Evlərə artıq işıq pulu gəlməyib

Bildirişlərə diqqətlə baxmaq lazımdır


  "Dekabrın 15-dək gələn bildirişlərdə yarım ay noyabra, yarım ay dekabra düşür” Tarif Şurasının qərarı ilə təbii qazın və elektrik enerjisinin ölkədaxili tariflərində tətbiq edilən artım bəzi vətəndaşlarda çaşqınlıq yaradıb. Məsələ burasındadır ki, Tarif Şurasının qərarına əsasən təbii qaz və elektrik enerjisinə görə əhali üçün aylıq istifadədə kvota müəyyənləşib. Elektrik enerjisinin ay ərzində istehlak həcmi 250 kvts keçməzsə, tarif köhnə qiymətlə - 7 qəpikdən, 250-ni keçdikdə isə 4 qəpik artıq - 11 qəpikdən hesablanacaq. Eləcə də təbii qazın istehlakına görə kvota 1500 kub.metr - dəyəri 100 manat, artıq istehlaka görə isə 200 manat müəyyən edilib. Yəni, istehlak kvotasını aşmayanlar 100 manat ödəyəcəklər. Təbii qazın sərfiyyatının yeni qiymətlə hesablanması 2017-ci il yanvarın 1-dən, elektrik enerjisininsə bu il dekabrın 1-dən tətbiq edilməlidir. 

Lakin bəzi abonentlər elektrik enerjisinə görə aldıqları bildirişlərdə artıq indidən ödəniş məbləğinin kifayət qədər böyük yazıldığını iddia edirlər. "Bizimyol.info” saytına bir abunəçi "Azərişıq”dan göndərilmiş bildirişi təqdim edib. Bildirişdə yazılandan belə çıxır ki, abunəçi cəmi 8 gün ərzində (son göstərici tarixi 09.12.2016 qeyd edilib - red.) 444.6 kvts enerji işlədib. Abunəçi kvotanı "aşdığından” aşılan sərfiyyat yeni tariflə - 11 qəpikdən hesablanıb və nəticə etibarilə ortaya 221 manat 68 qəpik ödəniş məbləği çıxıb. Buna görədə abunəçi 8 gündə 444 kvts enerjini necə və hara "sərf etdiyindən” baş çıxara bilmir. Belə çaşbaş qalan abunəçilər az deyil. Bir çoxlarına dekabrın birinci yarısı başa çatdığına baxmayaraq əvvəlkindən artıq ödəniş məbləği yazılmış bildirişlər gəlir. Bu səbəbdən də əhali "10-15 günün içində 250 kvts kvotasını necə keçdik?!” sualına cavab tapmaqda aciz qalıb. 

Məsələ ilə bağlı "Azərişıq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. T.Mustafayev "Şərq”ə açıqlamasında sərf olunan elektrik enerjisinin hesablanmasında yanlışlığa yol verilməsinin mümkünsüz olduğunu dedi: 

- Heç bir yanlışlıq ola bilməz. Sayğac sistemidir, dəqiq hesablama aparılır. Dekabrın 1-dən elektrik enerjisinə görə qiymətlər yeni tariflə yazılmalıdır. "Azərişığ”ın 2 milyon 500 mindən çox abonenti var. Hamıya eyni vaxtda bildiriş gəlmir. Abonentlərə bir gün tez, bir gün gec, müxtəlif vaxtlarda bildirişlər gəlir. Dekabrın 15-dək gələn bildirişlərdə yarım ay noyabra, yarım ay dekabra düşür. Dekabra düşən hissə yeni tariflə hesablanır. Əlbəttə, əgər abonent kvotanı keçibsə. Abonent 250 kvts sərfiyyat kvotasını keçməyibsə, ödəniş məbləği köhnə qiymətlə - 7 qəpikdən hesablanır. Amma tutalım, sərfiyyat artıq 300 kvts-dırsa, bunun 250-si 7 qəpiklə, yerdə qalan əlavə 50 kvts-ı isə 11 qəpikdən hesablanır. Bu, elə bir sistemdir ki, çox dəqiq hesablama aparılır, heç bir yanlışlıq da yoxdur. Kim şübhələnirsə, yanlışlıq olduğunu güman edirsə, müraciət etsin, yoxlayaq. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da "Şərq”ə açıqlamasında abonentlərin şikayət etmək hüququnun olduğunu dedi: 

- Sayğaclar düzgün işləməyə bilər. Belədə ödənişlərin düzgün hesablanmayacağı da mümkündür. Amma bizə hələ ki, yanlış hesablarla bağlı şikayət daxil olmayıb. Şikayət edilsə, araşdırarıq. E.Hüseynov qeyd etdi ki, çox zaman istehlakçılar qazı, işığı necə sərf etdiklərinin fərqinə varmırlar: - Ödəniş məbləği sərf olunan enerjidən asılıdır. Baxır adamına. Kimisi az istehlak edir, kimisi çox. Bəzən birisi evində təmir işləri gördürür, elektrik enerjisi həmişəkindən artıq istehlak olunur, amma deyir, "niyə bu ay mənə çox işıq pulu gəlib?!”. Təbii ki, istehlak həcmi təyin olunmuş limiti keçəcəksə, buna görə əlavə ödəniş etmək lazım gələcək. Amma kimsə iddia edirsə ki, limiti keçməyib, ancaq ona qədərindən artıq məbləğ yazılıb, müraciət etsin, bildirişi də təqdim etsin, araşdıraq. 

Məlahət Rzayeva