Fazil Mustafa sosial şəbəkələri «abıra salmağın» 3 yolunu GÖSTƏRDİ





"Klaviatura arxasında söyüş söymək, təhqir etmək asandır. Gəl əyləş, müzakirə aparaq, diskusiyaya qoşul, görək, təhqirsiz, söyüşsüz cümlə qura bilirsənmi, fikrini ifadə edə bilirsənmi?!"

Sosial şəbəkələrdə bəzən yer alan təhqirlər Milli Məclisdə də gündəm mövzusu olub. Parlamentin ötən iclasında spiker Oqtay Əsədov bildirib ki, həqiqətən də sosial şəbəkələrdə tərbiyəsiz ifadələr yazılır: «Sosial şəbəkələri oxuyanda adam xəcalət çəkir. Nələr yazırlar Milli Məclisin, dövlət rəhbərliyinin adına… Ağızlarına gələni yazırlar. Mən də düşünürəm ki, təhqirə yol verənlərin qarşısının alınmasını fikirləşməliyik. İnsanlar bilməlidir ki, mentalitet təhqirə yol vermir. 

Artıq hər şeydən keçiblər. Bu belə davam etməməlidir». Millət vəkili Sahib Alıyev isə sosial şəbəkə ilə bağlı qanun hazırlanması təklifi ilə çıxış edib: «Azərbaycanda sosial şəbəkə ilə bağlı qanun hazırlanmalıdır. «Kütləvi İnformasiya Vasitələri haqqında» qanuna da yenidən baxılmalıdır. Orduxanlar, Vidadi isgəndərlilər və s. Onlar mənəviyyat terroru ilə məşğuldurlar. Bunların fiziki terror törədənlərdən fərqi yoxdur. Onlar cəmiyyət üçün qorxulu və təhlükəlidirlər. Bu cür terrorçuların qarşısı qanunvericilik yolu ilə alınmalıdır. Bu, son dərəcə əhəmiyyətli məsələdir. Hesab edirəm ki, tezliklə qanun qəbul edilməlidir».

Məsələ ilə bağlı «Şərq»ə danışan millət vəkili Fazil Mustafa sosial şəbəkələri «abıra salmağın» 3 yolu olduğunu dedi:

- Birincisi, hüquqi yoldur ki, Azərbaycanda yaşayan, Azərbaycan vətəndaşı olan istənilən şəxsi təhqirə görə məsuliyyətə cəlb etmək mümkündür, bunun üçün hüquqi baza mövcuddur. İkincisi, mənəvi yoldur ki, bu da ictimai qınaqdan ibarətdir. Üçüncüsü isə dövlətin malik olduğu arsenaldır. Hüquqi yolu dedik. Amma burada şəxsin məsuliyyətə cəlb edilməsində əlçatanlıq məsələsi də var. Tutalım, adam hansısa xarici ölkədə yaşayırsa, xarici ölkə vətəndaşıdırsa, əlçatanlıq aradan qalxır. 

Adam oturub xaricdə, saxta profillə təhqirlər yazır. Yəni burada qanunun yönləndirilə biləcəyi obyektin məchulluq məsələsi ortaya çıxır. Bu halda ikinci və üçüncü yollardan istifadə edilməlidir. Düşünürəm ki, təhqir kampaniyasını ictimaiyyətin nəzərində puça çıxarmaq, ictimai qınağa nail olmaq tamamilə mümkündür. Bunun üçün istedadlı şəxslər, ziyalıların iştirakı ilə müzakirələr, diskusiyalar təşkil edilməli və təhqirlə məşğul olan o şəxslər də polemikalara dəvət edilməlidir; 

Gəl bura görək, kimsən, söyüşdən savayı nəsə danışa bilirsənmi, mədəni mühitdə özünü necə göstərirsən. Klaviatura arxasında söyüş söymək, təhqir etmək asandır. Gəl əyləş, müzakirə aparaq, diskusiyaya qoşul, görək, təhqirsiz, söyüşsüz cümlə qura bilirsənmi, fikrini ifadə edə bilirsənmi?! Bu müzakirələri mədəni, tolerant adamlar təşkil etməlidir. Mədəni üslubun nə olduğunu göstərməlidirlər. Belə olduğu təqdirdə təhqir prosesi yeriməyəcək, dayanacaq. Amma bizdə bu mühit hamı tərəfindən pozulur. Suyun axacaq yeri olmayanda da bənd dağılır. Bu məsələni demokratik qaydalar çərçivəsində yoluna qoymaq olar. Göstərmək lazımdır ki, siyasətin dili mədəni, ədəbli dildir. Qınaq yolu da çox əhəmiyyətlidir. İnsanlar ictimai qınaqdan istər-istəməz çəkinirlər. Amma hazırda bizdə ictimai qınaq da azdır. 

O həddə gəlib çatmışıq ki, Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlanır. Ancaq təhqir, söyüş dili ilə danışan bir zümrə ortaya çıxıb. Onlarla mübarizə yalnız mədəni səviyyədə, demokratik qaydalarla aparılmalıdır. Harda ki, hüququn aliliyi təmin edilə bilir, hüquq dili ilə danışılmalıdır. 

Amma harda ki, bu mümkün deyil, belə adamları, onlardan fərqli olaraq mədəni, sivil siyasət dili ilə tərbiyələndirməyə və cəmiyyətə olduğu kimi göstərilmələrinə çalışılmalıdır. Bu da onların mədəni şəkildə müzakirələrə dəvət edilməsiylə mümkün olar. O zaman hər kəs görəcək ki, bu insanlar siyasi mədəniyyətə sahib deyillər.

Məlahət Rzayeva