“Fərat Qalxanı”nın ikinci mərhələsi başladı
Türkiyə Suriyadakı terrorçuları tam təmizləməkdə israrlıdır
Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu Çobanbəy ilə Cerablus arasındakı əraziləri ələ keçirmək üçün "Fərat Qalxanı” əməliyyatının 2-ci mərhələsinə başlayıb. 90 kilometrlik ərazinin 39-na artıq müxaliflərin nəzarət etdiyi açıqlanıb. Məlumata görə, Sabuniyə, Qərbi Şeynat və Telşine kəndləri İŞİD-dən geri alınıb. Qeyd edək ki, türk ordusu 9-cu gündür ki, Suriyada hərbi əməliyyat aparır.
"Rusiyadan çağırış - PYD-ni vurmayın...”
Rusiya Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyəyə Suriyada kürdlərin də aralarında olduğu terrorçuları vurmamaq çağırışı edib. Zaxarova Türkiyənin keçirdiyi əməliyyatları yaxından izlədiklərini, bu əməliyyatların beynəlxalq hüquqa uyğun olmasını istədiklərini bildirib: "Türk Silahlı Qüvvələrinin Suriyanın şimalındakı hərəkətlərini diqqətlə izləyirik. Türkiyənin İŞİD-lə mübarizəsini biz də bölüşürük. Eyni zamanda beynəlxalq normalara əməl edilməsi və suveren bir dövlətin ərazisindəki hər cür aksiya üçün bu ölkənin qanuni hökumətindən razılıq alınması lazım olduğuna diqqət çəkirik. Türk tərəfdaşımızı Suriyalı kürdlərin də aralarında olduğu etnik qrupların yerləşdiyi nöqtələri vurmaqdan çəkinməyə çağırırıq”.
"Suriya problemində müttəfiqimiz Türkiyənin yanındayıq”
Türkiyədə səfərdə olan Avropa Parlamentinin sədri Martin Şults dövlət çevrilişi cəhdinə gərəkli reaksiyanı verə bilmədiklərini söyləyib. Şults bildirib ki, Fətullah Gülənin çevriliş cəhdinin başında durduğunu rəsmən bəyan edib: "Biz heç bir terrorçunu müdafiə etmirik. Həm FETÖ məsələsində, həm də Suriya problemində müttəfiqimiz Türkiyənin yanındayıq. Aİ-Türkiyə münasibətlərinin sabitlik içində qalmasına çalışmalıyıq. Birliklə Türkiyə arasında təhlükəsizlik müqaviləsi gündəmdədir”. Parlament sədri PYD lideri Saleh Müslimin Avropaya gedərək mətbuat konfransı keçirməsinə də toxunub: "Bu şəxsi səfərdir, qurumun dəvəti deyil. Parlamentin bir nümayəndəsi onu dəvət edib. Ancaq mən onun Avropada olmasına təəccübləndim. Şəxsən onu dəvət etməzdim. Söylədikləri öz fikirləridir”.
PKK-çıdan şok etiraf
Avqustun sonlarında Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar rayonunda hərbiçilərə təslim olan PKK üzvü sensasiyalı açıqlama verib. 2 il öncə təşkilata qoşulan terrorçu PYD-yə maddi yardımın hansı yollarla göndərildiyini açıqlayıb: "ABŞ, İngiltərə, Fransa, Kanada, Almaniya və İtaliya təyyarələrlə 50 min ton silah göndərib. PYD 15 iyul dövlət çevrilişini gözləyirdi. Məqsəd Türkiyədə Amed təhülkəsiz bölgəsinin yaradılması idi. Çevriliş cəhdi uğursuz olduğundan plan reallaşmadı. Silahlılar, sərhəd vilayətlər başda olmaqla, kürdlərin çoxluq təşkil etdiyi ərazilərdə xaos yaratmağı hədəfləyiblər. Təşkilatın əsas məqsədi Fərat çayının qərbini, Rakka və Cerablus daxil olmaqla, Aralıq dənizinə qədər bölgəni ələ keçirərək dəhliz yaratmaqdır. PYD-nin İŞİD-dən alınan bölgələrdə ilk işi neft quyularına nəzarəti təmin etməkdir. Çıxarılan nefti ABŞ şirkətləri daha ucuz qiymətə alır. Bu satışdan əldə olunan böyük pullar İsveçrə banklarına göndərilir”.
"Əfqan Alanın işində hər hansı nöqsan olmayıb”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün vəzifəsindən istefa verən Daxili işlər naziri Əfqan Ala barəsində açıqlama verib. "G-20” sammitində iştirak etmək üçün Çinə gedən Ərdoğan Esenboğa hava limanında təşkil etdiyi mətbuat konfransında Əfqan Alanın istefası ilə bağlı sualları cavablandırıb: "Hər bir hökumətdə zaman-zaman bu cür dəyişikliklər ola bilər. Hörmətli Baş nazirimiz iş yoldaşları ilə məsləhətləşmişdi və bunu mənə də söylədi. Onun irəli sürmüş olduğu tezislər tamamilə doğrudur. Daxili işlər nazirimizin də istefası ilə belə bir dəyişiklik həyata keçirilmiş olub. Sabiq səfirimiz Əfqan Alanın işində hər hansı bir nöqsan və başqa bir şey müzakirə mövzusu deyil. Açıq deyirəm ki, nə mənim, nə də Baş nazirimizin narazılığı yoxdur”.
Gülən camaatına növbəti zərbə
Türkiyədə Gülən camaatına qarşı aparılan istintaq çərçivəsində Hakim və Prokurorlar Yüksək Qurumunda FETÖ ilə əlaqəsi olan 543 hakim və prokuror peşəsindən kənarlaşdırılıb. Beləliklə də Gülən camaatına qarşı aparılan istintaq çərçivəsində vəzifəsindən kənarlaşdırılan ədliyyə işçilərinin sayı 3390 olub.
"Türkiyəyə 10 milyard ziyan vurulub”
Türkiyənin Baş naziri Binəli Yıldırım deyib ki, PKK terrorçuları Türkiyə iqtisadiyyatına 10 milyard dollar ziyan vurub. Baş nazir bildirib ki, hökumət son illər terror aktlarından zərər görən cənub-şərq vilayətlərinin inkişafı üçün yeni planlar hazırlayır.
İsmayıl