrutlar dayanacaqlarda dəqiqələrlə gözləyir, avtobus dolduqca dolur, sərnişinlər az qala bir-birinin belinə çıxır, amma sürücü avtobusu yerindən tərpətmir, etiraz edənlərə də “qrafiklə işləyirəm. Mənim əvəzimə siz ödəməyəcəksiz e, planı”, deyib üzünü yana çevirmək olmayacaq. “Brutto müqavilə” ilə işləyən marşrutlarda şirkət daha çox pul qazanmaq üçün sürücüləri tələsdirmir və ya süni sərnişin axını gözləmir. Xərclər müqavilə bağlanan şirkət və ya qurum tərəfindən ödənir, sürücü sabit əmək haqqı aldığı üçün sərnişin “ovu”na çıxmalı olmur. Daşıyıcıların maliyyə dayanıqlığı artır, bu da avtobus parkının yenilənməsinə və təmiz nəqliyyat vasitələrinin alınmasına şərait yaradır. Xidmət keyfiyyəti xüsusi proqram təminatı ilə ölçülür, qaydalar pozulduqda maliyyə cərimələri tətbiq edilir. Təki, belə olsun. Hazırda “Brutto müqavilə” sisteminə yuxarıda qeyd olunan marşrutlar qoşulub. AYNA-nın məlumatına görə, müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən digər şəhərdaxili və şəhərətrafı marşrutlar da mərhələli şəkildə bu sistemə inteqrasiya olunacaq.