Paşinyan kriminal orduya nəzarət etmək gücündə deyil
Dekabrda Ermənistan ordusunun hərbi hissələrində özbaşınalıq və qanunsuzluq səbəbindən bir çox cinayət xarakterli hadisələr baş verib. Düşmən ordusunun iki hərbi qulluqçusu özünə qəsd edib, biri isə xidmət yoldaşı tərəfindən güllələnib.
Üzləşdiyi haqsızlığa dözməyən altıncı dağ atıcı alayının zabiti leytenant Manruq Mirzoyan hərbi hissədə odlu silahdan atəş açaraq özünü yaralayıb. Zenit-raket alayının müqaviləli hərbi qulluqçusu Vardan Şaxnazaryan isə ov tüfəngi ilə özünə qəsd edib. İlk olaraq hadisənin ailə-məişət zəminində baş verdiyi bildirilib. Araşdırma zamanı V.Şaxnazaryanın yüksək rütbəli zabit tərəfindən təhqir edilməsinə görə bu addımı atdığı məlum olub. Daha bir məlumatda deyilir ki, döyüş mövqeyində növbədə olarkən iki erməni hərbçi arasında baş verən mübahisə qanlı cinayətə səbəb olub. Üçüncü əlahiddə motoatıcı alayının hərbi qulluqçusu Artyom Movsesyan xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində çiynindən güllə yarası alıb. Son dönəmlər, xüsusən Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsindən sonra erməni ordusunda vəziyyətin gərginləşməsi pik həddə çatıb. Orduda ciddi əsgər, geyim və ərzaq çatışmazlığı müşahidə olunmaqda, dedovşina halları artmaqdadır.
Düşmən ordusundakı kriminal vəziyyəti "Şərq”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərində hərbçilər arasında dedovşina halları, yerli və gəlmə ermənilər arasında qarşıdurmaların dərinləşməsi getdikcə geniş vüsət alır. Ekspertin sözlərinə görə, Paşinyan iqtidara gəldikdən sonra Qarabağ ermənilərinə qarşı ayrıseçkilik siyasəti işğal olunmuş ərazilərdə Ermənistan əsgərləri ilə yerli ermənilər arasında düşmənçiliyi artırıb: "Hətta mübarizə silahlı münaqişə səviyyəsinə qalxıb.
Bundan əlavə erməni ordusunda ciddi ərzaq və geyim çatışmazlığı, ərzağın keyfiyyətsizliyi aktual problem olaraq qalmaqdadır. Baş nazir səviyyəsində buna etiraz edilməkdədir. Hətta məlumata görə, Paşinyanın oğlu evdən qida gətirilməsini istəyib. Son günlərdə erməni ordusunda artan intihar halları, döyüş postunu atıb qaçmaq cəhdləri də geniş yayılmaqdadır”.
Analitik hesab edir ki, bu kimi problemlər Ermənistanın dövlət siyasətində müəyyən dəyişikliyə gətirib çıxara bilər: "Ermənistanın müharibədən çəkinməsi öz ordusunda olan ciddi problemlərdən dolayıdır. Məncə, Nikol Paşinyan da ordunun ərzaq təminatının inkişafına heç bir müsbət təsir edə bilməyəcək. Çünki vəsait çatışmazlığı, korrupsiya halları bu gün Ermənistan ordusunda geniş yayılıb. Göründüyü kimi, Ermənistanda baş verən siyasi kataklizmlər ordudan yan keçmir. Ona görə də Ermənistan ordusunun acınacaqlı vəziyyəti Paşinyanın Qarabağ danışıqlarında kompramisə gedəcəyinə şübhə doğurmur”.
İsmayıl