Ermənistanın davranışları nəzərə alınacaq

Ekspertlər Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığına problem görmür



Rusiya prezidenti Vladimir Putinin "Azərbaycan, Ermənistan, Kamboca və Nepal Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaqlar” bəyanatı ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Məsələyə münasibət bildirən ekspertlər Azərbaycanın ŞƏT daxilində, ümumiyyətlə işğalçı Ermənistanla hər hansı qurumda təmsil olunmasının mümkünsüz olduğunu vurğulayıblar.

Hətta onların fikrincə, Ermənistan olsun, ya olmasın, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması ölkəmizə yaxşı heç nə vəd etmir. Ancaq düşmən ölkə ilə əməkdaşlıq istisna olunsa, belə bir təşkilata girməyin tərəfdarı olanlar da az deyil.

Siyasi elmlər doktoru, professor Elman Nəsirli deyib ki, əgər Azərbaycanın ŞƏT-lə əməkdaşlığı Ermənistanla münasibətlərə gətirib çıxarırsa, ölkəmiz bu təşkilata üzv olmağın əleyhinə olacaq: "Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayana qədər hər hansı bir təşkilat daxilində olsa belə, Ermənistanla heç bir münasibətdən söhbət gedə bilməz. Hətta Azərbaycanın bu təşkilatla əlaqələrində müəyyən proseslər gedərsə, mütləq Ermənistan faktoru diqqətdə saxlanılacaq və ondan irəli gələn addımlar atılacaq. Hələlik Azərbaycan rəsmiləri bu məsələ ilə bağlı mövqe açıqlamayıb. Amma hər halda bir məsələ aydındır ki, ölkə başçısı İlham Əliyev hər hansı bir addım atan zaman bilavasitə ölkənin milli maraqları kontekstində atır. Putinin bu fikri bizim üçün yeni olsa da, dəyişməz həqiqət odur ki, Azərbaycanın bütün addımları ölçülüb-biçilir, milli maraqlara söykənir”. E.Nəsirliyə görə, Azərbaycan dövlətinin balanslı siyasət yeritdiyi Rusiyaya da bəllidir: "Azərbaycanın bir dövlətlə əməkdaşlığı heç vaxt digərinə qarşı yönəlməyib. Azərbaycan ABŞ və Rusiya ilə sıx münasibətlərin inkişafında maraqlıdır. Bu dövlətlərlə münasibətlərin heç biri digərinin əleyhinə deyil.

Şanxay Əməkdaşlıq Təşkilatına Rusiya və Çin ilə yanaşı, digər Mərkəzi Asiya ölkələri daxildir. Son toplantıda Hindistan və Pakistanın da üzvlüyü məsələsi öz həllini tapdı. Yəni, təşkilata daha iki nüvə dövləti qəbul olundu. Nəticə etibarı ilə yeni güc mərkəzi formalaşdı. Azərbaycan geopolitik prosesləri diqqətlə izləyir. ŞƏT-lə əməkdaşlığın əsası qoyulursa, bu əlaqələrin Azərbaycana nə verəcəyi sualı ortaya çıxacaq. Həmin suala cavab tapılarsa, Azərbaycan addımlarını müəyyən edəcək”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, bu addım rəsmi Bakıya heç bir ziyan gətirməyəcək. Onun sözlərinə görə, qurumda Azərbaycana müşahidəçi statusu verilə bilər: "Sovetlər Birliyi dağıldıqdan sonra Rusiya ilə Çin arasında müəyyən yaxınlaşma oldu. Digər tərəfdən Çinin Mərkəzi Asiya bazarında marağı var idi. Ona görə də, Rusiya, Çin və Mərkəzi Asiya ölkələri belə bir təşkilat yaratdı. Burada siyasi və hərbi məqsədlər müzakirə olunmur. Əsas müzakirə mövzusu iqtisadi və ortaq enerji layihələridir ki, bunda da üzv olan bütün ölkələr maraqlıdır”. Politoloqun fikrincə, Azərbaycana təklif birinci dəfə səslənir: "Bir müddət öncə Azərbaycan təşkilatda təmsilçiliklə bağlı müraciət edib. Yəni Azərbaycanın belə bir istəyi var. ŞƏT böyük təşkilatdır. Orada əsas iqtisadi əməkdaşlıq ön planda tutulur. Burada üzvlük Azərbaycana xeyir gətirə bilər, müəyyən layihələrdə iştirakımızı sürətləndirə bilər. Çünki bu, siyasi, hərbiləşmiş təşkilat deyil, çəkinmək lazım deyil. Regional əməkdaşlığa önəm verməliyik”. Bakının ŞƏT-lə yaxınlaşmasının Qərbdə qısqanclıqla qarşılanmayacağını deyən politoloq Avropa Birliyi ilə enerji layihələrinin qüvvədə qalacağını düşünür: "Azərbaycanın ŞƏT-ə üzvlüyü AB ilə münasibətlərə heç bir xələl gətirə bilməz. Məsələnin başqa tərəfinə baxsaq, Azərbaycan AB ilə assosiativ anlaşma da imzalamayıb. İmzalasaydı belə, bu təşkilata üzvlüyümüz heç bir problem yaratmazdı. O zaman problem yaranar ki, biz Avrasiya İqtisadi Birliyinə üzv olaq. Həmin birlik ki, burada Ermənistan var. Bu, bizim maraqlara ziddir”.

İsmayıl