Əslində fərdi təhsilə cəlb olunanların göstəriciləri daha yüksək olmalıdır

Amma buraxılış imtahanları və qəbul imtahanlarının nəticələrinə baxdıqda əksini görürük
Bu problem ondan irəli gəlir ki, fərdi təhsilə cəlb olunmuş şəxslərlə işləyən müəllimlər elə də yüksək bilik və bacarıqlara malik deyil


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva 8 yaşdan yuxarı uşaqların fərdi təhsilə cəlb olunduğunu deyib. Onun sözlərinə görə, belə uşaqların sayı təxminən 1000 nəfərə yaxındır.
O bildirib ki, müxtəlif səbəblərə görə təhsildən yayınan uşaqlar var: "Bu uşaqların təhsilə cəlb olunmasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi özü də maraqlıdır. Yaşı ötmüş olsa belə valideynlər idarəyə müraciət etdikdə biz o uşaqların təhsilə cəlb olunması istiqamətində lazımi dəstəyi göstəririk”.

BŞTİ-nin müdiri uşaqların təhsildən yayınmasına ailə zəminində baş verən problemlərin, uşaqların sağlamlığında yaranan xəstəliklərin səbəb olduğunu qeyd edib.

Uşaqların fərdi təhsilə cəlb olunması ilə bağlı "Şərq”ə açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında” Azərbaycan Respublikası qanununun iddialarına görə, təhsil alma formalarından biri də fərdi təhsil sistemidir. Ekspert deyib ki, ənənəvi formada təhsildən başqa fərdi və evdə təhsil alma formaları da mövcuddur: 

"Burda sağlamlıq imkanları məhdud olan şəxslər ya fərdi, ya da evdə təhsil alırlar. Fərdi təhsilə daha çox oxuduğu müddətdə yüksək göstəricilərə malik olan şəxslər cəlb olunur. Yəni, onların fitri istedadları və bacarıqları var, bütün şagirdlərlə bir yerdə təhsil almaları onların inkişafına yox, əksinə, geriləməsinə gətirib çıxara bilər. 2 halda fərdi təhsilə cəlb olunma mexanizmi tətbiq olunur. Nazirlər Kabinetinin imzaladığı qərara görə, müəyyən xəstəliklərin daşıyıcısı olan şagirdlər var. Təəssüf ki, onların ümumi şagirdlərlə bərabər təhsil alması mümkün deyil. Ona görə də onları fərdi təhsilə cəlb edirlər. Əslində qanunvericilikdə göstərilir ki, fərdi təhsilə cəlb olunanların göstəriciləri daha yüksək səviyyədə olmalıdır. Amma buraxılış imtahanları və qəbul imtahanlarının nəticələrinə baxdıqda görürük ki, fərdi təhsil və evdə təhsilə cəlb olunanların istər ali məktəblərə qəbulu zamanı, istərsə də buraxılış imtahanlarında nəticələri o qədər də yüksək deyil və digərlərindən fərqlənmir. Bu problem ondan irəli gəlir ki, fərdi təhsilə cəlb olunmuş şəxslərlə işləyən müəllimlər elə də yüksək bilik və bacarıqlara malik deyil. Bunların dərslərinə ciddi şəkildə nəzarət həyata keçirilmir. 

Onu da deyim ki, hazırda Bakı şəhəri üzrə yalnız 7 məktəbdə fərdi təhsilə cəlb olunma ilə bağlı siniflər fəaliyyət göstərir.

Nəzərə alsaq ki, Bakı şəhərində 310-a yaxın orta ümumtəhsil məktəbi fəaliyyət göstərir və onların heç də hamısında bu tipli təhsil formaları mümkün deyil. Dünya təcrübəsində daha çox o şagirdləri fərdi təhsilə cəlb edirlər ki, onların orta məktəbdə fəaliyyəti, məktəbin futbol, volleybol və digər idman yarışlarındakı iştirak yüksəkdir. Onların ümumi məktəbdə vaxt itkisinə yol verməmək üçün fərdi təhsilə cəlb olunmaları var. Təəssüflər olsun ki, Azərbaycanda fərdi təhsil qanunvericilikdə nəzərdə tutulsa da, bu sahədə ciddi şəkildə boşluqlar var. Hesab edirəm ki, fərdi təhsilə cəlb olunma üzərində ciddi şəkildə işləmək lazımdır. Bir çox hallarda fərdi təhsil yuxarı siniflərdə olur və buna şərait yaradan məktəb və müəllimlər övladlarını dərsdən yayındırıb repetitor yanına getməsinə şərait yaratmaq üçün bu mexanizmi seçirlər. Məncə, bu sahəyə ciddi nəzarət olsa, əslində bu, təhsilimiz üçün çox effektiv bir üsuldur”.

Yeganə Bayramova