Evlərin qiyməti 30 faiz ucuzlaşacaq

Sosial mənzillərin inşasına başlanılmasının da bazara mütləq təsiri olacaq



 Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər 2017-2020-ci illərdə düşməkdə davam edəcək. "Report”un analitik qrupu 2017-ci ildə daşınmaz əmlak bazarında qiymətlərin manat ekvivalentində dəyişməyəcəyini, amma dollar ekvivalentində 15-25 faiz azalacağını proqnozlaşdırır. 

Agentliyin analitikləri 2017-ci il üçün ölkədə dolların orta məzənnəsinin ən azı 2,05-2,10 AZN/USD diapazonunda olacağını ehtimal edir ki, bu da cari məzənnədən təxminən 20 faiz çoxdur. 

"Report”un proqnozları ilə müəyyən mənada razılaşdığını vurğulayan iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, növbəti illərdə dollar ekvivalentində əmlak bazarında qiymətlər bir xeyli ucuzlaşacaq. Bunun isə bir neçə obyektiv səbəbləri var.

 Başlıca səbəb dolların manata nisbətən bahalaşması tendensiyasının davam etməsidir. Eyni zamanda əhalinin gəlirlərinin azalması fonunda daşınmaz əmlak bazarında tələbatın aşağı düşməsi səbəbindən qiymətlər azalacaq. Üçüncü səbəb isə 2016-cı ildə icrasına start verilən sosial mənzil layihələrinin əhatə dairəsinin artırılması olacaq. Ümumilikdə isə ölkə iqtisadiyyatında baş verən son proseslər, manatın hər dəfə dəyərdən düşməsi, insanların gəlirlərinin azalması bazarda gözə çarpacaq dərəcədə durğunluq yaradıb, mənzil alqı- satqısında passivlik hökm sürür: "Mənzil İnşası Dövlət Agentliyinin sosial mənzillərin inşasına başlamasının bazara mütləq təsiri olacaq. Agentlik tərəfindən hər il 3000 mənzilin uyğun qiymətə bazarda satışa çıxarılması nəzərdə tutulur. Bu isə illik tələbatın 10-a qədərini təşkil edir. MİDA-da qiymətləndirmə aparılarkən tətbiq edilən standartlar Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymət mexanizmlərinin də yenidən formalaşmasına gətirib çıxaracaq və mövcud qiymətlərin daha da ucuzlaşması prosesi özünü göstərəcək. Qiymətlərin konkret neçə faiz ucuzlaşacağını deyə bilmərəm, amma 30-40 faizə qədər ucuzlaşacağını ehtimal etmək mümkündür. Çünki böhrana qədərki dövrdə əmlak bazarındakı qiymətlər süni qaydada bahalaşmışdı kifayət qədər”. 

R.Həsənovun sözlərinə görə, lisenziyalaşdırma ilə bağlı yeni qaydaların tətbiqindən sonra bu proses "ASAN Xidmət”ə həvalə olundu. 

Bu isə tikinti sahəsində xərclərin müəyyən qədər azalmasına və eyni zamanda korrupsiyaya şərait yaradan amillərin nisbətən aradan qalxmasına gətirib çıxarır ki, sonda maya dəyərinin ucuzlaşması ilə nəticələnir. Bu da özlüyündə qiymət ucuzlaşmasını şərtləndirən əlavə dəstəkləyici faktor hesab oluna bilər. Şəymən