“Əvvəllər söz-söhbət olsa da, orda da bağlı qalırdı”

Hacı İsmayılov: “İndi internet dünyasıdı, teatrda baş verənlər qısa müddətdə mətbuatda yayılır”
“Hər bir sənətçi öz nüfuzunu qorumalı, tamaşaçının gözündən düşməməyə çalışmalıdır”


Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Hacı İsmayılovla teatr dünyasından danışdıq. "Şərq”ə maraqlı müsahibə verən xalq artisti günün mövzularını bizimlə bölüşdü.

- Hər vaxtınınz xeyir, Hacı müəllim? Necəsiz?

- Təşəkkür edirəm. Hər vaxtınız xeyir. Şükür Allaha, yaxşı deyək ki, yaxşı olaq. Əsas odur ki, salamatıq. İşimizdə-gücümüzdəyik. İnsan işi olanda daha çox faydalı olduğunu hiss edir.

- Teatrda yeniliklər varmı?

- Teatrda həmişə yenilik var. Təbii ki, maraqlı repertuarımız var. Cəlil Məmməquluzadənin "Ölülər” tamaşası, Cəfər Cabbarlının "Almaz” tamaşası, Elçinin "Cəhənnəm sakinləri” tamaşaları uğurla gedir. Biz çalışırıq. Teatr fəaliyyət göstərir.

- Son dönəmlər belə bir fikir səslənir ki, internet həyatımıza daxil olandan teatr dönəmi bitdi. Razılaşa bilirsizmi bu fikirlə?

- Qətiyyən. Bu tamamilə yanlış bir fikirdi, səhv bir yanaşmadı. Teatr hər bir dönəmdə cəmiyyəti özündə əks etdirən bir qurumdu, sənət ocağıdı. Bəlkə də yeganə sənət növüdür ki, burda tamaşaçı ilə göz-gözə ola bilirsən. Canlı təmas, ünsiyyət var. Sən tamaşaçı ilə nəfəs-nəfəsə olursan. Canlı ünsiyyətə də insanların hər zaman ehtiyacı olur. Əgər deyilən kimi olsaydı, televiziya yarananda teatr bitməli idi. Amma teatr hər zaman maraqlı məkan olub.

- Teatra maraq ölüb deyilir. Siz bunu qəbul etmirsiz?

- Teatr ölə bilməz. Sadəcə nəsillər dəyişdikcə, tamaşaçı dəyişir, zövqlər dəyişir. Bəlkə 90-cı illərdə qısa bir müddət teatr aləmində durğunluq yaşandı. Amma bu, qısa zaman oldu. Əksinə, tamaşaçılar bu gün efirlərdə olan yüngül şoulardan, qalmaqallardan, ucuz dedi-qodudan yorulublar. Ona görə də tamaşaçı içində olan boşluğu teatrda doldurmağa çalışır. Teatr tamaşaçının ruhunda yarana bilən boşluqları ödəyə bilən bir məkandı. Tamaşaçı teatrda dünənini, keçmişini, bu gününü, hətta gələcəyini görə, tapa bilir. Bu baxımdan teatr ölməzdi. Nə qədər insanlıq varsa, teatr da var olacaq. İnsan yaranandan teatrdadı.

- Yəni həyat bir səhnədi, biz də o səhnənin aktyorları...

- Bəli. Bu həyat bir səhnədi. Diqqət etsəniz, görərsiz ki, türklər demir tamaşaya başladıq. Deyirlər ki, oyunumuza başladıq. Yəni teatr bir oyundu, sadəcə cəmiyyətimizdə baş verən hadisələri, insan münasibətlərini, tarixi, milli dəyərləri özündə əks etdirən bir qurumdu.

- Son dönəmlər satira, yumor adı altında yüngül gülüşlü tamaşaları, filmləri tamaşaçıya təqdim edirlər. Səhnədə yüngül gülüşə ehtiyac varmı?

- Gənc nəslin sənətə olan marağını dəyərləndirirəm. Bu, gözəl hissdi. Bizdən sonra gələnlərdə səhnəyə, sənətə marağın olması gözəl haldı. Amma təbii ki, bu, peşəkar tərzdə olanda daha estetik görünmüş olur. Qaldı son illər təqdim olunan yungül gülüşlərə, bu, müvəqqəti xarakter daşıya bilər. Bu gün maraqlı ola bilər, güldürə bilər, sabah unudulacaq. Yeni nəsli də başa düşmək olar. Gənclərə bir az məsuliyyətli olmağı tövsiyə edərdim. Tələsməsinlər, yüngül gülüşlə tamaşaçı sevgisini uzun müddət qazanıb saxlamaq olmur. Yüngül yolla getməsinlər. Sənətdə bir var yüngül yol, bu yol tez unudulur, tez unutdurur. Bir də var çətin, amma məsuliyyətli yol. Bu yol səni sevdirə bilir, bu yol səni uzun illər səhnədə saxlaya bilir. Sənə olan maraq ölmür. Mövsümi mahnılar necə tez unudulursa, belə yüngül səhnələr, yüngül yolla aktyor kimi tanınmaq da uzun çəkmir. Sən yaddaşlarda iz qoymaq istəyirsənsə, bu sənətə məsuliyyətlə yanaşmağı öyrənməlisən. Hər bir sənət adamı məsuliyyətini hiss etməlidi.

- Məsuliyyət demişkən, Akademik Milli Teatrda yenə də qalmaqallar olur. Aktyorlar arasında incikliklər yaşanır.

- Teatrda hər zaman belə hadisələr olub, olar da. Sadəcə əvvəllər teatrda baş verənlərdən kənardakıların xəbəri olmazdı. İndi zaman dəyişib. Sizin bayaq dediyiniz internet dünyası burda sözünü deyir. Teatrda baş verənlər qısa müddətdə mətbuatda yayılır. Teatrda baş verən balaca bir inciklik də müzakirələrə səbəb olur. Əvvəllər isə belə deyildi. Söz-söhbət də olsa, orda bağlı qalırdı. Bir az sənət adamları özləri də bu qalmaqallardan uzaq olmalıdır, məsuliyyət hiss etməlidir.

- Bu yaxınlarda Akademik Milli Dram Teatrının iki xalq artisti Ramiz Məliklə Məleykə Əsədova arasında qalmaqal yaşandı, hətta qalmaqal məhkəməyə qədər gedib çıxmış oldu.

- Mən qalmaqallardan həmişə uzaq olan insan olmuşam. Sadəcə eşitdim ki, onlar arasında söz-söhbət yaranıb. Düzdü, qarışmadım. Çünki hər ikisi sözünü deyən sənətçilərdi. Amma mənə elə gəlir ki, bayaq dediyim kimi, hər bir sənət adamı atdığı addımına, dediyi fikrinə diqqət yetirməli, sənətkar olduğunu unutmamalıdır.

- Məsələ ondadır ki, Ramiz Məlik əvvəlcə xanım sənətkarı təhqir etdi, sonra üzr istədi. Qısa müddət sonra yenidən təhqirə davam etdi. Sizcə, sənət adamlarının bunu etməyə haqları çatırmı? Axı onlar örnək olmalıdırlar. Onlar seçilmişlər sayılır...

- Bəli, hər bir sənət adamı üzərinə düşən məsuliyyəti dərk etməlidir. Mən bu qalmaqalın səbəbini bilmirəm. Amma hesab edirəm ki, bu qədər bu məsələni böyütməyə, çirkinləşdirməyə ehtiyac yox idi. Həqiqətən sənət adamları hərəkətlərində, davranışlarında örnək olmalıdırlar. Onlara milyonlarla göz dikilib. Həyatdı, hərdən belə söz-söhbətlərin olması da normaldı. Bunlar ötüb keçəcək. Ailədə də söz-söhbətlər olur.

- Bəs bu qalmaqalların teatrın nüfuzuna təsiri ola bilirmi?

- Aktyorlar arasında yaranan söz-söhbətlərin, şəxsi münasibətlər zəminində yaranan narazılıqların teatrın nüfuzuna heç bir təsiri ola bilməz. Bu ancaq həmin aktyorların öz şəxsi nüfuzlarına təsir göstərə bilər. Onları tamaşaçı gözündə adiləşdirə bilər. Ona görə də qeyd etdim ki, hər bir sənətçi öz nüfuzunu qorumalı, tamaşaçının gözündən düşməməyə çalışmalıdır. Tamaşaçının gözündə ucalmaq bəzən illəri aparırsa, tamaşaçı gözündən düşmək bir ana bərabər ola bilir. Bir kəlmə söz, bir ani hərəkət səni tamaşaçının gözündə ucuzlaşdırmaq üçün yetərli ola bilir. Sənətkar təkcə özü üçün yaşamır. O, səhnədə olan gündən dərk etməlidir ki, xalqa məxsusdu.

Tahirə