Rusiyanın, İranın və Türkiyənin bu vəziyyətdə qazanacağını söyləmək hələ tezdir
Əsədə niyə nəfəs verilir?
ABŞ-ın Suriyadan çıxmasının qaranlıq məqamları var
Rusiyanın, İranın və Türkiyənin bu vəziyyətdə qazanacağını söyləmək hələ tezdir
Rusiyanın, İranın və Türkiyənin bu vəziyyətdə qazanacağını söyləmək hələ tezdir
İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin yaxınlığında silsilə partlayışlar baş verib. Paytaxtın xüsusi mühafizə olunan hissəsi hesab edilən və diplomatik missiyaların yerləşdiyi "yaşıl zona”ya bir neçə minaatan mərmisi buraxılıb. ABŞ səfirliyinin mühafizəçilərinin cavab atəşi açdığı deyilir. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib. Məlumat üçün deyək ki, Amerika Prezidenti Donald Trampın İraqa səfəri və orada Amerika hərbçiləri ilə görüşündən sonra baş verib. Əksər ekspertlər bunu Vaşinqtona cavab olaraq dəyərləndiriblər. Ancaq digər iddialara görə, səfirlik yanında baş vermiş hadisə Ağ Evin növbəti planlarına xidmət edir. Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qalmaqallı açıqlama ilə çıxış edib. Zaxarova bildirib ki, "Türkiyə Suriyadan çəkilməlidir”. Həmçinin, vurğulayıb ki, Amerika əsgərlərinin çəkildiyi yerlərə Əsəd ordusu girməlidir”.
Yaxın Şərq ətrafında cərəyan edən prosesləri "Şərq”ə şərh edən politoloq Azər Rəşidoğlu deyib ki, Yaxın Şərq üzrə təhlilçilər hesab edirlər ki, ABŞ qoşunları Suriyadan çıxarılarsa, ölkədə İŞİD yenidən dirçələ bilər. ABŞ qoşunlarının geri çəkilməsi ilə hökumət qüvvələrinin zəiflədiyini düşünən terrorçular yenidən baş qaldıracaqlar: "Onların 2013-2014-cü illərdə necə sürətlə ortaya çıxdığını, Suriya və İraqda böyük əraziləri ələ keçirdiyini unutmaq olmaz.
Digər tərəfdən, Bəşər Əsəd Suriyanın ərazi bütövlüyünü təmin edə bilər. ABŞ qoşunları Suriyanı tərk etdiyi təqdirdə, Əsəd ölkənin ərazi bütövlüyünü təmin etmək üçün çalışmağa başlayacaq. Bu isə terrorçuların əks həmləsi ilə sonuclana bilər. Burada bir fakta da diqqət yetirək. Suriyada savaş başlanandan İran və Rusiya regionda hərbi mövcudluğunu davam etdirir. ABŞ qoşunlarının regiondan çıxması bu ölkələr üçün qələbə hesab ediləcək. Digər bir tərəfdən Rusiya XİN mətbuat katibi Mariya Zaxarovanın "ABŞ qoşunlarının Suriyadan çıxması siyasi məsələnin həllini asanlaşdıracaq" açıqlaması Kremlin bu addımdan məmnun olduğunu göstərir. Belə olan təqdirdə, Ankaranın qazancı nədən ibarət olacaq? Siyasi araşdırmaçılara görə, Türkiyə daxili təhlükəsizliyini təmin edə bilər. Ankara Suriyanın şimalında sərhəd zolağında PKK-ya qarşı hərbi əməliyyatlar təşkil edərək ölkənin daxili təhlükəsizliyini təmin edəcək”.
Ekspertin sözlərinə görə, ABŞ Suriyadan geri çəkiləcəyi təqdirdə, bu qərarı həm Suriya, həm Türkiyə, həm Rusiya və İran baxımından qələbə hesab etmək olar.
Lakin ABŞ Türkiyə üçün etibarlı bir tərəfdaş deyil:
"ABŞ-ın strateji məqsədi Suriya-İraq-Türkiyə "üçbucağında" vahid kürd ərazisi yaratmaq, orada süni Kürdüstan qurmaq, sonrakı mərhələdə ondan İran və Türkiyəyə qarşı istifadə etməkdir. Bununla ABŞ Suriyada Rusiyanın da mövqeyini zəiflətməyi düşünür.
Hazırda Türkiyə Suriya məsələsi ilə bağlı Rusiya ilə müttəfiqlik əlaqəsini saxlayır. Tarix boyu olan münasibətləri nəzərə alsaq Rusiya ilə Türkiyə arasındakı müttəfiqliyin uğurlu olacağına müəyyən dərəcədə şübhə ilə yanaşmaq olar. Lakin dövlətlərarası münasibətlərdə tarix boyu olan dost, qardaş, həmçinin düşmən mövqelərin bu gün elə də önəm daşımadığını İngiltərə ilə Fransanın əlaqələri timsalında görə bilərik. Bir məqamın da təhlilə ehtiyacı var. ABŞ-ın Suriyada yeganə məqsədinin İŞİD-lə mübarizə olduğu şübhə doğurur. Vaşinqton "kürd kartı"ndan istifadə edərək Suriyanı parçalamağa çalışır. Bu da Türkiyə ilə münasibətlərin gərginləşməsinə səbəb olur. ABŞ Suriyanın cənubundakı qoşunlarını çıxarması Ankara ilə münasibətlərdə gərginliyi nisbətən aradan qaldıra bilər. Lakin Ağ Ev sözügedən regionda nüfuzunu təmin etməyi öz varlığını davam etdirməklə eyni səviyyədə görür. Bu strategiya ilə ABŞ-ın yaşayış sahəsi Amerika qitəsi çərçivəsindən kənara çıxır. Vaşinqtonlu araşdırmaçılar açıq bəyan edirlər ki, artıq okeanlar ABŞ-ı müdafiə etməyə kifayət etmir. "Böyük Yaxın Şərq" layihəsi də Amerikanın bu strateji planının içərisindədir”.
Analitikə görə, ABŞ bugünkü yeni strateji konsepsiyasında Yaxın Şərqi bütün sahələrdə daha sıx şəkildə təsir altında saxlamağı məqsəd güdür:
"Onsuz da strateji baxımdan amerikalı strateqlər Yaxın Şərqi əvvəlcədən "Mərkəzi Hərəkat Sahəsi" kimi təsvir edib. CENTCOM adlandırdığı və bölgədə yaratdığı komandanlığın fəaliyyət sahəsini də Yaxın Şərq və Afrika kimi müəyyənləşdirib. Belə olan təqdirdə, "ABŞ-ın Suriyadan qoşunlarının çıxarılmasının arxasında nə dayanır" sualı daha da aktuallaşır...”.
İsmayıl