Bütövlükdə bu ölkədə dövlətçiliyin böhranı meydana gəlib. Bütün sistem iflic vəziyyətinə düşüb
Ermənistanda gənclər də ölkəni tərk edir, varlılar da...
Çünki heç kim ölkədə vəziyyətin düzələ biləcəyinə ümid etmir
Bütövlükdə bu ölkədə dövlətçiliyin böhranı meydana gəlib. Bütün sistem iflic vəziyyətinə düşüb
Bütövlükdə bu ölkədə dövlətçiliyin böhranı meydana gəlib. Bütün sistem iflic vəziyyətinə düşüb
2016-cı ildə "aprel müharibəsi” zamanı 2000 erməni Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini tərk edib. Bu barədə BMT-nin qaçqınlarla iş üzrə ali komissarının Ermənistan ofisinin nümayəndəsi Kristof Birvirt deyib. Onun sözlərinə görə, Qarabağı tərk edən ermənilər Ermənistanın müxtəlif bölgələrinə yerləşiblər. Ermənipərəst jurnalist Simon Zapollare isə feysbuk səhifəsində ermənilərin kütləvi surətdə Ermənistanı tərk etdiyini yazıb.
O bildirib ki, Ermənistan öz əhalisini sürətli itirdiyinə görə, hətta Suriyanı geridə qoyub: "Hamı Ermənistanı tərk edir. Demək olar ki, ölkədə 47 faiz gənc erməni vətənlərini tərk etməyi düşünür. Mən hər dəfə Ermənistana gedəndə ölkəni tərk edənləri görürəm. İnsanlar orada yaşamaq istəmirlər. Çünki Ermənistanda vəziyyət çox dözülməzdir”. Həqiqətən, düşmən ölkə həm siyasi, həm də iqtisadi böhranın girdabındadır. Ermənistanda sosial durum o qədər ağırlaşıb ki, heç bir erməni orada yaşamaq istəmir, ilk fürsətdə xarabaya çevrilmiş "vətənlərini” tərk edirlər. Qarabağda müvəqqəti məskunlaşdırılmış ermənilər isə Azərbaycan ordusunun gec-tez torpaqlarını azad edəcəyini bildikləri üçün qorxudan işğal altındakı əraziləri qoyub qaçırlar. Erməni mətbuatı da ölkədə müşahidə edilən siyasi və iqtisadi böhranla bağlı düşündürücü informasiyalar yayırlar. Göstərirlər ki, 2018-ci ildə indiki prezident Serj Sarkisyan baş nazir ola bilər. Buna görə də Karen Karapetyanı vəzifəsindən uzaqlaşdıracaqlar. İndiki baş nazirin artıq iki dəfə istefa ərizəsi yazdığı barədə informasiyalar da mövcuddur.
Hər bir halda erməni siyasi dairələrində 2018-ci ildə ciddi dəyişikliklərin olacağı barədə məlumatlar dolaşır. Bununla yanaşı, ölkəni varlı adamların tərk etdiyini də erməni KİV-i vurğulayır. Həmin prosesin arxasında siyasi faktorların dayandığını deyirlər. Belə çıxır ki, artıq Ermənistanda gözlənilən dəyişikliklərdən yaxa qurtarmağa cəhd edənlər var. Yekun olaraq bütün bu proseslərin Ermənistanı daha pis vəziyyətə sürüklədiyini demək mümkündür. Onun yarada biləcəyi fəsadlardan biri də regionda xaosun meydana gəlməsi ola bilər. Ermənistan hələ də Cənubi Qafqazda təhlükə mənbəyi olaraq qalmaqdadır. Karen Karapetyanı ermənilər hurreylə baş nazirliyə gətirəndə böyük vədlər verirdilər.
Ekspertlər yeni baş nazirin həyata keçirəcəyi islahatlardan ağızdolusu danışırdılar. Ehtimal olunurdu ki, Moskvaya yaxınlığı ilə tanınan yeni hökumət başçısı fəal işləməklə, çalışacaq ki, Kremlin ümidlərini doğrultsun. Lakin bir sıra erməni ekspert əvvəlcədən bütün bunların bir oyun olduğu haqqında fikir bildirirdilər. Onlar Ermənistanın real siyasi vəziyyətini təhlil edərək, proqnozlaşdırırdılar ki, əsas məqsədin vəzifə uğrunda savaş olması yaxın zamanlarda bəlli olacaq.
Ermənistandakı siyasi vəziyyət bütövlükdə aydındır. Əvvəla, erməni iqtidarı olduqca çətin situasiyadadır. Yarıtmaz xarici və daxili siyasət ölkəni iflic halına salıb. Belə bir vəziyyətdə hökumətə iqtisadi və siyasi islahatlar apara bilən, idarəetməni şəffaf və demokratik hala gətirən adam başçılıq edə bilməz. Diqqət edirsinizsə, hökumət rəhbərini seçmək üçün əsas faktor kimi təhlükəsizliyi götürürlər. Deməli, demokratiya, insan haqları, iqtisadi islahatların aparılması, xarici siyasətdə barışa və əməkdaşlığa üstünlük vermək yada düşmür. İrəvanın bu kimi sivil məqsədlərlə arası yoxdur. Lakin sözdə rəsmi İrəvan və havadarları daha çox demokratiyadan, insan haqlarından və şəffaflıqdan danışırlar. Yəni bütün bu gəlişigözəl sözlər real acınacaqlı vəziyyəti gizlətmək üçün deyilir. İkincisi, aydın olur ki, Sarkisyanın dərin korrupsiya sistemi ölkədə demokratik idarəetməyə və real iqtisadi-sosial islahatlar aparmağa imkan vermir. Buna görə də hökumətə başçı Respublika partiyasından, yəni korrupsiyanı yaradan siyasi dairədən olmalıdır. Bu keyfiyyətdə isə daha çox Sarkisyan fərqlənir. O, hökumətə ya özü başçılıq etməklə, ya da daha optimal variantda prezident qalaraq ən yaxın korrupsiyaçını gətirməklə vəziyyətdən çıxa bilər. Necə deyərlər, "it itin ayağını basmaz”. Buna görə də K.Karapetyanın vəzifədən uzaqlaşdırılması mümkündür. Nəhayət, başqa bir məqamı da vurğulamaq lazımdır. Ermənistan KİV-ləri ermənilərin, xüsusən varlı adamların ölkədən qaçdığını yazırlar. Onların sırasında keçmiş baş nazirin yaxın adamları da vardır. Onlar özləri bunun səbəblərini izah etmirlər. Ancaq fakt faktlığında qalır, bir zamanlar yüksək vəzifə tutmuş və xeyli kapital toplamış adamlar, yavaş-yavaş aradan çıxmağa başlayıblar. Səbəb nədir? Əsas səbəb ölkənin çox ağır sosial-siyasi və iqtisadi durumda olması ilə bağlıdır. Artıq imkanlı adamlar belə ölkədə vəziyyətin düzələ biləcəyinə ümid etmirlər. Bütün sahələr üzrə böhran getdikcə daha da dərinləşir. Sərmayə qoyub, fəaliyyət göstərmək imkanları da minimumdur. Çünki bütün sferalar hakimiyyətdəki bir qrupun tam nəzarəti altındadır.
Onların başı üstündə də Kremldəki havadarları dayanır. Belə bir şəraitdə Ermənistanda varlı olmaq təhlükəlidir, risklidir. Bunlarla yanaşı, hakimiyyətdə olmuş adamların ölkədən qaçması arxasında onların da korrupsiyaya qurşanması faktı dayanır. Bəzi ayıq oliqarxlar anlayırlar ki, müəyyən müddətdən sonra onları meydana çıxacaq yeni korrupsiya sistemi çökdürə bilər. Bu səbəbdən indidən bütün varidatlarını daha təhlükəsiz olan Avropaya daşıyırlar, sonra da özləri gedirlər. Yuxarıda ifadə edilən fikirlərin fonunda bir məqam tam aydın olur - Ermənistanda müşahidə olunan sosial, siyasi və iqtisadi böhranın müxtəlif səbəbləri var. Bütövlükdə bu ölkədə dövlətçiliyin böhranı meydana gəlib. Bütün sistem iflic vəziyyətinə düşüb. Sözdə parlament idarəetmə sisteminə keçid, reallıqda konkret nəticə verə bilməz. Çünki bütün hallarda demokratik idarəetmə aydın şərtlərin olduğu mühitdə mövcud ola bilir. Burada da inqilabi deyil, liberal transformasiyalar əhəmiyyət kəsb edir. Ermənistanda korrupsiyanın hakimiyyətin və cəmiyyətin dərinliklərinə qədər işləməsi durumunda hansı şəffaflıqdan, yaxud demokratik idarəetmədən danışmaq mümkün deyil. Çünki bütün hallarda islahatlar korrupsiya sistemində ilişib qalacaq.
İsmayıl