Eşşək südü və pendirinin elə də böyük faydası yoxdur

“Min bir dərdin dərmanı olsaydı, insanlar xəstəliklərdən canlarını qurtarardılar”“Duzda saxlanma müddəti qısa olan pendirlərdə ən qorxulu və təhlükəli xəstəlik olan brotilyoz xəstəliyinə yoluxmaq mümkündür. Hansı ki, bu xəstəlik bir ömür insanla gedir, demək olar ki, müalicəsi tam olunmur”
Bir müddət öncə ölkədə 5 min eşşəyin yoxa çıxması ilə bağlı iddialar səslənmişdi. Bu xəbər sosial şəbəkələrdə, eyni zamanda medianın gündəmində xeyli müzakirələrə səbəb oldu. Kimisi yoxa çıxan eşşəklərin kolbasa sexlərinə, restoranlara, kimisi də dönərxanalara verildiyini iddia edirdi.
Qeyd edək ki, hələ sovet dönəmində kolbasa məhsullarının tərkibində eşşək ətinin istifadəsinə icazə verilirdi. Hətta bu, kolbasanın vazkeçilməzi hesab olunurdu. Səbəb isə lazım olan tamın əldə edilməsi idi. İndi isə eşşək südündən hazırlanan ağartı məhsulları gündəmi zəbt edib. Hətta bir çox mütəxəssislər eşşək südünün min bir dərdin dərmanı olduğunu deyir. Fermerlərin sözlərinə görə, eşşək südünün qiymətinin son illər qalxmasına səbəb tələbin çox olmasıdır. Bəs, Azərbaycanda eşşək südünün qiyməti neçəyədir? Ümumiyyətlə, bizdə bu işlə məşğul olan fermalar varmı?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli Azərbaycanda belə fermaların olmadığını deyib: "Amma ayrı-ayrı şəxslər bu heyvanı saxlayır. Südün qiyməti ilə bağlı dəqiq informasiyam yoxdur, amma eşşək südündən hazırlanan pendirin bir kilosu 58 manatdır”.
Bəs qiymətin belə baha olmasına səbəb nədir? Çətin tapılması üçün tələbatın çoxluğu, yoxsa qeyri-adi faydaları? Bunlarla bağlı "Şərq”ə danışan həkim-terapevt Şəmsiyyə Namazlı eşşək südünün xüsusi bir keyfiyyətinin olmadığını dedi. Onun sözlərinə görə, eşşək südü və ya pendiri ölkəmizdə kütləvi olaraq istifadə edilmədiyi üçün mütləq yoxlanışdan keçməlidir. Əks-halda, insanların bir sıra ciddi xəstəliklərə yoluxması baş verə bilər.
Ş.Namazlı həmçinin bildirib ki, ümumiyyətlə, eşşək əti və ya onun südü, pendiri millətimizin psixologiyasına, mətbəx mədəniyyətinə uyğun bir qida deyil: "Hər hansı bir şey olan kimi el arasında belə bir deyim var, "min bir dərdin dərmanıdı”. İstər eşşək südü və ya pendiri olsun, bu möhürü vururlar. Heç nə belə deyil. Min bir dərdin dərmanı olsaydı, insanlar xəstəliklərdən canlarını qurtarardılar”.
Qiymətin baha olmasına gəlincə, həkim bildirib ki, səbəb eşşək südünün miqdar baxımından az olması, yəni insanlar arasında az istifadə edilməsi və çətin tapılmasıdır: "Məsələn, inək südü ferma şəklində və çoxlu miqdarda olur. Biz onu neçə litrlərlə götürə bilirik. Amma tərkib baxımından eşşək südündə qeyri-adi nələrinsə olduğunu düşünmürəm. Südün tərkibində əsasən kozeyin adlı bir maddə, zülal və kalsium olur. Bu maddələri əsas götürürük. Eşşəyin südü və ya pendiri istifadə olunmamışdan qabaq mütləq yoxlamadan keçməlidir. Müxtəlif infeksion və heyvanlardan keçən xəstəliklər-brotilyoz, malyariya, qarayara süd, qatıq, xüsusilə də pendirdən keçir. Duzda saxlanma müddəti qısa olan pendirlərdə ən qorxulu və təhlükəli xəstəlik olan brotilyoz xəstəliyinə yoluxmaq mümkündür. Hansı ki, bu xəstəlik bir ömür insanla gedir, demək olar ki, müalicəsi tam olunmur. İnsanı hətta axırda əlil dərəcəsinə gətirir. Düşünürəm ki, inək südü ilə müqayisədə eşşək südünün tərkibində sadəcə inqridyentlər faiz etibarı çox ola bilər. Məsələn, keçi və inək südü arasında fərqlilik var. Əgər xüsusi bir təsərrüfat varsa, külli miqdarda istifadə olunursa, yəqin xəstəliklərin keçməsi olmaz. Amma yoxlanmamış belə bir məhsuldan istifadə etmək çox riskdir. Ümumiyyətlə, bu qida bizim mentallığa uyğun deyil”.
Yeganə Bayramova