Azər Mehdiyev: “Hökumət öz işinə düzgün nəzarət etsə, insanlar aldıqlarının keyfiyyətinə əmin olacaqlar”
"Bakıda tikilən ət kombinatları istifadəyə veriləndən sonra diri heyvanların şəhərə girişi qadağan olunacaq”. Bu barədə Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov deyib. Qurum rəhbəri bunun səbəbini paytaxtın girişində iki yerdə ət kombinatlarının tikilməsi ilə izah edib:
"İribuynuzlu heyvanların kəsilməsi üçün nəzərdə tutulan ət kombinatlarının tikintisi davam etdirilir. Yaxın zamanlarda onlar istifadəyə veriləcək. Həmin ət kombinatlarında bir gündə 5 min baş iribuynuzlu heyvanın kəsilməsi mümkün olacaq. Ət kombinatları istifadəyə veriləndən sonra Bakı şəhəri ətlə tam təmin olunacaq, beləliklə də tələblərə cavab verməyən sallaqxanalar yığışdırılacaq”. A.Aslanov qaydalara cavab verməyən sallaqxanalarda mütəmadi reydlərin keçirildiyini də qeyd edib. Doğrudur, əlaqədar qurum addımı həmin sahədə nizam-intizam yaratmaq məqsədilə tətbiq etsə də, bəzi ekspertlər bunun müsbət effekt verməyəcəyini və cəmiyyətdə müəyyən narazılıqlara yol açacağını söyləyirlər. Onlar iddia edirlər ki, ət istehsalı da məmurlardan birinin əlində cəmlənəcək ki, bu da həmin sahənin inhisara alınmasına gətirib çıxaracaq. Bundan başqa, bildirirlər ki, ət kombinatlarının yaradılması ilə istehlakçının seçim imkanı məhdudlaşacaq. Məsələn, istehlakçıları ətini aldığı heyvanın yaşı, çəkisi, hansı hissəsindən almaq lazım olduğu da maraqlandırır. Ət kombinatına verildikdən sonra alıcılar bunlarla tanış olmaq imkanından məhrum olacaqlar. Ətin kombinatlarda kəsilərək mağazalara paylanması nəticəsində istehlakçının seçim hüququ olmayacaq. İnsanlar məcburiyyət qarşısında qalıb ona təklif edilən ətləri alacaqlar ki, bu da etiraza səbəb olacaq.
Məsələni dəyərləndirən iqtisadçı-ekspert Azər Mehdiyev "Şərq”ə açıqlamasında söyləyib ki, hansısa normal inkişaf etmiş ölkədə şəhərin hər yerində sallaqxana görmək mümkünsüzdür. Onun sözlərinə görə, ətin kəsilməsi və satılması müvafiq şərtlərlə təmin edilməlidir: "Baxın, şəhərimizdəki sallaqxanaların 95 faizində lazımi şərait yoxdur”.
Kombinatlarda kəsilən heyvanların sağlamlıq və ya təhlükəsizliyinə gəlincə, ekspert vurğulayıb ki, heyvanlar insanların gözü qarşısında kəsiləndə insanlar ətin təmiz olmasına dair zəmanət əldə edirlər: "Ancaq problemin aradan qaldırılması üçün ixtsislaşmış ət kombinatları yaradılmalıdır. Onlar dövlətin nəzarəti altında fəaliyyət göstərməlidirlər. Ət satışa çıxarılarkən kəsilmiş heyvan barədə məlumatlar verilməlidir. Müvafiq xidmətlər ətin sağlamlığına nəzarət etməlidir. Təmizliyini yoxlamalıdır”.
Ət kombinatlarının dünya təcrübəsində də mövcud olduğunu deyən həmsöhbətimizin qənaətincə, insanlar hökumətə inanmalıdır: "Bunun üçün hökumət prosesə ciddi nəzarət etməlidir. Həmin kombinatlarda çalışanlar bilməlidirlər ki, saxtakarlığa və qanunsuzluğa yol versələr, ağır cəzalara məruz qalacaqlar. Belə olarsa, kombinatlarda şəffaf xidmət qorunacaq. Bu mənada əlaqədar idarə şəffaf işləyəcək. Hökumət öz işinə düzgün nəzarət etsə, insanlar aldıqlarının keyfiyyətinə əmin olacaqlar”.
"Azərbaycanda ət istehsalı inhisara alınır” iddiasına gəlincə, A.Mehdiyev qeyd edib ki, problemi ortadan qaldırmaq üçün kombinatlar yaratmaq deyil, məsələni ayrı-ayrı sahibkarların üzərinə buraxmaq lazımdır: "Sahibkarlar arasında rəqabət şəraiti yaradılmalıdır ki, onlar daha doğru işləsinlər. Əhali arasında inam qazansınlar. Vacib şərtlərdən biridir. Ət sahəsi inhisara alınacaqsa, kombinatlara sərt nəzarət olmayacaqsa, ətin keyfiyyətinə heç kim zəmanət verə bilməz”.
Diri heyvanların şəhərə girişinə qoyulan qadağaya diqqət çəkən müsahibimiz bəyan edib ki, əslində rayonlardan paytaxta heyvan gətirmək təcrübəsi ortadan qaldırılmalıdır: "Bunlar geri qalmışlığın əlamətidir. Heyvanların küçələrdə kəsilməsi, qanının küçələrə axıdılması yaxşı hal deyil. Bu işlər müvafiq şəkildə qurulmuş yerlərdə olmalıdır ki, məhsul gigiyenik tələblərə cavab versin”.
Ayyət Əhməd