"Ermənistan ordusundakı vəziyyəti hər kəs yaxşı bilir"




"Ermənistan işğal olunmuş ərazilərimizdə hərbi təlimlər keçirməklə sadəcə, diqqəti öz üzərinə cəlb etmək istəyir”.

Bunu Sherg.az-a son günlər Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirməsinə münasibət bildirərkən hərbi ekspert Üzeyir Cəfərov deyib. 

O bildirib ki, Serj Sarkisyan var gücü ilə aprelin 2-də baş tutacaq seçkilərə qədər ordunun başını qatmağa çalışır:

"Erməni prezidentin bu niyyəti Ermənistan rəhbərliyinə qarşı baş qaldıran narazılıqları pərdələməkdir. Bu yaxınlara qədər müdafiə naziri postunu almış Sehran Ohanyanın xeyli kadrları ona dəstək nümayiş etdirdilər. Bununla S. Ohanyanın Rasfi Hovhannisyan və keçmiş xarici işlər naziri Vardan Oskanyanla birləşib Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmaq niyyətində olması hazırkı prezidenti məcbur edir ki, bu təlimləri həyata keçirsin. İndi Ağdamda davam etdirilən bu hərbi təlimlərin nəticəsində ermənilər heç nəyə nail olmayacaqlar. 

Ağdamın Uzundərə ərazisində Ermənistanın təşkil etdiyi belə təlimlərdən çox görmüşük. Baxmayaraq ki, onlar artilleriya qurğularından istifadə edirlər, amma istənilən halda elə böyük təlimlər deyil. Cəbhə xəttinin yaxınlığında yaşayan insanlarımız da təlimlərin səsini eşidirlər. Adi təlimlər olmasına baxmayaraq, böyüdürlər ki, guya hansısa böyük təlimlər, əməliyyatlar aparılır. Sadəcə Ermənistanın daxilindəki vəziyyətə uyğun planlanan bu təlimlərin heç bir əhəmiyyəti yoxdur. Ermənistan silahlı qüvvələrinin nə vəziyyətdə olmasını hər kəs yaxşı bilir. Bu yaxınlarda ermənilərin özlərinin yaydığı görüntülərdən də onların ordusunda ciddi problem olması aydın görünür. Ağdamda düşmənin keçirdiyi hərbi təlimlərdən Azərbaycan Silahlı Qüvvələri yüzünü həyata keçirir. Amma həm şəxsi heyətin sayına, həm də texnikanın cəlb olunmasına görə bizim təlimlər daha genişmiqyaslı xarakter alır”.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ağdam rayonunun işğal altında olan "Uzundərə” adlı ərazisində Erməni silahlı qüvvələri tərəfindən hərbi təlimlər başlanıb.

Ayyət Əhməd