Əhməd Qəşəmoğlu: “Siqaret çəkməyənlər, siqaret çəkənlərə rişxəndlə baxmamalıdır”
“Etiraf etmək lazımdır ki, tələskənliyə yol verilib”
Boşluqları doldurmaq üçün əvvəlcədən hazırlıq görülməli idi
Əhməd Qəşəmoğlu: “Siqaret çəkməyənlər, siqaret çəkənlərə rişxəndlə baxmamalıdır”
Əhməd Qəşəmoğlu: “Siqaret çəkməyənlər, siqaret çəkənlərə rişxəndlə baxmamalıdır”
Xəbər verildiyi kimi, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilib. Qanunu pozanlar 30 manatdan 1000 manata qədər cərimələnəcəklər. Bundan sonra müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılması və görünən yerlərdə "siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının asılması zəruri olacaq. Məsələ ondadır ki, yeni qanun mövcud İnzibati Xətalar Məcəlləsinin bəzi maddələrini ləğv edir. Deputatlar bildirirlər ki, yeni qanunla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər olmalıdır. Amma hazırda Milli Məclis məzuniyyətdədir.
Parlamentin yaz sessiyasında həm mexanizm, həm də cərimələrin məbləği müəyyənləşəcək. O səbəbdən hələlik qanunun icrası ləngiyir. Ancaq deyilənə görə, bəzi qapalı məkan sahiblərinə, restoran və kafelərə, şadlıq saraylarına bununla bağlı artıq xəbərdarlıqlar edilib. Reallıq odur ki, ictimaiyyətdə siqaret məhdudiyyətini alqışlayanlarla yanaşı, qərara narazılıq edənlər də var. Ümumiyyətlə, bu məsələ gündəmə gəldiyi gündən cəmiyyətdə birmənalı fikir yoxdur. Bəzi insanlar "siqaret çəkənlərin də hüquqlarının olduğunu”, "qadağanın iqtisadiyyata mənfi təsir göstərəcəyini” iddia edirlər. Hətta cəmiyyətin bu məhdudiyyətə hazır olmadığını irəli sürürlər. Lakin əksəriyyət xarici ölkələri misal gətirərək, siqaretin zərərlərini önə sürərək qadağanın yerində və zəruri olduğunu bildirirlər.
Vəziyyəti nəzərə alaraq, tanınmış sosioloq-alim, professor Əhməd Qəşəmoğlu ilə məsələlərə aydınlıq gətirməyə çalışdıq.
Professor "Şərq”ə açıqlamasında mövcud qanunla bağlı özünəxas fikirlərini dilə gətirdi...
- Əhməd müəllim, əksər məkanlarda siqaretdən istifadənin qadağan edilməsi ilə bağlı qəbul edilmiş qanuna münasibətiniz necədir?
- İlk növbədə qanunu alqışlayıram, məncə, belə bir qanun olmalıdır. Amma qanunun formatı və mexanizmi başqa cür olsa yaxşı olardı. Bəzən elə təsəvvür yaranır ki, qanun qəbul etməklə problemi kökündən həll etmək mümkündür. Sadəcə qanunla heç bir məsələni yoluna qoymaq olmaz. Mən 5 ilə yaxın Milli Məclisdə Elmi Tədqiqat Mərkəzinin rəhbəri olmuşam. Ona əsasən deyirəm ki, işlər kompleks görülməlidir. Uzun müddət həm maarifləndirmə işi getməli, həm də insanlara aydın şəkildə siqaretin dəhşətləri barədə məlumat verilməlidir. Bu işə televiziyalar da qoşulmalı, gündəlik izahlar verilməlidir. Birdən-birə qanun çıxarmaqla sadəcə əlavə problemlər yaratmaq mümkündür. Eşitdiyimə görə, artıq bəzi obyektlərdə narazılıqlar olub. Qanun təqdirəlayiqdir, amma təkmilləşdirilməsi üçün zəruri işlər görülməlidir.
- Problem ondadır ki, yeni qanun mövcud İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrini ləğv edir. İlk növbədə parlament həmin boşluğu aradan qaldırmalıdır. Ona görə də hələlik qanunun tətbiqi gecikir...
- Ortaya çıxan problemlər, iradlar mediada, sosial şəbəkədə müzakirə olunur. Mən də hesab edirəm ki, vurğulanan məqam ciddidir və bir an öncə həllini tapmalıdır. Boşluqları doldurmaq üçün əvvəlcədən hazırlıq görülməli idi. Öncə qanun qəbul edib, sonradan korrektələr etmək müxtəlif cəhətlərdən arzuolunan deyil. Etiraf etmək lazımdır ki, bu məsələdə tələskənliyə yol verilib. Amma qanun artıq verilib, ona görə gec də olsa, işləri yekunlaşdırmaq lazımdır.
- Qanunun sona qədər tətbiq olunacağına da şübhələr var. Ümumiyyətlə, "cəmiyyətin bu qanuna hazır olmaması” ilə bağlı səsləndirilən iddiaları necə dəyərləndirirsiz? Cəmiyyəti qanunlara necə hazırlamaq lazımdır?
- Düşünürəm ki, cəmiyyətin hazırlanmasına dini şəbəkəni, yəni din xadimlərini də qatmaq lazımdır. Burada din xadimlərinin işi çox mühümdür. Çünki ortada həm də haram fəlsəfəsi var. Peyğəmbər zamanında o şeylər haram buyrulub ki, onlar insanların sağlamlığı üçün ciddi təhlükə yaradıb. Spirtli içkilər də daxil olmaqla nə qədər haram şey varsa, hamısı insanların səhhətinə birbaşa ziyandır. Qafqaz Müsəlmanları İdarəsi başda olmaqla, dini ekspertlər bu sahədə maarifləndirmə işi qura bilərlər. Haram anlayışı üzərindən siqaretin də haram olduğunu cəmiyyətə aşılamaq mümkündür. Hətta bununla bağlı ayrıca fətva da vermək məqsədəuyğun olardı.
- Siqaret çəkənlər çəkməyənləri, ya da əksinə, qarşı tərəf digərini suçlayır, biri-birinin hüququna hörmət etməməkdə ittiham edir. Sanki siqaretdən istifadə edənlər qanuna narazılıqla yanaşır, çəkməyənlər isə sevinclə qarşılayır. Qanun qəbulunda zidləşmə normaldırmı?
- Əvvəla onu deyim ki, siqaret çəkməyənlərin tütündən istifadə edənlərə yuxarıdan-aşağı və rişxəndlə baxması düzgün deyil. Hər bir vətəndaşın mövqeyi belə olmalıdır ki, siqaret çəkən dostlarımıza problemi olan insanlar kimi baxmalıyıq. Çünki siqaret çəkmək hansısa xəstəliyə mübtəla olmaq kimi bir şeydir. Cəmiyyətə aşılamaq lazımdır ki, siqaret çəkmək qəhrəmanlıq deyil, sadəcə xəstəlikdir. Ona görə də siqaretdən istifadə edənlər də, etməyənlər də biri-birinə anlayışla yanaşmalıdır. Təəssüflər ki, bəzi xanımlar da siqaret çəkənlərin sırasına qoşulublar. Mən siqaret çəkməyənlərdən biriyəm. Hamımız elə hesab edək ki, yaxın adamımız, qohumumuz hansısa xəstəliyə düçar olub, biz də onun sağalması üçün əlimizdən gələni edirik.
- Hesab edilir ki, bəzi obyektlərdə qanunun tam icrası problem yaradacaq. Məsələn, yüzlərlə insanın iştirak etdiyi şadlıq saraylarında siqaret qadağası "qanqaraçılıq” yarada bilərmi? Obyektlə yanaşı, toy sahiblərinin də məsuliyyət daşıyacağı deyilir...
- İnsanları kütləvi şəkildə nəyəsə hazırlamaq üçün ictimai rəyin formalaşdırma və maarifləndirmə mexanizmləri var. Məlumdur ki, hazırda əsas effektli rol oynayan vasitə televiziya kanallarıdır. Televiziyalar formal yox, məzmunlu verilişlər hazırlayaraq cəmiyyətə izahlı süjetlər təqdim etməlidir. Xüsusən, siqaretin fəsadları ilə bağlı mövcud olan video-çarxlar tez-tez efirə verilməlidir. Reallıq odur ki, hər yeri gəzib ayrı-ayrı obyektlərdə maarifləndirmə işi aparmaq mümkün deyil. Amma Həmkarlar Təşkilatı kimi strukturlardan istifadə edərək ümumi iş aparmaq olar. Ən əsası isə odur ki, idarə rəhbərləri bu işə seyirçi qalmasınlar. Onlar da əlini daşın altına qoysunlar. Fikrimcə, görülən işlərin nəticələri ilə bağlı iki-üç aydan sonra monitorinqlər təşkil edilməlidir. Bu, obyektlərə nəzarət mexanizmini asanlaşdırar. Həmçinin, başqa ölkələrin təcrübələrini öyrənməyə çalışmalıyıq. Misal üçün, Türkiyə və Avropa ölkələrində bununla bağlı praktika mövcuddur. O ki qaldı, şadlıq evlərində siqaret çəkənlərə, fikir versəz, görərsiz ki, kişilərin yanında xanımlar, balaca uşaqlar, hətta ağır xəstəliyi olan şəxslər də olur. Çox adam var ki, siqaretin tüstüsündən qıcıqlanır, alergiyası yaranır. Kiminsə xoş günündə iştirak etməyə gələn qonaqlar digər iştirakçıların siqaret zülmünə məruz qalmamalıdır. Heç kimi stola bağlamırlar ki? Tütün aludəçiləri onlar üçün ayrılmış xüsusi yerlərdə siqaret çəkə bilərlər. Elə indinin özündə kişilərin çoxu zalın girəcəyində oturub siqaret çəkirlər, içəri girmirlər.
- Müzakirə olunan mühüm məqamlardan biri də qanunun icra olunmasına kimin, hansı qurumun nəzarət edəcəyi ilə bağlıdır. Sizcə, bu funksiyanı ən yaxşı hansı orqan həyata keçirə bilər?
- Mən AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşıyam. Başqa bir qurumun nümayəndəsinin gəlib akademiyaya nəzarət etməsi AMEA-nın özü üçün etik baxımdan yaxşı alınmır. Nəzərə alaq ki, başqa bir çox qapalı qurumlar var. Fikrimcə, bu məsələyə nəzarət səlahiyyəti birbaşa həmin qurumun rəhbərliyinə həvalə edilməlidir. Bayaq vurğuladığım kimi, Həmkarlar Təşkilatları da bu işdə fəal olmalıdır. Ümumən isə qadağaların icra edilməsinə və monitorinqlərin hazırlanmasına cavabdehlik hansısa inzibati struktura tapşırılmalıdır. Əlbəttə, bu işi polis idarələrinə tapşırmaq olmaz. Çünki inzibati cəzalandırma sərt olmamalı, nəzarət mexanizmi yumşaq həyata keçirilməlidir.
- Belə fikirlər də formalaşıb ki, tütün məmulatından istifadənin məhdudlaşdırılması ticarət dövriyyəsinə, ümumilikdə iqtisadiyyata mənfi təsir göstərəcək. Sizcə, belə qadağalarda bu cür məqamlar nəzərə alınmalıdırmı?
- Bu cür qanunların qəbulu zamanı ticarət məsələsi arxa plana keçməlidir. Çünki bizim əsas məqsədimiz ölkənin əhalisinin keyfiyyəti məsələsidir. Bu da həm fiziki sağlamlıq, həm də mənəvi zənginlik, həm də əməyə münasibət parametrləri ilə ölçülür. O şeylər ki, əhalinin fiziki sağlamlığına və ya mənəvi zənginliyinə xələl gətirir, onlara birdəfəlik son vermək lazımdır. Mahiyyət etibarı ilə siqaretə qarşı mübarizə tütün məhsullarının satışına mənfi təsir göstərəcək. Amma heç vaxt əhalinin sağlamlığını ticarətə qurban verə bilmərik. Yenə də mümkün qədər çalışıb elə etmək olar ki, ticarət şəbəkəsi də çox ziyan görməsin, eləcə də insanların sağlamlığı nəzərə alınsın.
İsmayıl Qocayev