Əvvəl özünütəminat proqramına keçilməlidir

“Sosial yardım layihəsinin birdəfəlik dayandırılması doğru addım deyil”


Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Musa Quliyev ünvanlı sosial
yardımın dayandırılmasını tələb edib.
Parlamentdə keçirilən büdcə müzakirəsi zamanı deputat bildirib ki, sosial yardıma ayrılan maliyyə vəsaiti dayandırılaraq, bu vəsaitlər pensiyalara, uşaq pullarına və digər müavinətlərə əlavə edilməlidir:

"Ümumiyyətlə, dünyada belə proqramlar müvəqqəti xarakterli proqramlar hesab olunur.
Azərbaycanda da bu proqram 2007-ci ildən tətbiq olunur. Hesab edirəm ki, artıq hökümət bu
proqramdan imtina etmək barədə düşünməlidir. Nə qədər çalışılsa da, burda şəffaflığı təmin etmək
mümkün olmur və xoşagəlməz hallar baş alıb gedir. Nazir Səlim Müslümov bu sahədə nə qədər səy
göstərsə də, effektiv nəticə əldə olunmur. Odur ki, bu məsələyə baxmaq lazımdır”.

Məsələni dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ünvanlı sosial yardımın
birdəfəlik dayandırılması arzuolunan hal deyil. Onun qənaətincə, bu proses mərhələli şəkildə yerinə etirilməli və özünütəminat proqramına transfer olunduqdan sonra həyata keçirilməlidi:

"Sosial yardım layihəsinin birdəfəlik dayandırılması doğru addım deyil. Heç bir halda Azərbaycan
kimi ölkədə ünvanlı sosial yardımın birdəfəlik bağlanması həyata keçirilə bilməz. Sosial yardım o
zaman ləğv edilə bilər ki, yardım alanlar işlə təmin olunublar və özlərini təmin edə bilirlər. Amma
əgər yardım alanlar işlə təmin olunmayıblarsa, yəni özlərini təmin edə bilmirlərsə sosial yardım
onların imkanını məhdudlaşdıracaq, yardım ala bilməyəcəklər. Həmçinin işlə təmin olunmadıqları
üçün ölkədə sosial vəziyyət də mənfi olacaq. Ona görə də ünvanlı sosial yardımın mərhələli şəkildə
olmasına və özünü təminat, özünü məşğulluq proqramına keçilməsinə ehtiyac var. Əsas məsələ
sosial yardım proqramının bağlanmasının gündəmdə olmamasıdır. Əgər özünü məşğulluq
proqramına keçirilərsə, artıq işsizlər işlə təmin olunacaqlar və büdcədən bu istiqamətdə vəsait
ayrılmayacaq, qənaətlər ediləcək. İnsanların büdcədən asılılığına son qoyulacaq”.

Yeganə Bayramova