Əvəz Qurbanlı "Molla Nəsrəddin"i atəşə tutdu"

Ziyalılar və yazarlar şairin açıqlamasına fərqli reaksiya verdilər



Şair Əvəz Qurbanlı müsahibəsində "Molla Nəsrəddin” jurnalını kəskin tənqid edib. "Molla Nəsrəddin” jurnalının milli düşüncə sistemimizə zərbə vurduğunu iddia edən Ə.Qurbanlı "Molla Nəsrəddin”i Azərbaycan mətbuat tarixinin üz qarası adlandırıb.

Şairin açıqlaması cəmiyyətdə kəskin reaksiyalar doğurub. İctimaiyyət nümayəndələri onun fikirlərini birmənalı qarşılamayıb. Onlar hesab edirlər ki, Azərbaycan mətbuatı tarixində mühüm yeri olan "Molla Nəsrəddin" jurnalında İslamın əleyhinə çox sərt tənqidlər gedib deyə, "Molla Nəsrəddin"i "üzqarası" adlandırmaq doğru deyil.

Sözügedən müsahibəni oxuduğunu vurğulayan "Yazı" dərgisinin baş redaktoru Azad Qaradərəli hesab edir ki, "Molla Nəsrəddin", həm də "Füyuzat" dərgiləri o zaman təkcə Azərbaycanda deyil, bütöv Qafqazda, bəlkə də Şərqdə böyük iz buraxan nəşrlər olub. Həm də o dərgilərin naşirləri Əli bəy Hüseynzadə və Cəlil Məmmədquluzadə zəmanəsinin böyük elm və ədəbiyyat uzmanları idilər: "Lakin hər iki dərginin və onların naşirlərinin təbii ki, çatışmayan tərəfləri olub. 

Məsələn, "Füyuzat"ın dil problemi, "Molla Nəsrəddin"in aşırı rus və Avropa sofilliyini buna misal gətirə bilərik. Əslində Şərqin son dərəcə patriarxal ənənələri və qeyri-dünyəvi mahiyyəti buna zəmin yaratmışdı. 

Lakin bütün bunlara baxmayaraq, "Molla Nəsrəddin"ə Azərbaycan mətbuatının üz qarası demək özü elə üz qarası olmaqdır. Bu dərginin o ağır illərdə gördüyü işləri bir akademiyanın, bir universitetin görə biləcəyindən artıq bilirəm. Bu gün yalançı mollaların, yalançı hacıların və yalançı din xadimlərinin əlinə baxan üz qarası ədib və müxbirlərə Azərbaycan ədəbiyyatının və jurnalistikasının üz qarası deyərdim. Nə yazıqlar ki, bu günün özündə də Türkiyədə, İranda və Azərbaycanda "Molla Nəsrəddin" kimi bir dərgiyə əşhəddi ehtiyac yaranıb”.

Tənqidçi Əsəd Cahangir isə "Şərq”ə açıqlamasında hər bir təzahürün iki tərəfi olduğunu deyib: 

"Bu dünyada heç nə birmənalı deyil. Axı biz vəhdət dünyasında yaşamırıq, ikili dünyada yaşayırıq. Bu mənada "Molla Nəsrəddin” jurnalının da iki üzü var: işıqlı və qaranlıq tərəfləri var. Sovet dövründən üzü bəri bizə "Molla Nəsrəddin”in ancaq işıqlı tərəfləri təqdim edilib. Onun neqativ tərəflərini biz görməzdən gəlmişik. Əvəz Qurbanlı isə bu gün həmin tərəfi bizə göstərməyə çalışıb. O, bu açıqlaması ilə "Molla Nəsrəddin”i tamamlayıb, onun gündüzünə gecə əlavə edərək sutka halında bütövləşdirib. O "Molla Nəsrəddin”ə qarşı yox, "Molla Nəsrəddin”i bütləşdirənlərə qarşı çıxıb. Sadəcə olaraq, Əvəz fikrini düzgün çatdıra bilməyib. O sözlərindəki həqiqəti yaxşı ifadə etməyib. Gərək o tərzdə də deməyəydi. "Molla Nəsrəddin” Azərbaycan mətbuat tarixinin üz qarası deməklə məcmuənin əhəmiyyətini həddindən artıq kiçildib. Milli düşüncəmizə ziyanlıdır fikri də xoşuma gəlmədi. Amma ümumilikdə onun bu açıqlamasına normal yanaşıram. Gözümüzdə "Molla Nəsrəddin"i çox şişirtmişdilər. Kimsə bu həqiqətləri açıb deməli idi”.

Ə.Cahangirin sözlərinə görə, hər hansı fakta münasibətdə cəmiyyətin, ictimaiyyətin rəyi əvvəlcə pozitiv, sonra isə neqativ olur. 

Və yaxud da əksinə. Nəhayət ki, sonda hər ikisinin sintezindən düzgün münasibət formalaşır. Bu mənada Əvəzin dediklərindən qorxmaq, onu qınamaq lazım deyil. Onun dedikləri zəruri bir mərhələyə çağırış kimi xarakterizə olunmalıdır. Kaş ki, bu qədər sərt ifadələr işlətməsəydi. O zaman onun dedikləri ictimai rəydə daha çox dəstək qazanar, hər kəs ona haqq verərdi: "Təsəvvür edin, Hacı Zeynalabdin Tağıyev kimi bir şəxsiyyət, "el atası” sovet dövründə, konkret olaraq Məmməd Səid Ordubadinin romanında mənfi obraz, qadın düşkünü, kasıb təbəqənin nümayəndələrinin əməyini istismar edən qəddar, amansız kapitalist kimi təsvir edilib. Bu da sosializmin tələbi idi. Müstəqillik dövründə isə Əli Əmirlinin "Mesenat" pyesində Tağıyevin ifrat müsbət obrazı yaradılıb. O bu əsəri ilə sovet dövründə yol verilən ədalətsizliyi kompensasiya edirdi, lakin onun yanaşması da qüsursuz deyildi. Ordubadi Tağıyevi nə qədər kiçiltmişdisə, Əmirli də bir o qədər şişirtmişdi”.
Tənqidçinin sözlərinə görə, Əvəz Qurbanlı istedadlı şair, intellektual bir şəxs olmaqla yanaşı, ədəbi etikasına görə də bir çoxlarından seçilir. Düzü, onun öz fikrini bu cür kobud sözlərlə ifadə etməsi məni bir qədər təəccübləndirdi. Amma buna görə onun üzərinə getmək doğru deyil, tolerant olmalıyıq.

Araşdırmaçı-jurnalist Dilqəm Əhməd isə "Molla Nəsrəddinçilər" və "Füyuzatçılar" ayrımının Sovet dönəmi ədəbiyyatşünaslığında yaradılan uydurma bir şey olduğunu deyib:

 "Bu iki jurnal biri-birinə qarşı qoyulmamalıdır. Məqsəd eynidir: Azərbaycan millətinin formalaşması, cəhalətin aradan qaldırılması, təhsilə marağın artırılması və demokratik təfəkkürün inkişafı. Bu amallar yolunda Cəlil Məmmədquluzadə və Ömər Faiq başqa yol düşündü, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu başqa. Amma ortaq tərəflər olduqca çox idi. Ovaxtı qəzetlər qapananda "Molla Nəsrəddin" buna manşetində etiraz etmişdi.

Qəribədir ki, "Molla Nəsrəddin"in çizdiyi karikaturaları indi mətbuatda dərc etsək, yenə hücuma məruz qalarıq. Görün, Mirzə Cəlil nələr çəkib.

Unutmayaq ki, o dövrdə qonşularımızın da satira dərgiləri vardı. Elə özümüzdə də başqa dərgilər olub. Üzeyir bəy kimi şəxsiyyətlərin də karikaturası çəkilib. Yəni "Molla Nəsrəddin" tənqidi, satirik bir dərgi idi, biz bu gün o jurnalla fəxr etməliyik. Mən şairin nəyə görə belə dediyini bilmirəm. Konkret nəyi nəzərdə tutur, onu bildirsə, daha detallı müzakirə etmək olar".

Şəymən