- Son məlumata görə, 244 nəfər xilas edilib, 8 nəfər həyatını itirib
Şimali Kiprin Girne sahillərində baş verən gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə “Report” zərərçəkənlərin yaxınlarına istinadən məlumat yayıb.
Faciə avqustun 30-da baş verib. Türkiyəyə məxsus gəminin göyərtəsində 267 sərnişin olub. Qəza nəticəsində 8 nəfər ölüb, 20 nəfər isə itkin düşmüş hesab olunur.
Saxlanılan şəxslər Valeh Qumbatov, Rəşad İbrahimov və Qədir Quliyevdir. Onların hər üçü Türkiyəyə məxsus gəmidə işləyib.
Filo Jet yüksək sürətli sərnişin gəmisi Kiprdəki Kireniya ilə Türkiyənin Mersin şəhəri arasında müntəzəm reysə çıxıb. Limandan ayrıldıqdan qısa müddət sonra gəminin burun hissəsinə su dolmağa başlayıb.
Ekipaj gəmini limana qaytarmağa çalışsa da, yolun yarısında gəmi çevrilərək batıb.