Hətta Paşinyan bəzi məsələlərdə Sarkisyan hakimiyyətindən daha çox Rusiya istiqamətində siyasət aparmağa çalışır
Ermənistan baş nazirinin mətbuat xidməti Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığına dair məlumatı redaktə edib. Mətndən "Paşinyanın Putini Vyanada aparılmış danışıqlar barədə məlumatlandırması” cümləsi çıxarılıb. Onun əvəzinə mətnin yeni və hazırda hökumətin saytında olan versiyasında "tərəflər bu günlərdə keçirilmiş görüşlərin nəticələrini müzakirə ediblər” ifadəsi yer alıb.
Halbuki, məlumatın birinci versiyası telefon danışığına dair Kremlin rəsmi saytında yerləşdirilmiş məlumatla üst-üstə düşürdü. Kreml də bildirirdi ki, Ermənistan baş naziri Paşinyan Prezident İlham Əliyevlə aparılmış danışıqlar barədə Rusiya prezidentini məlumatlandırıb.
Paşinyanın mətnin yeni versiyasından bu ifadəni niyə çıxardığı məlum deyil. Amma "168 saat” qəzeti ehtimal edir ki, məlumatın əvvəlki variantında Ermənistan baş nazirinin Putinə "müəyyən tabeçiliyi” əks olunurdu və bu da erməni tərəfinin daha aşağı statusda olmasını göstərirdi. Paşinyan isə mətni dəyişdirməklə Putinə tabe olmadığını nümayiş etdirir və bu variantı Ermənistanın suverenliyi baxımından daha məqbul sayır.
Məsələni "Şərq”ə şərh edən siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, ilk rəsmi xəbərdə "Paşinyanın Putini məlumatlandırması” ifadəsi yer aldığı halda sonrakı mətndə dəyişiklik edilməsi çox gülünc hadisədir. Analitik bildirib ki, ümumiyyətlə, Ermənistan xarici siyasətində müstəqil deyil, ona görə də hansısa redaktələr heç nəyi dəyişmir:
"Vyana görüşündən öncə Ermənistan xarici işlər nazirinin bir neçə dəfə ABŞ-a səfər etməsi göstərir ki, İrəvan münaqişənin həllində özünə yox, başqa güclərə arxalanır. Paşinyan özünü çoxvektorlu siyasətçi kimi göstərməyə çalışsa da, əslində elə deyil. Hətta Paşinyan bəzi məsələlərdə Sarkisyan hakimiyyətindən daha çox Rusiya istiqamətində siyasət aparmağa çalışır. Son hadisələr göstərir ki, regionda münaqişənin həll edilməsinə Rusiya həssaslıqla yanaşır.
Paşinyan isə bundan əvvəlki kəskin açıqlamalarına baxmayaraq, Moskvanın maraqlarını diqqətə alır. Söhbət Paşinyanın hansısa siyasi alver etməsindən də gedə bilər. Aprel döyüşlərindən sonra Ermənistan hakimiyyəti qarşısında müəyyən məsələlər qaldırılmışdı. Hətta Moskvanın da ətraf ərazilərin qaytarılması ilə bağlı tələblə çıxış etdiyi deyilirdi. Görünən odur ki, Ermənistanın yeni rəhbərliyi bu mövzuları müzakirə obyektinə çevirməməyə çalışır. Ona görə də Kremlə siyasi kursunda dəyişiklik etməyəcəyi və əvvəlki hakimiyyətin siyasətini davam etdirəcəyi sözünü verir”.
Ekspert xatırladıb ki, Ermənistan xarici siyasətinin yazılmamış qaydalarından biri "Böyük Ermənistan” ideyasının yayılmasıdır: "Müdafiə naziri Tonoyanın ərazilərimizlə bağlı sərsəm fikirlərinə, Respublikaçılar Partiyasının üzvlərinin "yeni əraziləri alacağıq” sözlərinə çox diqqətlə yanaşmaq lazımdır. Ermənilər açıq-aşkar işğalçılıq siyasətlərini bildirirlər.
Lakin Ermənistan rəhbərliyi odla oynamamalıdır. Sarkisyanın aqibəti onlara dərs olmalıdır. Regionun demək olar ki, bütün dövlətləri az-çox inkişafdadır. Ancaq proseslərdən kənarda qalan yeganə dövlət işğalçı Ermənistandır. Bunun da səbəbi erməni şovinizmi və təcavüzkarlıq siyasətidir”.
İsmayıl