Əvvəl Ukrayna, sonra Qarabağ...

Həmsədr ölkələrin fəallaşması vəziyyəti dəyişməyəcək



Həmsədrlər Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Rusiya XİN başçısının müavini Qriqori Karasinlə həmsədrlər arasında keçirilən görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub.

Xatırladaq ki, iyulun 20-21-də həmsədrlərin bölgəyə növbəti səfəri planlaşdırılıb. İyulun 20-də həmsədrlər Ermənistana, 21-də isə Azərbaycana səfər edəcəklər. Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir. Bəzi siyasi ekspertlər həmsədrlərin regiona səfər öncəsi Moskvada bir araya gəlməsini münaqişənin həlli istiqamətində önəmli addım kimi dəyərləndiriblər. Onların fikrincə, Azərbaycanın Rusiya ilə normallaşan münasibətləri və Ermənistanda baş verən proseslər fonunda problemin həlli istiqamətində müəyyən irəliləyişə nail olmaq olar. Ancaq bunun əksini düşünənlər daha çoxdur.

Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, hələlik qlobal güclər arasında hər hansı bir uzlaşmanın olduğunu demək olmaz: "ABŞ həmsədr dövlət kimi Rusiyanın Qarabağ və Ermənistanla bağlı müəyyən planlar hazırladığının fərqindədir. Hadisələrin episentrində olmaq üçün son zamanlar ABŞ da Qarabağ məsələsində nisbətən aktivləşib. Fikrimcə, Moskvada keçirilən müzakirələr birbaşa ABŞ-ın maraqları kontekstində keçirilir. Bundan əvvəlki həmsədrlərin görüşü də ABŞ-da keçirildi. Rəsmi Vaşinqton hadisələrə təsir imkanlarını heç vaxt itirmək istəmir. Eyni zamanda münaqişə həll olunacaqsa, bunun hansı geosiyasi dəyişikliyə səbəb olacağını bilmək istəyir. Çünki anlayır ki, Rusiya bu münaqişənin həllinə elə-belə razılıq verməz. Bunun müqabilində Rusiyanın Azərbaycandan nələri istəyəcəyi və Azərbaycanın hansı şərtlərə razı olacağını dəqiqləşdirməyə çalışır. Qısası, Amerika Azərbaycanın Rusiyanın orbitinə girməsi müqabilində Qarabağ probleminin həll olunmasını istəmir. Əgər belə bir şeyə cəhd edilərsə, Vaşinqton buna əngəl olacaq”.

Ekspertin sözlərinə görə, güclər arasında müəyyən uzlaşma nöqtələri tapıla bilər: "Necə ki, İranın nüvə məsələsində uzlaşma tapıldı və ümumi müqavilə razılaşdırıldı. Moskvada da buna cəhd edilə bilər, amma indiki məqamda razılaşmanın olacağını düşünmürəm. Çünki Qarabağ problemi postsovet məkanı ilə bağlı məsələdir və Ukrayna məsələsi həll olunmadan digər münaqişələrin həllini tapması mümkünsüz görünür. Digər tərəfdən, Ermənistan prezidentinin bu qədər zəif olduğu da gözdən qaçırılmamalıdır. Bu gün Sarkisyana bir çox şeyləri qəbul etdirmək daha asandır. Ona görə də Moskva müzakirələri və həmsədrlərin regiona səfəri ciddi bir dəyişikliyə səbəb olmasa da, prosesi intensivləşdirə və həll prosesini stimullaşdıra bilər”.

İsmayıl