Fazil Mustafa İTV-ni ittiham etdi: “Pirləri təbliğ edir, bu cəhalətdi, nadanlıqdı”




Parlamentin bugünkü iclasında millət vəkili Fazil Mustafa İctimai Televiziyadan narazılığını bildirib. 

"Sherg.az"ın xəbərinə görə, deputat deyib ki, bu telekanal ziyarətgahları təbliğ edir ki, bu yolverilməzdir: "İTV-in efirində ziyarətgahların, pirlərin təmiri ilə bağlı veriliş gedirdi. Ziyarətgahlarda təmir işlərinin aparılması müsbət haldır və mən bunu təqdir edirəm. Amma verilişdə belə təmirləri başqa kontekstdə təqdim etməyə çalışırdılar. 

Guya insanlar bu ziyarətgahlara gedib nəzir verməlidirlər və oranı təbliğ eləməlidirlər. Bu nə deməkdi?! Sovet dövründə heç bu qədər nadanlığın, cəhalətin təbliği aparılmırdı. Bunu İctimai televiziyanın efirində etmək daha zərərlidir. Az qalsın desinlər ki, hər universitetin həyətində ziyarətgah açmaq lazımdır. Biz müasir dövrdə Molla Xəlil kimyagərlər dövrünə qayıdırıqsa, hansı inkişafdan danışa bilərik? Bu gün biz elmdən, onun təbliğindən danışmalıyıq. Ona görə televiziyaların bu işini kəskin şəkildə qınayıram. Bu yolverilməzdir”.

Anar