Ermənistanda gənclər orduya getməkdən yayınır

“Gənclərin etirazlarına onların valideynləri də qoşulur”
“Gənclərin və tələbələrin getdikcə artan etiraz aksiyası Sarkisyan üçün çox təhlükəlidir”


Bir həftədir Ermənistanın paytaxtı İrəvanda hərbi xidmətə getməkdən imtina edən gənclərin etiraz aksiyaları keçirilir. Əsgərlikdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələr aclıq aksiyasına da başlayıblar.

Müdafiə Nazirliyi isə möhlət hüququnun qarşılığında 3 il hərbi xidməti şərt qoşub. Bu açıqlamadan sonra gənclər ümumiyyətlə əsgərliyə getmək istəmədiklərini, xüsusən təmas xəttində hərbi xidmət çəkməyin əleyhinə olduqlarını bildiriblər. Yeniyetmələr isə işğal olunmuş özgə torpaqlarını qorumaq üçün ölməyə hazır olmadıqlarını ifadə ediblər. Tələbələrin etirazı səngimədən sahibkarlar da parlamentin qarşısına toplaşaraq mitinq təşkil ediblər. Getdikcə ağırlaşan vergilərdən şikayət edən iş adamları dövlətin zor hesabına boşalmış büdcəni doldurmağa cəhd göstərdiyini deyiblər. 

Düşmən ölkədəki etiraz dalğasını "Şərq”ə şərh edən politoloq Qabil Hüseynli deyib ki, Ermənistanda baş verən proseslər ordunun ciddi böhran keçirdiyini göstərir. Ekspertin sözlərinə görə, erməni hökuməti hərbi xidmətə çağırmaq üçün gənc tapmır. Sahibkarların narazılığı isə Ermənistanın iqtisadi durumunu ortaya qoyur: 

"Sarkisyan hər dəfə iddia edir ki, guya təmas xəttini Ermənistan qoşunları yox, Dağlıq Qarabağın "özünü müdafiə orduları” qoruyur. Yəni İrəvan öz yaxasını məsuliyyətdən kənara çəkməyə çalışır. Amma etirazlar və orada səslənən fikirlər bir daha ortaya qoyur ki, təmas xəttini müdafiə edən məhz Ermənistanın tükənmək üzrə olan əsgərləridir. Düşmən ölkənin silahlı qüvvələri say etibarı ilə ciddi böhran keçirir. Gənclərin və tələbələrin getdikcə artan etiraz aksiyası Sarkisyan üçün çox təhlükəlidir. Gənclərin etirazlarına onların valideynləri də qoşulur. 

Erməni xalqı artıq müharibədən doyub. Son günlər Sarkisyanın müəyyən güzəşt siqnalları verməsi də onu göstərir ki, düşmən ölkənin rəhbəri Ermənistanın müharibə aparmaq gücündə olmadığını yaxşı anlayır. Sadəcə olaraq hakimiyyətdə olan Qarabağ klanı öz mənfəətini güdərək adamları zorla müharibəyə, hərbi xidmətə təhrik edir”. 

Ekspertin sözlərinə görə, düşmən ölkə üzləşdiyi iqtisadi böhrana görə, gündən-günə kasıblaşır, əhali Ermənistandan qaçır: 

"Narazılıq getdikcə daha çox təbəqəni əhatə etməyə başlayır. Lakin daha ciddi təlatümlər hələ qabaqdadır. Sarkisyanın hakimiyyətdən əl çəkmək istəməməsi, gələcəkdə baş nazir postuna iddialı olması acınacaqlı vəziyyətin uzun müddət davam edəcəyindən xəbər verir”.

İsmayıl