"Ermənistanın nazı ilə çox oynayırlar”




"Ermənilər neynirlər etsinlər, hər şəhid olmuş Azərbaycan əsgərinin əvəzinə ən azı 10 düşmən əsgərini məhv edəcəyik”.

Bunu Sherg.az-a  millət vəkili Elman Məmmədov deyib. Ermənilərin neytral ərazidə qalan əsgərlərimizin meyitlərini əvvəl qaytarmaq istəmədiyini xatırladan deputat bunun Ermənistanın ilk hərəkəti olmadığını deyib:

"Ermənilər Xocalı soyqırımı zamanı da meyitlərə qarşı müharibə aparırdılar. Meyitlər üzərində insanlığa sığmayan işgəncələr törədib, cəsədləri gizlədib verməyib. Faciəni törətməzdən əvvəl də, indi də ermənilər bu cür əməllərlə məşğuldurlar. Son günlərdə şəhid Çingiz Qurbanovun meyitini 2 aya yaxın özlərində saxlamaqla təxribatlarını bir daha sübut etdilər. Bu onların xislətində var”.

Minsk qrupu ölkələrinin bu illər ərzində erməniləri himayə edib, ərköyünləşdirdiyini söyləyən E.Məmmədovun sözlərinə görə, nəticədə ermənilər Minsk qrupu həmsədrlərini saymırlar:

"Bunlar hamısı həmsədrlərin ermənilərin tərəfindən çıxış etməsinin nəticəsidir. Amma onların həmsədrləri saymadığını demək də düzgün deyil. Həmsədrlər istəsə, nəinki meyitlərin dərhal qaytarılmasını, hətta onların prezidentlərinin Azərbaycan məhkəməsinə təhvil verilməsini də təmin edə bilər. Çünki Minsk qrupunda dünyanın 3 böyük gücü təmsil olunur. Bu böyük dövlətlərin bir cırtdan terrorçu dövlətə gücü çatmırmı? Sözsüz ki, gücü çatır. Sadəcə, bu ölkələr Ermənistanın nazı ilə çox oynayır”.

 Aysel Aslan