“Bu səbəbdən dolların məzənnəsi dünya bazarlarında ciddi möhkəmlənməyib”
ABŞ Federal Ehtiyat Sisteminin (FED) qəbul etdiyi qərar gözlənildiyi kimi olmayıb. Bu barədə "APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. AMB-nin cavabında qeyd edilir ki, bu səbəbdən dolların məzənnəsi dünya bazarlarında ciddi möhkəmlənməyib:
"Digər tərəfdən isə belə qərar ölkəmizin valyuta bazarına gözlənti kimi psixoloji təsir edə bilərdi ki, bunun da iqtisadi əsası yoxdur. Belə ki, Azərbaycan Mərkəzi Bankının elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı, büdcə ehtiyacları üçün neft transferlərinin satışından asılıdır. Neftin qiyməti Azərbaycanda tədiyə balansı üzrə göstəricilərin uzunmüddətli dinamikasına təsir göstərən mühüm amil olsa da, son zamanlar tədiyə balansının məhsul və xidmət idxalı, qeyri-neft ixracı, birbaşa və portfel investisiyalar kimi digər mühüm komponentləri üzrə də əhəmiyyətli dəyişikliklər baş verməkdədir”.
Xatırladaq ki, iki günlük iclasın ardından iyunun 15-də FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5 faiz səviyyəsində saxlayıb. AMB-nin açıqlamasına münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, bütün dünya bilirdi ki, FED faiz dərəcələrini artırmayacaq: "AMB dünyadan xəbərsizdir. Onlar beynəlxalq iqtisadi aləmdə məşhur olan "Economics” kimi dərgilər oxusaydılar, bilərdilər ki, bir həftə öncədən bilinirdi ki, faiz artmayacaq. Əlbəttə, faizin artmaması dolların kəskin möhkəmlənməsinin qarşısını müvəqqəti də olsa aldı. Faiz artırılması dünyada dolların güclənməsinə səbəb olacaqdı. Amma kəskin bahalaşma olmadı. Bu da AMB-nin planlarını pozdu. Çünki AMB son 10 gündə FED toplantısını nəzərə alaraq manatın məzənnəsini 149-dan 152-yə qədər qaldırmışdı. Görünür, bunu FED-in toplantısı ilə bağlı edirdilər. Gözləyirdilər ki, daha kəskin addımlar atılsın və ən azından dolları 1.55 -1.56-a qədər qaldırsınlar. ABŞ təşkilatının belə qərar verməsi isə AMB-nin planlarını pozdu”. Ekspertin qənaətincə, Mərkəzi Bank manatın zəifləməsi prosesini davamlı şəkildə aparmaq istəyir: "Düşünmürəm ki, AMB kəskin devalvasiyaya getsin. Ona görə ki, 2 kəskin devalvasiya iqtisadiyyatımıza və bank sektoruna ciddi ziyan vurdu. Bunu AMB də anlayıb. Ona görə də, AMB manatın kəskin deyil, yumşaq şəkildə zəifləməsi prosesini aparacaq”.
Ayyət Əhməd