Ermənistan jurnalist Danilovu Rusiyaya ekstradisiya etməkdən imtina edib

SOTA-nın jurnalisti İlya Danilov Ermənistan hakimiyyətinin onu Rusiyaya ekstradisiya etməkdən imtina etməsindən sonra Gürcüstana qayıdıb.

Teleqraf xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Danilov avqustun 1-də Gürcüstandan Ermənistana qısamüddətli səfəri zamanı həbs edilib. Səbəb Rusiya hakimiyyətinin onun barəsində elan etdiyi axtarış olub. Həbsdən sonra jurnalist azadlığa buraxılıb, lakin Rusiya tərəfi sorğu ilə bağlı araşdırmanı başa çatdırana qədər Ermənistanı tərk edə bilməyib.

Qeyd edək ki, Danilov Rusiya ordusu haqqında "saxta xəbərlər" yaydığına görə qiyabi həbs edilib. Bundan əlavə, ona qarşı "ekstremist" təşkilatın fəaliyyətində iştirak ittihamı ilə cinayət işi açılıb və adı "terrorçular və ekstremistlər" reyestrinə daxil edilib.

Jurnalistə Vanadzor Helsinki Vətəndaş Assambleyasının vəkili tərəfindən hüquqi yardım göstərilib. Rusiya Müharibə Əleyhinə Komitəsinin məlumatına görə, "Ark" layihəsi Danilova insan haqları müdafiəçiləri ilə əlaqə qurmağa kömək edib və Müharibə Əleyhinə Komitəsinin məsləhətçiləri ona konsulluq və təşkilati yardım göstəriblər.

Komitənin qeyd etdiyi kimi, Danilovun işi göstərir ki, Rusiya tərəfindən axtarılan şəxslər tranzit də daxil olmaqla, Ermənistana səyahət edərkən yarana biləcək riskləri nəzərə almalıdırlar: ekstradisiya rədd edilsə belə, Rusiyanın sorğusuna baxılması bir neçə həftə və ya ay çəkə bilər.