"Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır" - Deputat

Rauf Əliyev:"Problem bu yolla həll edilməsə, Azərbaycan torpaqlarını öz qüdrətli ordusunun gücü hesabına işğaldan azad edəcək"





"ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekutanın fikirləri bu dövlətin Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında maraqlı olduğunu göstərir. Ancaq məsələ ondadır ki, danışıqlar artıq 24 ildir ki davam edir, lakin heç bir nəticə vermir".

Bu sözləri "Sherg.az"-a Amerikanın Azərbaycandakı səfiri Robert Sekutanın "Azərbaycan və Ermənistan prezdentlərinin görüşü istiqamətdə addımların davamı gəlməli, əlavə işlər görülməlidir" iddiasını dəyərləndirərkən millət vəkili Rauf Əliyev söyləyib. 

Parlamentari diqqətə çatdırıb ki, Ermənistana qarşı nə beynalxalq miqyasda, nə də Minsk qrupunun üzvləri tərəfindən hansısa təzyiqlər var:

"Ona görə də Ermənistan BMT-nin məlum qətnamələrini yerinə yetirmir və yaranmış status- kvonun dəyişməsinin qəti surətdə əleyhinədir. Buna misal olaraq Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə danışıqlarından sonra Azərbaycan - Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədirləri tərəfindən yayılan birgə bəyanatdan sonra Ermənistan prezidentinin verdiyi siyasi bəyanatı göstərmək olar. Həmin rəsmi bəyanatda bildirilib ki, danışıqlar konstruktiv keçib və tərəflər təmas xəttində gərginliyin azaldılması ilə bağlı ümumi razılığa gəliblər. Lakin Ermənistan prezidenti danışıqların ardından isveçrədəki erməni diasporunun nümayyəndələri ilə görüşündə səsləndirdiyi fikirlər sübut edir ki, Sarkisyan həmişəki kimi yenə manipulyasiya və siyasi manevrlərlə məşğuldur. O qeyd edib ki, danışıqlar sonda Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına gətirib çıxarmamalıdır. Sərkisyanın danışıqların ardından verdiyi siyasi bəyənat Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiyinə işarədir. Ermənistanın dəyişilməz mövqeyi ondan xəbər verir ki, bu dövlət danışıqlara ancaq vaxt udmaq üçün, bacardıqca işğal müddətini uzatmaq məqsədi ilə qatılır".

Prezidenti İlham Əliyevin BMT-nin Baş Asambleyasının 72-ci sessiyasindakı tarixi çıxışına toxunan deputat ölkə başçısının həmin sessiyadakı çıxışını bir daha xatırladıb:

"Cənab Prezident bildirdi ki, Ermənistan 24 ildir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o, buna görə cəzalandırılmır. Təcəvüzkara heç bir beynəlxalq təzyiq göstərilmir. Ermənistana qarşı beyynəlxalq sanksiyalar qəbul edilməlidir. Ancaq təcavüzkara qarşı belə sanksiyaların tətbiq edilməsi onu real, nəticələrə hesablanmış danışıqlara vadar edə bilər. Azərbaycan həmişə sülh danışıqlarının aparılmasına hazır olduğunu bəyan edir. Ancaq danışıqlar xatirinə danışıqlar aparmaq niyətində deyil. Azərbaycan bu problemin danışıqlar yolu ilə, beynəlxalq hüquq çərçivəsində, ərazi bütövlüyü daxilində həll edilməsinə çalışır.

  Problem bu yolla həll edilməsə, Azərbaycan torpaqlarını öz qüdrətli ordusunun gücü hesabına işğaldan azad edəcək".


Ayyət Əhməd