"Rusiyanın da Qərbə meyl edən bir dövlətə öz xəzinəsindən pul ayırmayacağı məlumdur"
"Ona görə də Paşinyan Türkiyə ilə yaxınlaşmaq cəhdləri edir, Azərbaycanla danışıqlara açıq olduğu barədə mesajlar verir"
Dövlət başçısı İlham Əliyev son çıxışlarında Ermənistanda çox ciddi dəyişikliklərin baş verdiyini söyləyib. Ölkə rəhbəri vurğulayıb ki, Ermənistandakı kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edib. Ona görə də bu rejimin acı sonu məntiqə tam uyğundur. Həmçinin, dövlət başçısı vurğulayıb ki, aparılan ardıcıl, məqsədyönlü siyasət düşmən ölkədəki kriminal xunta rejiminin çökməsində öz rolunu oynayıb: "Bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, torpaqlarımız işğal altındadır, bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq. Bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir. Siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir. İqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik”.
Dəfələrlə bəyan edilib ki, Ermənistanın bərbad və acınacaqlı duruma düşməsi onun işğalçılıq siyasəti ilə bağlıdır. Ermənilər torpaqlarımızı işğal etdikləri üçün rəsmi Bakı İrəvanın təcrid olunma siyasətini aparıb. Əslində dövlət başçısının çıxışında düşmən ölkənin yeni rəhbərliyinə bir mesaj da var. Bəyan edilir ki, "əgər siz də eyni yolu davam etdirsəniz, aqibətiniz Sarkisyan kimi olacaq”.
Ölkəmiz tərəfindən aparılan siyasəti "Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev deyib ki, Azərbaycan xarici siyasətinin ana xətti Qarabağ probleminin çözülməsinə yönəlib. Siyasi şərhçinin sözlərinə görə, bu illər ərzində Azərbaycan işğalçı Ermənistanı və onu dəstəkləyən qüvvələri əlində olan təzyiq vasitələrindən istifadə edərək bir sıra iqtisadi və siyasi layihələrdən kənar tutmağı bacarıb:
"Ermənistan və Rusiya bir sıra böyük həcmli neft kontraktlarından və neftin ixracını təmin edən layihələrdən təcrid olunublar. Buna baxmayaraq, İrəvanın işğal siyasətindən əl çəkdiyi təqdirdə təcrid siyasətindən imtina edə biləcəyimiz də onların diqqətinə çatdırılıb. Azərbaycanın təcrid siyasəti Ermənistanın inkişafına ciddi şəkildə təsir etməkdədir. Ölkə demək olar ki, xaricdən iqtisadi dəstək alaraq yaşamaq məcburiyyətindədir. Artıq Emənistanın bu limiti də tükənib. Uzun müddət təcrid şəraitində yaşayan ermənilərin rifahı pisləşdikcə, hakimiyyətdən narazılıq daha da artır. Məhz bu səbəbdən xalq "Qarabağ klanını” vəzifədən kənarlaşdırdı. İndi Ermənistanda yeni situasiya yaranıb. Paşinyan hakimiyyətinin Rusiya ilə münasibətlərindəki soyuqluq onları xilas yolu axtarmağa vadar edəcək”.
Analitik vurğulayıb ki, indiyə qədər Rusiya və Fransadan böyük maliyyə dəstəyi alan Ermənistan bu imkandan məhrum olub:
"Fransada baş verən etiraz aksiyaları bu dövlətin pullarını boş yerə sərf etməyəcəyi qənaətini verir. Ən azından fransız xalqı buna imkan verməyəcək. Rusiyanın da Qərbə meyl edən bir dövlətə öz xəzinəsindən pul ayırmayacağı məlumdur.
Ona görə də Paşinyan Türkiyə ilə yaxınlaşmaq cəhdləri edir, Azərbaycanla danışıqlara açıq olduğu barədə mesajlar verir. Məncə, ən doğrusu da budur. Lakin davranışların əməli nəticəsi olmayana qədər təcrid siyasətimizdən və güc mexanizmindən əl çəkməməliyik.
Ermənistana olan təzyiqi daha da artırmalıyıq. Fikrimcə, Ermənistanın yeni hakimiyyəti 2019-cu ildə Dağlıq Qarabağ probleminin çözülməsi istiqamətində Azərbaycanla danışıqlara daha intensiv qatıla bilər. Böyük ehtimalla Paşinyan danışıqları vasitəçisiz davam etdirmək cəhdləri göstərəcək. Azərbaycan tərəfi də vasitəçisiz görüşlərə dəstək verməlidir”.
İsmayıl