Eyni mənzilin bir neçə şəxsə satılmasına son qoyulacaq -Təklif var






"Çoxmənzilli binalarda alqı-satqı zamanı müqavilələr indi də notarial qaydada təsdiq edilə bilər. Burada problem yoxdur”.

Bunu "Sherg.az”a mənzillərin alqı-satqısı üçün Mülki Məcəlləyə təklif edilən dəyişiklikdən danışarkən Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov deyib. 

O bildirib ki, həmin evlər daşınmaz əmlak, yaxud yarımçıq tikili kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçməlidir:

"Əks halda yeni dəyişiklik mənasız olacaq. Notarial orqanlar o vaxt əməliyyat apara bilər ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna dəyişiklər edilsin. Əks halda notariat orqanları dövlət reyestrində olmayan əmlakla bağlı əməliyyat apara bilməzlər.

Görünür, Mülki Məcəlləyə Daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna dəyişikliklər olacaq. Sözügedən təklif ciddi qanun dəyişikliklərinə zərurət yaradır. Yaxud tikintidə paylı iştirak haqqında qanun qəbul edilib, məsələlər bu cür tənzimlənə bilər. 

Bütün hallarda bu məsələləri tənzimləyən ayrıca qanun olmalıdır. Paket şəklində qanun təklif edilməlidir, tək bir qanuna dəyişiklik etməklə bu həll oluna bilməz”.

Qeyd edək ki, yenilik, tikintisi başa çatmayan binalarda mənzillərin alqı-satqısı prosesinin tənzimlənməsi məqsədilə hazırlanıb. Təklifə əsasən tikintisi başa çatmayan çoxmənzilli binalarda alqı-satqı zamanı müqavilələrin notarial təsdiqi tələb edilir.

Aysel Aslan