Evdə səs gəldi 300 manatını hazırla...

Cərimələr yaxşıdır, amma baxır hansı hallarda tətbiq olunmalıdır“Gecə yarısı qonşunun körpəsi evdə narahatlıq yaradır deyə, ondan polisə şikayət eləmək doğru deyil "
Azərbaycanda məişət səs-küyünə qarşı mübarizə tədbirləri gücləndirilir. Qaydaların pozulmasına görə, cərimələr artırılır. Cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Layihəyə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24:00-dan səhər 7:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə cərimə ediləcək. Hazırda isə belə qayda pozuntusuna görə xəbərdarlıq edilir və ya 30 manatdan 50 manatadək miqdarda cərimə edilir. Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hələlik layihə formasındadır. Milli Məclis qəbul edərsə, yeni məcəllə 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək.
Sosioloq Əhməd Qəşəmoğlu məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə cərimələrin artırılması layihəsini dəstəklədiyini deyib. Ancaq o hesab edir ki, heç bir halda bu dəyişikliklərdən sui-istifadə hallarına yol verilməməlidir: "Gecə yarısı qonşunun körpəsi evdə narahatlıq yaradır deyə, ondan polisə şikayət eləmək doğru deyil. Bu cərimələr məişət səs-küyünə qarşı mübarizə tələblərini bilərəkdən pozan şəxslərə şamil edilir. Elə adamlar var ki, avtomobilinə yeni maqnitofon aldığını qonşulara görk eləmək üçün gecə saat 3-də yüksək səslə mahnıya qulaq asır. Eləsi də var ki, yay vaxtı pəncərələri açır, səsgücləndiriciləri də qoşur və başlayırlar atılıb-düşməyə. Bəzən küçələrdən keçərkən, avtobus dayanacaqlarında nəqliyyat gözləyərkən, hətta yoldan keçən maşınların salonundan belə ətrafa yüksək səsli musiqi yayılır. Həmin musiqini səsləndirənlər nəinki səs tonunun və ya musiqi janrının ətrafdakılar tərəfindən narazılıqla qarşılanacağını fikirləşmirlər. Qabaqcıl ölkələrdə heç vaxt belə hallar yaşanmır və qonşular biri-birini narahat eləmir. Azərbaycanda isə bu sahədə çox ciddi nöqsanlar var. Ona görə də, məişət səs-küyünə qarşı mübarizə tələblərinin pozulmasına görə cərimələrin artırılmasının tərəfdarıyam. Bizdə belə bir məsəl var ki, uşağım əzizdirsə, tərbiyəsi ondan da əzizdir. Yəni elə məsələlər var ki, insanlar öz aralarında tənzimləyə bilmirsə, inzibati metodlara əl atmağa ehtiyac yaranır. Sözügedən dəyişikliklər də həmin zərurətdən doğub. Əslində normal cəmiyyətlərdə insanlar biri-birinə öz mədəniyyətlərinin üstünlüyünü göstərməyə can atırlar. Azərbaycan cəmiyyətində isə insanlar mədəniyyətlərinə yox, küçədə dava, hay-küy salma bacarıqlarını göstərirlər”.
Şəymən