"Ermənistanda proseslər idarə olunur" - Analitik

Arzu Nağıyev:"Heç vaxt Serj Sarkisyan istefaya getməyəcək, bu məsələnin sonu problemlə nəticələnməyəcək"



"Ermənistan rəhbərliyi ölkədəki etirazları "Məxməri inqilab” adlandırmağa çalışsa da, burada xarici müdaxilə faktoru görünmür”.

Bu barədə "Sherg.az”a analitik Arzu Nağıyev bildirib. 

Onun sözlərinə görə, Qərbin seyirçi mövqedə dayandığı onların açıqlamalarından hiss edilir:

"Burada maraqlı tərəf kimi Rusiya çıxış etməlidir. Məlum məsələdir ki, rəsmi Moskva öz for-postu haqqında hər hansı açıqlama verməyəcək. Serj Sarkisyan və Armen Sarkisyan Rusiyanı razı sala biləcək kadrlardır. 

Proseslər elə qurulub ki, Qarabağ klanı Ermənistanda idarəçiliyini qoruyub saxlaya bilsin. Güc strukturları, bütün qüvvələr Serj Sarkisyanın əlində cəmləşib. Hətta müharibə başlayarsa, baş nazir olan S.Sarkisyan ali baş komandan kimi çıxış edəcək.

Hesab edirəm ki, Ermənistanda proseslər idarə olunur. Heç vaxt Serj Sarkisyan istefaya getməyəcək, bu məsələnin sonu problemlə nəticələnməyəcək. Əsas məsələ budur ki, Ermənistandakı gərginlik müddətində qoşunların təmas xəttində və Dağlıq Qarabağ istiqamətində Azərbaycana qarşı təxribat törədilə bilər”.

Qeyd edək ki, Ermənistanda etiraz dalğası paytaxtdan sonra digər şəhərlərə də yayılıb. Belə ki, Gümrü və Vanadzor şəhərlərində tələbələr küçələrə çıxaraq, hakimiyyətin istefasını tələb ediblər.

Aysel Aslan