Qarabağın keçmiş lideri Araik Arutyunyan Bakıdakı həbsxanada notarius xidmətindən istifadə edib.
Sherg.az xəbər verir ki, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva RIA Novosti-yə açıqlamasında bildirib.
“Erməni əsilli şəxslərlə, o cümlədən Arutyunyanla Ombudsmanın görüşləri ibtidai istintaq dövründə, məhkəmə prosesləri zamanı, eləcə də məhkum edildikdən və penitensiar müəssisəyə köçürüldükdən sonra keçirilib. Sonuncu görüş zamanı Arutyunyan notarius xidmətindən istifadə edib”, - deyə Ombudsman bildirib.
Onun sözlərinə görə, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri həmin xidmətin göstərilməsini müşahidə ediblər. Arutyunyanın konkret olaraq hansı notariat xidmətindən istifadə etdiyi isə Əliyevanın aparatında dəqiqləşdirilməyib.
Azərbaycan Ombudsmanı əlavə edib ki, bununla yanaşı, əlavə tibbi müayinənin keçirilməsi, eləcə də ailə üzvləri ilə əlavə telefon danışıqlarının təmin olunması ilə bağlı məsələlərin həlli də təmin edilib.
Ruben Vardanyanın Azərbaycan həbsxanasında erməni məhbusların hüquqlarının pozulması ilə bağlı qaldırdığı məsələlərə cavab olaraq Ombudsman bildirib ki, “məhbuslar etibarnamələrin verilməsi, ərizələrdəki imzaların təsdiqlənməsi və vəsiyyətnamənin rəsmiləşdirilməsi kimi hüquqi əməliyyatların həyata keçirilməsi üçün penitensiar müəssisəyə notariusun gəlməsini tələb edə bilərlər”.