İqtisadçı səbəb kimi 5 faktoru sadaladı
ABŞ-ın mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini illik 0,5-0,75 faiz səviyyəsindən 0,75-1 faiz qədər artırıb. Qərar FES-in mart ayı üzrə iclasının yekununda qəbul olunub.
Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin proqnozlarına görə, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375 faizədək artıracaq.
İqtisadçı-ekspert Pərviz Heydərov isə "Şərq”ə açıqlamasında ABŞ FES-nin baza faiz dərəcəsini artıraraq 1 faizə çatdırmasının manatın məzənnəsinə təsir etməyəcəyini deyib. Azərbaycan Mərkəzi Bank (AMB) da bu haqda açıqlama verdiyini vurğulayan ekspert deyib ki, Amerika mərkəzi bankının uçot dərəcəsini artıraraq 1 faizə çatdırması ilə bağlı qərarı AMB-nin monetar siyasətinə birbaşa təsir etməyəcək:
"Ümumiyyətlə, ölkəmizin valyuta bazarında yaranmış vəziyyətin real məğzi bundan ibarətdir ki, manatın məzənnəsi xeyli müddətdən sonra sabitləşib. Bunda isə bir neçə faktorun rolu var. Birincisi, xarici təsirlər, yəni neftin qiymətilə əlaqədar, o cümlədən qonşu ölkələrdə, ümumiyyətlə əsas ticarət tərəfdaşlarımızda devalvasiya proseslərinin səngiməsilə bağlı təzyiqlər azalıb. İkincisi, hökumət bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişib. Üçüncüsü, ölkədə pul-kredit siyasəti olduqca sərtləşdirilib. Dördüncüsü, valyuta alqı-satqısı mexanizminin özü də tamamilə yeni formaya transformasiya edilməklə təkmilləşdirilib, beşincisi isə ölkədə dollarizasiya prosesinin özü də ən zirvə nöqtəsinə çatdığından xarici valyutaya tələb minimum səviyyəyə enib”.
P.Heydərovun sözlərinə görə, FES-in uçot dərəcəsini qaldırmasının Azərbaycan manatına yalnız psixoloji təsirləri ola bilər ki, bu da əvvəlkilərə nisbətən olduqca cüzi xarakter daşıyacaq: "Çünki banklarda dollar çoxdur, manat isə əksinə, "yoxdur”. İdxal da əvvəlki həcmdə deyil. Çünki əvvəla, alıcılıq qabiliyyəti əvvəlki həddə deyil, ikincisi də işgüzar fəallıq səmərəlilik endiyindən və risk amilləri çoxaldığından "ölü vəziyyətdədir”.
Manatın ucuzlaşmayacağını vurğulayan iqtisadçının sözlərinə görə, dolların uçot dərəcəsinin artırılmasının yeganə mənfi cəhəti ondan ibarətdir ki, neft ucuzlaşa bilər: "Neftin 40 dollarədək enməsi isə dövlət gəlirləri onun ixracından asılı olan ölkələrin hamısına təhlükədir. Buna isə heç ABŞ-ın özü də hazır deyil. Ona görə də, FES-in qərarı sırf Amerika iqtisadiyyatı üçün hesablanmış bir addım kimi dəyərləndirilməlidir”.
Şəymən