“Hərbi qarşıdurma yenidən gündəmə gələ bilər”
"Ermənistan regionda sülhün konstruktiv şəkildə əldə olunması və münaqişənin həlli işindən tamamilə uzaqdır”. Bunu Azərbaycanın ATƏT-dəki nümayəndəliyi deyib. Qurumun yaydığı bəyanatda Ermənistanın danışıqlara fasilə verdiyi vurğulanıb. Bəyanatda bildirilib ki, Ermənistan Azərbaycana qarşı işğal siyasəti həyata keçirərək, kütləvi şəkildə etnik təmizləmə apararaq, münaqişəni hazırkı vəziyyətə gətirib:
"Bu ölkənin insan haqlarından danışması qəribə səslənir. Aprel döyüşlərindən sonra Vyana və Sankt-Peterburqda iki yüksək səviyyəli görüş keçirildi. Hər iki görüşün nəticəsi substantiv və nəticə verən danışıqlara qoşulmaqla bağlı razılıq oldu. Amma erməni tərəfi sözündə durmadı.
Biz belə başa düşürük ki, Ermənistan fasilə verib, buna görə də danışıqlar dayandırılıb. Yaxşı olar ki, Ermənistan tərəfi spekulyativ çıxışlar əvəzinə, öz əhalisini sülhə hazırlasın”.
"Ermənistan rəhbərliyi qorxur ki, güzəştə getsə, onu devirərlər”
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə bildirib ki, çox intensiv danışıqlar gedirdi. Kazan formulu əsasında yayda və ya payızda razılaşma əldə oluna bilərdi. Lakin bu alınmadı: "Fikrimcə, bunun əsas səbəbi odur ki, Ermənistan rəhbərliyi özündən əmin deyil və qorxur ki, güzəştə görə onu devirərlər. Axı onlar ətraf rayonları Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının qarşılığında qaytarmağı düşünürdülər. Ermənistan rəhbərliyinin zəifliyi və kompromisə getməməsi bu danışıqları dayandırdı. İndi düşünməliyik və yol tapmalıyıq ki, yenidən danışıqlara necə başlayaq. Danışıqlarda heç bir irəliləyiş olmasa, təəssüf ki, hərbi qarşıdurma yenidən gündəmə gələ bilər”, - deyə o vurğulayıb. Markov deyib ki, Rusiya həm Azərbaycanla, həm də Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcək: "İstəyirik ki, Azərbaycan və Ermənistan öz müdafiəsindən əmin olsun. Eyni zamanda hesab edirik ki, mütləq kompromisə getmək lazımdır. Dağlıq Qarabağ münaqişəsini indiki vəziyyətdə saxlamaq olmaz”.
"Cərəyan edən hadisələr də işin xeyrinə deyil”
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, prosesin gərginləşməsi və Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi kənar müdaxilələrlə bağlıdır: "Məsələn, ABŞ dövlət katibi Con Kerrinin sonuncu məlum bəyanatı da göstərir ki, müəyyən dairələr münaqişənin həllində maraqlı deyil. Kənardan verilən mesajlarla yanaşı, cərəyan edən hadisələr də prosesin xeyrinə işləmir. Daha doğrusu, bizə ziyan, Ermənistana xeyir edir. Düşmən ölkə hər fürsətdə vəziyyəti gərginləşdirməyə, danışıqlardan yayınmağa çalışır. Son günlər cəbhə bölgəsində yaşanan gərginlik və bir əsgərimizin şəhid olması da ermənilərin təxribatından xəbər verir. Ermənistan rəhbərliyi gərgin mənzərə yaratmaqla dünya birliyinə göstərmək istəyir ki, guya indiki məqamda münaqişənin həlli mümkünsüzdür. Ona görə də danışıqlar prosesinə əsas yoxdur. Digər tərəfdən də Ermənistan Rusiyadan silah-sursat alır”.
"Ermənistan kardinal dəyişikliklərə hamilədir”
Politoloq deyib ki, əslində bölgə dövlətləri Qarabağ cəbhəsində genişmiqyaslı müharibənin başlanmasını istəmirlər. Buna baxmayaraq, bölgədə təhdidlərin sayı durmadan artır: "Regionda mövcud kommunikasiyalar və enerji daşıyıcı xətləri real təhlükə ilə üz-üzədir. Rusiya və İran bölgədə vəziyyətin nəzarətdən çıxmasını istəmirlər. Amma bunun üçün heç nə etmirlər. Reallıq ondadır ki, Ermənistanda daxili ictimai-siyasi vəziyyət həddindən artıq gərgindir. Sarkisyan rejimi özünü qeyri-əmin aparır. İndiki halda Sarkisyanın yeganə dərdi hakimiyyətini qoruyub saxlamaqdır. O, hakim rıçaqları əlində tutmaq üçün istənilən riskə gedə bilər. Ancaq çox güman ki, Sarkisyanın arzusu ürəyində qalacaq. Çünki ölkədə ona qarşı ciddi etiraz var. Ermənistan kardinal dəyişikliklərə hamilədir. Yaxın aylarda düşmən ölkədə böyük proseslər baş verəcək”.
İsmayıl