Evini kirayə verənlərə bəd xəbər:"Aylıq vergi ödəməlidirlər, əks halda sanksiyalar olacaq"





"Evini kirayə vermək, kirayə ev götürmək halları qanunvericiliyə uyğun rəsmiləşdirilməlidir”.

Bu barədə "Sherg.az”a kirayənişinlərin ev sahiblərinə qarşı dələduzluğu faktlarından danışarkən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib. 

O diqqətə çatdırıb ki, kirayə ev veriləndə tərəflər arasında müqavilə imzalanmalı, qarşılıqlı öhdəliklər burada əksinin tapmalıdır:

"Müqavilələr Mülki Məcəllənin müddəalarına uyğun formada hazırlanır. Burada kirayə öhdəliklərinə əməl olunması, onun saxlanması təhvil verilməsinə uyğun hissələr yer alır. Eyni zamanda Vergi Məcəlləsində kirayə verən haqqında öhdəliklər yer alıb. Mütləq şəkildə vətəndaşlar müvafiq ərazi şöbəsində qeydiyyata düşməli, aylıq vergisini ödəməlidirlər. 

Buna riayət etmədikdə müəyyən sanksiyalar nəzərdə tutulur. İnsanlar evini kirayə verdikdə bunlara əməl etmirlər. Nəticədə evinin talanması, soyğunçuluq, dələduzluq faktları ilə qarşılaşırlar. Hətta bəzi hallarda kirayənişin və ev sahibi arasında kriminal hadisələr də baş verir”.

Qeyd edək ki, Bakı sakini kirayə verdiyi evdən oğurluq edilməsi ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, 65 yaşlı Röya Kərimova polisə bildirib ki, bir müddət əvvəl Cəlilabad rayonundan olan Mehriban Mustafayevaya kirayə ev verib. Daha sonra evə gələn sahibi oradakı əşyaların kirayənişin tərəfindən satıldığını müəyyən edib. Şikayətçi ümumilikdə 5480 manatlıq əşyanın satıldığını qeyd edib. Araşdırma aparılır.

Aysel Aslan