Fermerlərə 400 milyon dollar ayrılıbsa, bazarda niyə bahalıqdır?
Vahid Məhərrəmov: “Kənd Təsərrüfatı Nazirliyi əlini əlinin üstünə qoyub oturub”
"Avropa İttifaqı Azərbaycanda kənd təsərrüfatı sektoruna ən çox sərmayə yatıranlardan biridir. Bizim bir sıra layihələrimiz mövcuddur. Daha konkret desək, bizim hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə davam etməkdə olan bir əməkdaşlığımız var ki, bu çərçivədə 400 milyon ABŞ dolları məbləğində vəsait banklar vasitəsilə fermerlərə ayrılıb”.
Bu sözləri Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard KİV-ə açıqlamasında bildirib. M.Mard qeyd edib ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə aparılan ortaq işlərdən biri də elektron kənd təsərrüfatı proqramlarının genişləndirilməsi ilə bağlıdır. Bu da öz növbəsində subsidiyaların da təkmilləşdirilməsinə gətirib çıxaracaq.
M.Mard deyib ki, kənd təsərrüfatı sahəsində təhsilin daha yüksək səviyyəyə çatdırılması üçün də texniki peşə məktəbləri və ADA ilə birgə işləyirlər. Həmçinin, baytarlıq xidməti sahəsində davam etməkdə olan tvinning layihəsi də mövcuddur.
M.Mardın bu açıqlaması əsl şok effekti yaradıb. Ölkə əhalisi yerli kənd təsərrüfatı məhsullarına tamarzı qaldığı, hətta mövsümi meyvə-tərəvəzin qiyməti də "ceyran beli”ndən aşağı düşmədiyi, "yerli buğda sortları çörək bişirmə üçün münasib deyil, ancaq heyvanlar üçün yem ola bilər” deyib taxılın ölkəyə ixrac edildiyini və bu səbəbdən də çörəyin qiymətinin yüksəldilməsi məcburiyyətindən danışan məmurların, əslində, böyük maddi resurslardan düzgün və ya təyinatı üzrə istifadə etmədikləri üzə çıxdı. Kənd təsərrüfatı sektoruna ən çox sərmayə yatırmaq, fermerlərə 400 milyon dollar ayrılması nə deməkdi? Bu göstəricilərə görə camaat bolluqla qarşılaşmalıdır, heç olmasa, mövsümlərdə meyvə-tərəvəzin qiyməti sadə əhali üçün əlçatan olmalı idi. Bəs niyə belə deyil? Hazırda gilasın kiloqramı 2 manat, gilənar 2.50- 3 manat, çiyələk 2 manat, pomidor 1.80 - 2 manatdır. Hələ biz üzdə olan meyvə-tərəvəzi deyirik. Heç ərikdən, şaftalıdan danışmırıq. Səbəb nədir ki, kənd təsərrüfatı sektoruna bu qədər investisiya ayrıldığı halda, bu sahədə irəliləyiş və müsbət dəyişiklik yoxdur?
İqtisadçı-ekspert Vahid Məhərrəmov "Şərq”ə açıqlamasında bu qədər yüksək məbləğ müqabilində kənd təsərrüfatının çox sürətlə inkişaf etməli olduğunu dedi:
- Son illər kənd təsərrüfatı sektoruna ayrılan maliyyə vəsaitini nəzərə alsaq, bu sahədə sürətli inkişaf olmalıydı. Və əhali də bunun təzahürünü məhsulun həm qiymətində, həm də keyfiyyət və kəmiyyətində görməliydi. Eləcə də fermerlərin həyat səviyyəsi xeyli yaxşılaşmalıydı. Amma təəssüf ki, bunların heç biri müşahidə olunmur. Bazarlarda yenə qıtlıqdır, qiymətlər də bahadır. Fermerlər də əkib-becərməyə meyilli deyillər, çünki becərdikləri məhsuldan mənfəət əldə edə bilmirlər. Biz ayrılan investisiyaların kənd təsərrüfatı sektoruna müsbət təsirini görmədik, bu vəsaitlərdən sadəcə, bəzi adamlar bəhrələndilər. Elektron kənd təsərrüfatı hökuməti layihəsi həyata keçirilməliydi. Biz də təkliflərimizi vermişdik. Elektron portalda fermerləri maraqlandıran bütün məsələlər əksini tapmalıydı. İstehsal vasitələrinə olan ehtiyac, istehsal olunmuş məhsula bazardakı tələbat, məhsulun qiyməti... Fermer elektron portala daxil olub onu maraqlandıran bütün məlumatları əldə etməliydi və bunun sayəsində də fəaliyyətini düzgün tənzimləməliydi. Bunu çox asanlıqla həyata keçirmək mümkün idi. Necə ki, hazırda bu layihə keçmiş sovet respublikalarının bir çoxunda icra olunur. Fermer gərək hərtərəfli məlumatlı olsun ki, istehsalı ona görə tənzimləsin. Hətta qonşu ölkələrdə fermerlər haradan və hansı qiymətə yaxşı, keyfiyyətli toxum ala biləcəklərini də elektron portal vasitəsilə öyrənirlər. Fermer harada, hansı bazarda hansı məhsula tələbat olduğunu da öyrənir və məhsulunu ora aparır. Bizdə isə hələ də bu məsələlər həllini tapmayıb, digər tərəfdən bazarın tələbatını öyrənən fermerin bazarın qapısından içəri buraxılıb-buraxılmayacağı da sual altındadır. Çünki bizdə bazar rəqabəti yoxdur, əksinə, monopoliya var. Bakıya girişdə "Meyvəli” satış mərkəzi yaradılıb. Hamı bilir ki, o, məmurlara məxsusdur. "Meyvəli”də inhisarçılıqdı. Xidmət də bahadır. Rəqabət mühiti yoxdursa, seçim imkanı da yoxdur. Ancaq biz təklif etmişdik ki, regionlar üzrə bir neçə topdansatış mərkəzi yaradılsın. Məsələn, Şəmkir, Göyçay rayonları pomidor-xiyar üzrə ətraf rayonları əhatələsin, deyək ki, Tovuz-Gədəbəy-Cəlilabad kartofun qəbulu və satışı üzrə mərkəz rolunu oynasın. Eləcə də digər bölgələri müəyyən meyvə-tərəvəz üzrə mərkəzləşdirmək tamamilə mümkündür. Fermerlərin məlumat alması da çətin məsələ deyil. Birincisi, bu dəqiqə demək olar hamının mobil telefonu var, ikincisi, hər kənddə internet klublar var. Lap 3 kəndi 1 mərkəzdə birləşdirmək də olar. Bununla fermerlərin lazımi məlumatları əldə etməsi çox asan bir işdir. Bu layihənin icrası ilə bazarlardakı inhisarçılıq da aradan qaldırılar. Amma təəssüf ki, heç kim bu barədə düşünmək və işləmək istəmir. Görünür, mövcud durum bəzilərinə sərf edir.
V.Məhərrəmov hazırda mövsümi meyvə-tərəvəz qiymətlərinin çox baha olduğuna da toxundu:
- Kimsə qiymətlərin enəcəyini gözləməsin. Kənd təsərrüfatı ilə bağlı gözləntilər adətən bu sahəyə ayrılan investisiyalar fonunda hesablanır. Bu il isə kənd təsərrüfatına ayrılan vəsait 4 dəfə azalıb. Bu o deməkdir ki, fermer kredit vəsaiti əldə edə bilməyəcək, deməli, məhsuldarlığı artıra bilməyəcək, nəticə etibarilə suvarma, texniki vasitələr üçün lazım olan dəstəyi almayacaq.
Maliyyə resursları olmadan da keyfiyyət və kəmiyyət göstəricilərinin artacağını gözləmək absurddur. Fermerin - kəndlinin əldə etdiyi gəlir ancaq ailəsini dolandırmağa güclə yetir.
Avropa İttifaqının kənd təsərrüfatı sektoruna bu qədər böyük məbləğdə maliyyə ayırmasına rəğmən, bu sahədə müsbət dəyişiklik yoxdursa, deməli, həmin vəsaitlər fərqli formada mənimsənilib. Müxtəlif əsassız bəhanələr gətirirlər ki, əkin sahələrini dolu vurdu, nə bilim, yağış çox yağdı və s. və ilaxır. İndi nə zamandır ki, dolu qarşısında çarəsiz qalasan?! Rusiyada, Gürcüstanda, İranda hava şəraiti proqnozlaşdırılır və dolunun qarşısı alınır. Dolunu xüsusi vasitələrlə vurub yağışa çevirirlər. Yağışın bolluğu isə həmişə məhsuldarlığı artırır. Kənd Təsərrüfatı Nazirliyi əlini əlinin üstünə qoyub oturub. Bir dövlət məmuru ki, becərdiyi pomidoru sata bilməməsindən gileylənən kəndliyə, "a kişi, mən pomidor satana oxşayıram?!” cavabını verir, daha nə gözləyəsən? Sən pomidor satan deyilsən, ancaq kəndlinin əkib becərdiyi pomidoru sata bilməsini düzgün təşkil etməlisən. Nazirliyin əməkdaşları öz vəzifə funksiyalarını bilmirlər, bilənlərdən də məsləhət almaq istəmirlər.
Məlahət Rzayeva