
Əxlaqsızlıq yuvaları, xaricə satılan qadınlar və qurbanlar...
İnsan alverinə qarşı Milli koordinator Vilayət Eyvazov Milli Məclisdə hesabat verdi

Dünən Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib. Daxili işlər nazirinin müavini, Milli koordinator Vilayət Eyvazov hesabatda qeyd edib ki, Azərbaycanda əvvəlki illərlə müqayisədə insan alveri və məcburi əməyə cəlb etmə halları 22 faiz artıb: "Həyata keçirilən tədbirlərlə 2014-cü illə müqayisədə hesabat ilində 22 faiz çox və ya 108 insan alveri, 8 məcburi əmək və insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanıb. Bu əməllərə görə 38 şəxs cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib”. Milli koordinator deyib ki, müvafiq cinayətlərdə təqsirləndirilərək axtarışa verilən 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib: "Müəyyənləşən 63 qurbandan 38-i Türkiyəyə, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiyaya aparılıb. 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalıb. Qurbanlardan 51-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib və təhlükəsizliyi təmin olunub. Bütövlükdə 63 qurbana birdəfəlik müavinət verilib, 42-nə Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 22-si işlə təmin edilib, 31-i peşə kursuna göndərilib.
200-dən artıq valideyn haqqında məsuliyyət tədbirləri görülüb
V.Eyvazov əlavə edib ki, Azərbaycanda ötən il ərzində 450 azyaşlının küçə həyatına məruz qalması, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilməsi faktı aşkarlanıb: "Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülüb”. Milli koordinator onu da deyib ki, məcburi əməyin qarşısının alınması üçün həyata keçirilən tədbirlər nəticəsində insan alveri qurbanlarının qarşısını alınıb. "Tikinti sektorunda 8 xəta, əcnəbilərin işə götürülməsi qaydalarının pozulması üzrə 59 inzibati xəta aşkarlanıb”. V.Eyvazovun sözlərinə görə, pedaqoji təhsildən kənarda qalan 123 uşağa hüquqi-psixoloji yardımlar göstərilib. Bundan əlavə, insan alveri, əxlaqsız yuvalar saxlama barədə "qaynar xətt”ə daxil olan 14 mindən çox müraciət araşdırılıb”. V.Eyvazovun hesabatından sonra deputatlar fikirlərini bildiriblər.
"Türkiyədə 2 mindən artıq azərbaycanlı uşağın sənədləri olmadığından təhsil hüququndan məhrumdurlar”
Millət vəkili Fazil Mustafa bildirib ki, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatında bir çox işlər göstərilməklə yanaşı, təşəbbüslər və təkliflər operativ şəkildə həllini tapmalıdır: "Yüzlərlə uşaq təhsildən yayınaraq məcburi əməyə cəlb olunur. Onlar valideyn himayəsində olduğu üçün diqqət çəkmir. Bunlar potensial məcburi əməyə cəlb edilənlərdir. Problemin həlli istiqamətində alınan qərarlar təqib olunmalıdır. Görülən işə məsuliyyətlə yanaşılmasının nəticələrini görməliyik. Uşaqların doğrudan da küçələrdən yığışdırılması üçün real iş görüldüyü barədə bilgilərin olması olduqca vacibdir. Valideynləri qeyri-qanuni miqrant olaraq çalışmağa getdikləri üçün, Türkiyədə 2 mindən artıq azərbaycanlı uşağın sənədləri olmadığından təhsil hüququndan məhrumdurlar. Suriyadan gələn qaçqınların 85 faizi təhsilə cəlb olunublar. Amma 2 mindən artıq Azərbaycan uşağı İranın dini cərəyanlarının təsirinə düşür. Sabah İranda dindar adı altında yetişdirilən öz vətəndaşlarımız olacaqlar. Həmçinin azərbaycanlıların təhsilə cəlb olunmasını təmin etmək potensial insan alveri qurbanlarının qarşısını almaq üçün vacib işlərdən olacaq. Rusiyaya, İrana təhsil adı ilə aparılan, məcburi əməyə cəlb olunan insanların aşkar edilməsi olduqca vacib addımlardandır”.
"Televiziyalarda xörək bişirmə verilişlərindən daha çox...”
"Dünyada baş verən hadisələr istər-istəməz insan alveri sahəsində Azərbaycana da təsir edir. Ona görə də təklif edərdim ki, Milli koordinatorun bu sahədə apardığı işlərdə iştirak edən insanların sayı daha da artırılsın”. Bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səsləndirib. Deputat bildirib ki, gündəlik olaraq uşaqların məcburi əməyə cəlb olunması halları ilə qarşılaşmaq olur: "Təbii ki, hüquq-mühafizə orqanlarının əməkdaşları problemin qarşısını almaq üçün ciddi şəkildə mübarizə aparır. Amma reallıq budur ki, hansı sahədə gəlir varsa, orada mütləq mövcud problemlər ortaya çıxır. Bundan başqa, uşaqların reabilitasiyaya cəlb olunması ilə bağlı müvafiq qurumlar da öz güclərini birləşdirməlidir”. Deputat vurğulayıb ki, mətbuatda bu sahədə təbliğat işi olduqca zəif aparılır: "Bu sahənin problemlərindən bəhs edən yazılar çox azdır. Həmçinin, televiziyalarda bu tip sosial çarxların sayının artırılmasına ehtiyac var. Televiziyalarda xörək bişirmə verilişlərindən daha çox bu cür məlumatların yayımlanmasına üstünlük verilməlidir”.
S.Novruzov qeyd edib ki, Ermənistanın girov götürdüyü azərbaycanlıların daxili orqanlarının satılması ilə bağlı mətbuatda məlumatlar dərc olunub: "Təklif edərdim ki, həmin şəxslərin siyahısı hazırlanıb BMT-yə, İnterpola və digər beynəlxalq təşkilatlara göndərilməlidir. Onların tapılması məsələsi daha da gücləndirilsin.
Düzdür, Azərbaycanda bu işlə məşğul olan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası var. Amma yenə də hesab edirəm ki, itkin düşənlərin əksəriyyəti insan alverinin qurbanlarına çevriliblər. Bu baxımdan, beynəlxalq məhkəmədə hər hansı bir cinayət işinin açılması ilə əlaqədar addımlarımızı artırmalıyıq ki, gələcəkdə bu kimi hallar bir də təkrarlanmasın”.
"Masaj salonlarının bir çoxu əxlaqsızlıq yuvaları kimi fəaliyyət göstərirlər”
Deputat Zahid Oruc deyib ki, insan alveri hər kəsi narahat edən məsələdir: "Bununla mübarizə aparılır. Bir çox işlərin görüldüyünü deyə bilərik. Məsələn, hazırda küçələrdə dilənçiliyə təhrik edilən uşaqları az-az görürük. Amma problemlər də hələ var. Məsələn, Bakıda fəaliyyət göstərən masaj salonlarına diqqət etmək, məncə, yaxşı olardı. Əksəriyyəti masaj adı altında qadın alveri ilə məşğul olur. Masaj salonlarının bir çoxu əxlaqsızlıq yuvaları kimi fəaliyyət göstərirlər”.
Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov mətbuat orqanlarını insan alveri ilə bağlı məsələlərdə ehtiyatlı olmağa çağırıb. Z.Əsgərov jurnalistlərin işlətdiyi ifadələri ehtiyatla seçməyin vacibliyini vurğulayıb: "İnsan alverinə qarşı mübarizədən danışırıq, gərək ictimaiyyət və mətbuat da dəstək olsun. Bir də baxırsan ki, yazırlar filan futbol klubunun üzvü başqa futbol klubuna 60 milyona satılıb. Burada müqavilə və transferdən söhbət gedir. Satılıb nə deməkdir?! Bu insandır və necə alver predmeti ola bilər?! İnsan alverinə qarşı mübarizədən danışırıq, amma belə sözlər eşidirik. İfadələrdə ehtiyatlı olmalıyıq”.
"Sumqayıtda yeni dilənçilik növü peyda olub”
Xanım millət vəkili Elmira Axundova təklif edib ki, erkən yaşda ərə verilən qızlar da insan alveri qurbanlarının siyahısına salınmalıdır: "Bu problemlə ciddi məşğul olmaq lazımdır. Eyni zamanda onu da deyim ki, bu gün Sumqayıtda yeni dilənçilik növü peyda olub. Oğlanlar, uşaqlar əlil kimi Sumqayıtın giriş hissəsində, 4 yolda dilənirlər. Bununla da əlil olan vətəndaşların imicinə zərər gətirirlər. Dövlət əlil vətəndaşlarına diqqət ayırır, yardım göstərir. Amma özlərini əlil göstərən şəxslərlə bağlı ciddi işlər görülməlidir və onlar haqqında aidiyyəti qurumlara məlumat verilməlidir. Son illər insan alverinin əcaib formaları da meydana çıxıb. Terror təşkilatlarına kişilərlə yanaşı, qadınlar da cəlb olunur. Terror düşərgələrindən azad olunan qadınlar danışarkən deyirlər ki, onları evlənmək adı ilə gətiriblər və cinsi istismara məruz qoyublar. Hesab edirəm ki, terror təşkilatlarına qoşulmaq istəyən insanlara qarşı ciddi tədbirlər görülməlidir. Onları nəzarətdə saxlamaq və terror təşkilatlarına qoşulmasının qarşısını almaq lazımdır. Belə hallar hesabatda da təklif edərdim ki, öz əksini tapsın”.
Deputat Çingiz Qənizadə deyib ki, mütəşəkkil cinayətkarlığın tərkib hissəsi olan və çox böyük gəlir gətirən sahə insan alveridir: "Sevindirici hal odur ki, son 10 ildə bu sahə ilə yüksək səviyyədə mübarizə aparılır”.
Müzakirələrdən sonra Milli koordinator deputatların fikirlərinə münasibət bildirib. V.Eyvazov F.Mustafanın qaldırdığı məsələ ilə bağlı söyləyib ki, bütün ölkələrdəki Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün tədbirlər görülür. Koordinator eyni zamanda S.Novruzovun sözlərinə yönəlik qeyd edib ki, əsir və itkin düşmüş azərbaycanlılarla bağlı cinayət işi başlanılıb. Xanım deputat E.Axundovaya cavabında isə nazir müavini söyləyib ki, erkən nikahları insan alverinin predmetinə aid etməyi mümkün saymır: "Ümumiyyətlə isə, ilbəil erkən nikah halları sürətlə azalır”.
Müzakirələrdən sonra Milli koordinatorun hesabatı səsə qoyularaq qəbul edilib.
Anar Bayramoğlu